hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Qlobal iqtisadi artım: “Neft perspektivdə strateji ehtiyat hesab edilməyəcək”

Qlobal iqtisadi artım: “Neft perspektivdə strateji ehtiyat hesab edilməyəcək”

Dünya Bankının yeni proqnozlarına əsasən, bu il qlobal ÜDM-in artım tempi 5,6 % səviyyəsində olacaq və bu dinamikanın son 80 ildə ən kəskin resessiyadan sonra olan artım kimi tarixə düşəcəyi güman edilir.

Dünya Bankının "Global Economic Prospects" adlı hesabatının iyun buraxılışında verilən məlumata görə, sözügedən artım əsasən, dünyanın aparıcı iqtisadiyyatlarının güclü bərpası hesabına baş verəcək.

İnkişafda olan ölkələr isə COVID-19 pandemiyasının təsirlərindən daha çox əziyyət çəkəcək və onların iqtisadiyyatlarının artım tempi nisbətən aşağı olacaq.

Regionların iqtisadiyyatlarına gəldikdə isə, bu il bank Şərqi Asiya və Sakit okean bölgəsində 7,7%-lik, Avropa və Mərkəzi Asiyada 3,9%-lik, Latın Amerikası və Karib dənizi regionunda 5,2%-lik, Orta Şərq və Şimali Afrikada 2,4%, Cənubi Asiyada isə 6,8% artımın olacağını proqnozlaşdırır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə bildirib ki, "Azərbaycan iqtisadiyyatının bərpası sürətlə davam edir".

Mütəxəssislər ölkədə hazırkı böyüməni necə dəyərləndirir və mövcud qlobal artım Azərbaycan iqtisadiyyatında nə dərəcədə müşahidə ediləcək?

Bununla bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı hökumətin 2021-ci il üzrə proqnozu 3,4 faizdir:

“Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun proqnozları var. Bu istiqamətdə və beynəlxalq qurumların proqnozları 2-4 faiz arasında dəyişir. İlin birinci rübündə Azərbaycanda müvafiq dinamikanı müşahidə etmək mümkün olmadı. Sadəcə, Azərbaycan iqtisadiyyatı resessiyadan staqnasiyaya keçib. Aprel ayında 0,2 faiz artım qeydə alınıb. Təbii ki, bizdəki iqtisadiyyatın strukturu nisbətən fərqlidir və bölgədə ümumiyyətlə, bərpa prosesi əsasən məhdudiyyətlərin aradan qaldırılması, pandemiya tədbirləri ilə əlaqədardır.

Yəni karantın qərarları hansı ölkələrdə daha tez aradan qaldırılırsa, açılma gedirsə o ölkədə iqtisadiyyatın bərpa sürəti nisbətən yüksək olur. Azərbaycanda demək olar ki, ikinci faktor, neftin qiyməti məsələsi özünü göstərir.

İqtisadiyyatın əhəmiyyətli hissəsinin məhz neftdən asılı olması, zəif diversifikasiya 2020-ci ildə iqtisadiyyatın nisbətin daha az zərər görməsinə gətirib çıxardı. Çünki iqtisadiyyat demək olar ki, yoxdu. Ona görə də bərpa prosesi qlobal templə müqayisədə nisbətən daha zəif gedəcək. Bizdə ümumi prosesi tam təsəvvür etmək üçün statistikanın keyfiyyəti zəifdir. Ona görə də tam olaraq görmək olmur ki, reallıqda vəziyyət necədir. Reallıqda bu sürət hökumətin rəqəmləri ilə müqayisədə nisbətən daha yüksəkdir. Artıq bizim müşahidələr də onu götərir ki, müəyyən qədər hökumətin açılma, yumşalma ilə bağlı qəbul etdiyi qərarlar nəticəsində inkişaf meyilliyi var”.

Ekspertin fikrincə, ümumiyyətlə, neft perspektivdə strateji ehtiyat hesab edilməyəcək və artıq bu istiqamətdə trendlər də müşahidə edilir:

“Ancaq qısamüddətli məsələyə baxsaq, yəni növbəti 5 il ərzində, hələlik 2021-ci ildə neftin orta qiymətinin 65 dollar ətrafında, növbəti ildə 60,5, Beynəlxalq Enerji Agentliyi 61, ABŞ Enerji İdarəsi 60,5 dollar proqnozlaşdırır və bu da indiki halda qanedicidir. Uzunmüddətli strateji iqtisadiyyatın neftdən xilas edilməsi, şaxələndirmə olmalıdır”.

Nigar
Cebhe.info


Oxunma sayı: 1013