hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rəfail Becanov: ""Muzdlular kralı" kimi məşhuru olan Fransa dünyada heç nəyi həll etmir"

Rəfail Becanov: ""Muzdlular kralı" kimi məşhuru olan Fransa dünyada heç nəyi həll etmir"

“Fransa Azərbaycanın haqq işinə kölgə salmaq, müxtəlif yollarla bizə təzyiq etmək istəyir. Onun bu münasibəti ATƏT-in Minsk Qrupunun həmsədri kimi mövqeyinin göstəricisidir. Tərəfsiz, problemin ədalətli həll olunmasına məsuliyyətli bir ölkənin sərgilədiyi indiki mövqe əslində onun Ermənistanın tərəf-müqabili olmasını sübut edir. Azərbaycan nə edib? Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edib. Fransanın da üzv olduğu BMT TŞ-nin 4 qətnamısini təkbaşına yerinə yetirib. De-yure bizim olan, Azərbaycanın qanuni torpaqlarını de-fakto özümüzə qaytarıb. Məgər Fransa və ya bir başqa dövlət o əraziləri bizim hesab etmirdimi?”

Bunu “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov Fransanın Azərbaycana qarşı qərəzli münasibətindən doğan siyasətinə münasibət bildirərkən deyib.

Baş redaktor qeyd edib ki, Fransanın Azərbaycana qarşı mövqeyi qərəzdən və ermənilərin mənafeyindən çıxış etməsindən irəli gəlir:

“Əgər Fransa ədalətlidirsə, dünyaya sırınan qədər demokratik ölkədirsə, Ermənistanın humanitar atəşkəs ilə bağlı bütün razılaşmaları kobud şəkildə pozub, Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhərlərinə - Gəncə, Bərdə, Tərtər və digər ərazilərinə zərbə endirəndə niyə susurdu? Bu göstərir ki, Fransa üçün insan hüquq və azadlıqları, ərazi bütövlüyü sadəcə, sözdür. Çünki özü də zamanında Ermənistan kimi işğalçılıq siyasəti həyata keçirən dövlətlərdən olub. Bu, tarixi faktlarla sübut olunur.

1945-ci ildə alman işğalından azad olan Fransa yenidən müstəmləkə mülkiyyətini qoruyub saxlamaq üçün fəal şəkildə güc tətbiq etməyə başladı. Xüsusilə Vyetnam və Əlcəzairdə milyonlarla insanın qətlinin təşkilatçısı oldu. Azərbaycanın işi və həyata keçirdiyi əməliyyatlar isə tarixi ədalətin bərpasıdır. Bu, heç etnik münaqişə də deyil. Azərbaycanın tarixi ərazilərinə iddia edən və onu işğal edən Ermənistana, onun silahlı qüvvələrinə, separatçılardan düzəltdiyi hərbi birləşmələrə qarşı aparılan əməliyyatdır. Bu əməliyyatı da Azərbaycan ordusu həyata keçirib və torpaqlarımızı 30 illik erməni işğalından azad edib”.

R.Becanovun fikrincə, yenə də Fransanın bəzi dairələri erməni yalanlarına uyur :

“Bu müharibəyə Azərbaycan və Türkiyənin xarici muzdluları cəlb etməsi ilə bağlı avantürist mövqedən çıxış edirlər. Azərbaycan və Türkiyə xarici muzdlulardan istifadə etməkdə ittiham olunur. Bütün dünya bilir ki, bu ittihamların heç bir əsası yoxdur. Fransa vaxtilə bu tip metodlardan istifadə etdiyinə görə bizləri də bu gözdə görməyə çalışır.

20-ci əsrin ikinci yarısında muzdluların istifadəsində əsas lider dövlətlərdən biri Fransa olub. İkinci Dünya Müharibəsindən sonra de-kolonizasiya sürətlənirdi. Müstəmləkəçiliyi saxlamaq mümkün deyildi. Bunun nəticəsində də Afrika və Asiyadakı bir sıra fransız müstəmləkəsi müstəqil dövlətə çevrildi. Lakin Fransa bununla barışmaq istəmirdi. O, ölkələrin, xalqların Fransanın təsir dairəsindən çıxmasını istəmədiyindən başqa bir formada gücdən istifadə etmək yolunu tutdu. Özünün dövlət və rəsmi strukturlardan istifadə mənfi təsir doğura bilərdi deyə beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq, muzdluların xidmətindən fəal və geniş istifadə etməyə başladı. Bütün bunlar tarixi faktlardır.

Dünyada “muzdlular kralı” kimi məşhurlaşan Bob Denarın fəaliyyəti, onun Afrikada törətdiyi terror hücumları uzaq tarix deyil. Belə bir tarixi keçmişi olan Fransanın mövqeyi dünyada heç nəyi həll etmir. Dağlıq Qarabağda fəaliyyət göstərən erməni separatçılarının, onların hər hansı rejimlərinin heç bir hüquqi əsası yoxdur. Ona görə də bu rejimi indiyə qədər tanıyan olmayıb, bundan sonra da özünü demokratik sayan hər hansı təşkilat və ya ölkənin tanıyacağı inandırıcı deyil. Fransanın bu rejimlə bağlı açdığı müzakirələr də qeyri-qanuni aktdır. Bu kimi addımlar beynəlxalq və milli hüquqlara ziddir. Onlar Azərbaycana münasibətdə qeyri-dost xarakteri daşıyır.

Azərbaycan haqq yolundadır və Fransanın dəstəklədiyi ermənilər də bizim torpaqlarımızda Azərbaycan qanunlarına uyğun yaşamağa davam edə bilərlər. Lakin bu dəfə separatizm olmadan...

Çünki Azərbaycan artıq güclü dövlətdir. Azərbaycan şərqin ilk demokratik dövlətidir. Bunu Fransada da yaxşı bilirlər...”

Cebhe.info


Oxunma sayı: 6623

Bizim Telegram səhifəmizi izləyin