hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Rəfail Becanov Elinanın ölümündən yazdı:"Beynimizin də islahata ehtiyacı var"

Rəfail Becanov Elinanın ölümündən yazdı:"Beynimizin də islahata ehtiyacı var"

Rəfail Becanov,  "Cümhuriyət" qəzetinin baş redaktoru

Bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər" mövzusunda keçirilən konfrans Bakının Səbail rayonundakı 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharına fərdi münasibət bildirməyimə səbəb oldu.

Konfrans zamanı reqlament və çıxış kateqoriyası qane etmədiyindən, medianın baş verən hadisəyə yanaşması haqqında danışmadım. Konfransdan daha erkən gedəsi oldum və yazmaq qərarına gəldim. 

Birinci ondan başlayaq ki, baş verən intihardımı? Xeyr, intihar deyil, intihara cəhddir. İntihar alınmayıb, xəstəxanaya aparılan Elina 2 gün sonra ölüb. 

İkincisi, günahkar kimdir? Birmənalı şəkildə günahkar yoxdur, dərəcəli günahkarlar var. 

Bu sırada ilk yeri məktəbə və təhsilə nəzarət edən qurumlar tutur. Elinanın diskriminasiyaya məruz qaldığını məktəb rəhbərliyi bilib, amma tədbir görməyib. Əksinə, onun intihar cəhdindən belə gələcəkdə özünü sığortalamaq üçün istifadə etməyə çalışıb. Onun xəstəxanaya çatdırılmasını ləngidib. 

Üçüncüsü, Elina dediyimiz kimi, intihar etməyib, intihara cəhd edib. Ölüm faktı 2 gün sonra xəstəxanada olub. Deməli, düzgün həkim müdaxiləsi olmayıb. Valideynləri aldadılıb, oksigen aparatı qoşulmayıb.

Dördüncü məsələ isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə məktəblərlə işləmir, problemli, yaxud çətin tərbiyə olunan uşaqları müəyyənləşdirmir. 
Ailənin günahı da ola bilər, amma bu, müzakirə predmeti olmamalıdır. Çünki ailədə problem varsa belə, məktəb və komitə birlikdə bunu müəyyənləşdirməli, ölçü götürməliydi. Təəssüf ki, nə Təhsil Nazirliyi, nə də komitə bu kimi məsələlərlə məşğul olur. 

Sonuncu isə media məsələsidir. Media xəbər ötürücüsüdür. Çalarından asılı olmayaraq hadisə baş verib və media onu işıqlandırmağa borcludur. Çünki 21-ci əsrin 19-20-ci illərində media yazmasa da,  "Facebook", "YouTube", "İnstagram", "Odnoklassnik," "VKontakte", "Twitter" kimi böyük sosial şəbəkələrdə yazılacaq, videolar yerləşdiriləcək, səs yazıları yayımlanacaq. 

Ən nəhayət isə niyə mövzuya media və ya cəmiyyət bu qədər həssasdır? Çünki cavabdeh qurumlar baş verən neqativ hadisələrin qarşısını almaq əvəzinə olayları gizlətməyə çalışırlar. Fevralın 21-də daha bir məktəblinin ölümünə səbəb olan hadisə baş verib. Xəzər rayonundakı 123 saylı məktəbdə. Orada da ölüm faktı qeydə alınmayıb, amma uşaq xəstəxanaya yerləşdiriləndən bir neçə gün sonra ölüb. Hadisə isə ictimaiyyətdən gizlədilib. 

Bax belə...

Hələ çox islahata ehtiyac var. İnanırıq ki, bu islahatlar olacaq. Prezident bu islahatları davam etdirəcək və məmurların səriştəsizliyi ucbatından baş verən problemləri təkbaşına olsa da, həll edəcək. Necə ki, Elina olayına həm Prezident özü, həm də Birinci vitse-prezident tərəfindən dərhal müdaxilə edildi və nəzarətə götürüldü. Təhsil naziri yalnız bundan sonra direktoru işdən azad etdi (dünəndən səlahiyyətləri dayandırılmışdı). Belə olmaz axı! 

Geniş mənada bizim düşüncələrimizdə, yanaşmalarımızda islahatı kimdən istəyək? Kimsə başımızın içində də islahat etməlidir? Tapşırılan vəzifəni yerinə yetirmək, dostbazlıq etməmək üçün beynimizin də islahata ehtiyacı var.

Cebhe.info


Oxunma sayı: 2321