hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Razi Nurullayev: “Milli Banka o qiymətə bina tikilsə, çoxları ölkəni tərk edəcək, elə mən də”

Razi Nurullayev: “Milli Banka o qiymətə bina tikilsə, çoxları ölkəni tərk edəcək, elə mən də”

“Milli Banka 160 metrlik, 37 mərtəbəli, 450 milyon manatlıq bina tikintisi nəyə və kimə lazımdır? Şəxsən mənə lazım deyil, xalqa da lazım deyil. Brilliantdan, qızıldan tikəcəklər bunu? Özümə gələ bilmirəm, çünki xalqın içindəyəm”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev bildirib.

“Mərkəzi Banka 450 milyon manatlıq bina tikilirsə, bundan böyük biabırçılıq, özbaşınalıq ola bilməz. Qarabağın bərpası üçün 2.2 milyard manat vəsait ayrılıb. Bu, o vəsaitin 4/1-dir. Üstəlik də o bankın binası var. Yenisi nəyə lazımdır?!

“YAŞAT” Fonduna, Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Qarabağın Dirçəlişi Fonduna, Silahlı Qüvvələr Yardım Fonduna və digərlərinə pul dilənirik, kasıb-kusubun əməkhaqqından tutub ora köçürürük, bunlar da yarım milyard manata özlərinə bina tikirlər. Bunu nə yer götürər, nə də göy!"

Deputat qeyd edib ki, ölkədə kasib insanlar çoxdur.

"Böyük bina tikməklə bizə varlı deyəcəklər?! Azərbaycanda ifrat dərəcədə kasıb yaşayan insanlar var. Mən getdiyim yerlərdə az qala acından ölən insanlar gördüm! Müxtəlif yerlərə - görüşlərə gedirəm, orda yaxasını dartıb cıran, əlacsız, kömək istəyən minlərlə insan görürəm!

Kasıb insanlar təzə tikilən binanı görəndən sonra varlı yaşayacaqlar?! Dövlət idarələrinə çoxmərtəbəli, təmtəraqlı binalar tikiləndə, insanlarımız yaxşı yaşayacaq?! O boyda pulu bir binanın tikintisinə sırf etmək bu ölkənin harasına yaraşır?

Nədi-nədi, xaricilər gələcək, şəkil çəkdirəcəklər ki, Azərbaycan Dubaya bənzəyir. Mənə Dubaya bənzəyən Azərbaycan lazım deyil, mənə Nyu-Yorka bənzəyən Azərbaycan lazım deyil, mənə Moskvaya bənzəyən Azərbaycan lazım deyil, mənə Tokioya bənzəyən şəhər lazım deyil!

Mənə insanın bərabər, xoşbəxt, ləyaqətli yaşadığı Azərbaycan lazımdır. O binaları o vaxt tikə bilərsən ki, sənin vətəndaşlara xərcləyəcəyin vəsaitdən artıq vəsaitin var. Belə bir vəsaiti Azərbaycan büdcəsində görmürəm. Bu bizim hamımızı ələ salmaq və dövlətin sosial dövlət olduğu deyimini heçə endirməkdir.

Hazırkı fikrim isə belədir: layihə mütləq dayandırılmalıdır! Əgər o bina tikilsə, gələcəyə inamını itirərək çoxları ölkəni tərk edəcək, elə mən də”,- deyə millət vəkili bildirib.

Cebhe.info


Oxunma sayı: 69708