hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Razi Nurullayevdən sərt tənqid: “Özü üçün çalışan, dağıdan, bütün reformist fikirləri boğan məmur kütləsi var..."

Razi Nurullayevdən sərt tənqid: “Özü üçün çalışan, dağıdan, bütün reformist fikirləri boğan məmur kütləsi var..."

“Bu gün "Ələt azad ticarət zonası haqqında" Qanunu müzakirə edirik və təbii ki, bəyənirəm və səs verəcəyəm. Bizim xeyli iş adamımız, xeyli xarici sahibkar gözünü bura dikib. Amma işlərin sürəti ürəkaçan deyil. Biz bu zonanı istifadəyə verəndə, gözümüzü açıb görəcəyik ki, qonşu ölkələr bazarı tutub. Əlsində, artıq bazar tutulub desək yanılmarıq. Həm dost Türkmənistan, İran və Qazaxıstanda artıq dəniz terminalları tikilib və ya sonuncu mərhələsindədir. Azad ticarət zonalarının yaradılması yüz minlərlə iş yeri, istehsal, yüzlərlə xarici şirkətin ölkəyə gəlməsi və milyardlarla vəsait yatırması deməkdir”.

Cebhe.info xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, azad ticarət zonaları haqqında ayrıca qanun qəbul edilməli və azad iqtisadi zonalar da bunun əsasında işləməlidir:

“Neçə illərdir Ələt azad ticarət zonasını işə sala və qanunvericiliyi də dünya standartları səviyyəsində qəbul edə bilməmişik. Yadımdadır ki, 90-cı illərin ortalarında BMT-nin regional əlaqələndiricisi var idi. Adını unutmuşam, azad ticarət zonasının yaradılması üçün ölkəmizdə qapı qalmadı döydü, amma bu işə start verilmədi. Mən onun səylərini və çabalarını xatırlayıram, ürək ağrısı ilə şikayətlərini də dinləmişdim.

Deyirdi ki, əgər indi qəbul etsəniz, 15-20 ilə Azərbaycan Dubaya çatar. Qəbul etməsəniz, neft pulları sel kimi gəlsə də, arzu etdiyiniz inkişafa nail ola bilməyəcəksiniz. Açıq deyirdi ki, korrupsioner məmurlar buna imkan vermir. Hər kəs soruşur ki, mənə nə xeyri olacaq, maksimum bu gün və sabah. Doğrudan da həmin zaman xeyli vəzifəli şəxs ölkəni talayır, dağıdırdı və ancaq özü üçün çalışırdı. Bu, özü üçün çalışmaq, dağıtmaq və bütün reformist fikirləri boğan məmur kütləsi ölkəmizi gətirib 2021-ci ilə gətirib çıxarıb, amma hələ də bizim qanunumuz yoxdur”.

Razi Nurullayev bildirib ki, onların başı dövlət əmlakını qəpik-quruşa özəlləşdirib xaricə daşımağa qarışıb:

“Baş qarışdı bütün torpaqları özəlləşdirməyə və almağa. İndi ölkə boyu bir qarış torpaq tapılmır ki, dövlət obyektləri tikilsin. Bu qədər torpaq həvəskarı olanlar və hər qarışın üzərinə qanad sərib "mənimdir" deyən xeyli adamlar necə imkan verdi ki, 20% torpağımız 30 il düşmən tapdağı altında qaldı, onu başa düşmürəm. Şükür ki, cənab Prezidentin düzgün zaman seçməsi, qətiyyəti, ordumuzun əsgər və zabitlərinin rəşadəti ilə o torpaqları azad etdik.

Dünyada mövcud olan azad iqtisadi zona tipindən ölkəmizdə cəmi biri işləkdir. Bu da sənaye zona və məhəllələridir. Qalanları azad ticarət zonaları, xüsusi gömrük zonaları, xüsusi ticarət-sənaye zonaları, texniki-iqtisadi inkişaf zonaları, yeni və yüksək texnologiyanın inkişafı zonaları, açıq rayonlar və Offşor zonaları isə ya yoxdur, ya da ərazi ayrılıb, hasarlanıb, qalıb günəşin altında. Bu məsələləri həll etmək üçün xarici mütəxəssislərə ehtiyac var. Onlardan 200-300 nəfəri gətirək, lap Azərbaycan vətəndaşlığı da verək, qoy işləsinlər. Elə özümüz özümüzü aldatmaqla məşğuluq. Hər kəs də deyir, hər şeyi bilirəm, sonunda sıfır nəticə. Allah Azərbaycanı qorusun!”

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 6733