hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Razi Nurullayev: “Rəngli inqilablar dövrü keçib”

Razi Nurullayev: “Rəngli inqilablar dövrü keçib”

19 oktyabrda baş verənlər  cəmiyyətdə müzakirə mövzusu olaraq qalır.

Cebhe.info xəbər verir ki, AXCP sədri Razi Nurullayev də 19 oktyabr mitinqinə münasibət bildirib:

“19 oktyabrda Milli Şuranın keçirdiyi icazəsiz mitinqi doğru saymıram. Məhz icazəsiz mitinq zamanı baş verən xoşagəlməz hadisələr də elə bu səbəbdən oldu. Bu gün ölkə tarixində olmayan çətin dövrlərdən keçir. Həm daxildən, həm də xaricdən ölkəyə təsəvvür edilməz dərəcədə basqılar var. Bu basqılara rəğmən, ölkə Prezidenti islahatları dərinləşdirmək və xalqın vəziyyətini yüngülləşdirmək üçün addımlar atmaqda israrlı görünür. 15 oktyabrda Prezident keçirdiyi müşavirədə çox ciddi problemlərdən və onların həlli yollarından danışıb. Prezident hakimiyyətdə olduğu illərdə ilk dəfə olaraq belə açıq çıxış edir və konkret olaraq xalqdan dəstək istəyirdi.

Belə bir həssas zamanda təbii ki, israrla hakimiyyətdən şəhər daxilində aksiyaların keçirilməsi üçün yerin təmin edilməsini tələb etmək lazım idi. Biz bunu deyirdik. Amma hakimiyyətə güc göstəmək yolu seçməyin aqibəti əvvəlcədən məlum idi. Gözləmək lazım idi. Neçə illərdir ki, əksər siyasi partiyalar və biz konkret dəyişikliklər, xalqın güzəranının yaxşılaşdırılması, islahatların dərinləşdirilməsi və siyasi partiyaların normal fəaliyyəti üçün qanunun tələb etdiyi formada imkanların yaradılmasını tələb edirdik. Bu gün bunun yerinə yetirilməsi üçün addımların atıldığını görürük. Prezidentin sərəncamları ilə əhalinin bank borcları demək olar ki, tam olaraq bağışlanır. Minimum əməkhaqqı, sosial yardımlar, pensiyalar müəyyən qədər artırıldı. 2020-ci ildən məcburu tibbi sığorta bütün Azərbaycan boyu tətbiq ediləcək. "Uşaq pulları"nın verilməsi ilə bağlı müəyyən araşdırmalar aparılır və bərpa edilməsinə ciddi inam yaranıb.

Hazırda iqtidar partiyası da ağır dönəmdən keçir və müsbət addımlar atmaqda israrlı olduğu təsiri bağışlayır. İnsanlar, təşkilatlar ağır dönəmdən keçəndə, daha həssas olurlar. Belə bir vəziyyətdə Əli Kərimlinin təkidi ilə Milli Şuranın icazəsiz mitinq çağırması və onu şəhərin mərkəzində keçirməsi yanlış addım idi və nəticəsi də hələ uzun müddət müzakirə mövzusu olacaq.

Deməliyəm ki, iqtidar, o cümlədən, cəmiyyətin müəyyən bir kəsimi icazəsiz aksiyaların keçirilməsini hakimiyyətin zor yolu ilə devrilməsinə cəhd kimi qiymətləndirdiklərindən adekvat addımlar atırlar. Bu adekvat addımlar da asayişin bərpa edilməsi adı altında bəzən gücün tətbiqi ilə müşayiət olunur. Küçəyə dəvət olunan insanlar incidilir, xəsarət alır, həbs edilir və gərəksiz yerə təqiblərə mərzu qalırlar. Başa düşmək olmur ki, Əli Kərimli hara tələsir. Sanki bir ayın içində, yaxid maksimum bir neçə ayın içində inqilab edərək hakimiyyətə gəlmək istəyir. Bu qədər tələskənlik, bu qədər təşviş, bu qədər qeyri-adekvatlıq ümumi müxalifətin mübarizəsini kölgə altına alır və bir çox insanları da qorxudaraq mübarizədən çəkindirir.

Biz partiya olaraq, zorun, aqressiyanın, həbslərin, qeyri-adekvatlığın qəti şəkildə əleyhinəyik. Heç bir vətəndaşın burnunun da qanamasını arzulamırıq və digərləri ilə yanaşı, xəsarət alan Əli Kərimlinin də düşdüyü vəziyyətə acıyırıq. Biz hakimiyyəti daha adekvat davranmağa və güc tətbiqindən kənar dayanmağa səsləyirik. Kimliyindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, insanlara zor təbiq edilməsinə normal yanaşa bilmərik. Biz hakimiyyətdən həbs edilən etirazçıların da dərhal azad edilməsini istəyirik!

Kaş ki, bütün bunlar olmasaydı. Bu gün icazəsiz aksiyalara ehtiyac da yox idi. Aksiyaların keçirilməsinə, nəinki normal yanaşıram və inanıram ki, hər bir cəmiyyətdə bunlar baş verir və verəcək də. Azərbaycan da dünyanın bir parçası kimi etiraz aksiyalarının keçirilməsinə daha dözümlü yanaşmalıdır. Birqütblü cəmiyyətlərin olması mümkün deyil!

Hər bir partiya, siyasi xadim hakimiyyətə gəlmək üçün çalışır. Biz hakimiyyətə gəlməyin yolunu seçkilərdə görürük. Əgər azad və ədalətli seçkilərin keçirilməsinə inam yoxdursa, əvvəllərdə olduğu kimi, Seçki Məcəlləsinin dəyişdirilməsi, MSK-nın yenidən formalaşdırılması, real olaraq iqtidar və müxalifət dialoqunun aparılması üçün səylər göstərmək vacibdir. Azərbaycanda dəyişiklik baş verəcəksə, bu, mütləq şəkildə seçkilər zamanı olacaq. Seçkidənkənar bütün cəhdlər - istər dinc, istər zor yolu ilə nəticə verə bilməz. Rəngli inqilablar dövrü keçib. Suriyada dinc inqilablar qanlı savaşa çevrildi, amma Bəşər Əsəd hakimiyyətdən getdimi?

Əksinə, indi ona qarşı olanların ona ciddi rəğbəti yaranmağa başlayıb. Milli Şura bilməlidir ki, indiki məqamda tələskənlik təndirə düşməkdir. Bu da baş verdi! Allah xalqımızı düşünülməmiş hərəkətlərdən, zordan və ədələtsizlikdən qorusun!” 

Cebhe.info


Oxunma sayı: 4896