hava haqqinda Bakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8952
  • NEFT - $ 70.44
  • clouds-weather

Rəsulzadə azərbaycanlıları güllələnmədən necə xilas etdi? - MÜSAHİBƏ 

Rəsulzadə azərbaycanlıları güllələnmədən necə xilas etdi? - MÜSAHİBƏ 

“Bir kərə yüksələn bayraq bir daha enməz”. Bayraq endi, ancaq bir daha yüksəldi. 

Bu ifadənin müəllifi, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə isə həyatının bir hissəsini mühacirətdə keçirmək məcburiyyətində qaldı. Mühacirətdə olarkən sürgünə göndərilən ailə üzvləri faciəvi şəkildə öldü. Vətəndən didərgin salınması, doğmalarının faciəvi ölümləri Məhəmməd Əmin Rəsulzadənin vətən, Azərbaycan naminə fəaliyyətindən usandırmadı. İkinci Dünya Müharibəsi ərəfəsində yaranmış yeni siyasi vəziyyətdə Azərbaycanı və azərbaycanlıları xilas etmək istiqamətində fəaliyyətini davam etdirdi. 

Bu gün böyük ictimai-siyasi xadim, publisist Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Tarixçi alim Nəsiman Yaqublu ilə müsahibəmizdə Rəsulzadənin mühacirətdə olarkən fəaliyyətinə, İkinci Dünya Müharibəsində tutduğu mövqe ilə bağlı məqamlara toxunduq. 

- Azərbaycan işğal edildikdən sonra Rəsulzadə bir müddət nəzarət altında Moskvada qalıb. Sonra isə Almaniya, Finlandiya və Türkiyədə yaşayır. Türkiyədə azadlıq mübarizəsinə başlayır. Yəni, Rəsulzadənin mühacir fəaliyyəti məhz Türkiyəyə gəldiyi dövrdən 1922-ci ilin dekabrından başlayıb. Bu zamandan Türkiyədə yaşayan azərbaycanlıları ətrafına yığmağa çalışıb və Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib. 1923-cü ilin may ayında “Azərbaycan Cümhuriyəti” kitabını çap etdirib və Türkiyə ictimaiyyətini Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti ilə tanış edib. Bu, çox böyük bir hadisə idi. Bu günə qədər heç kim bilmir ki, Azərbaycan tarixi haqqında ilk mükəmməl kitabı yazıb, Avropa ictimaiyyətinə çatdıran Məhəmməd Əmin Rəsulzadə olub. 1923-cü ildə sentyabr ayında “Yeni Qafqaziyyə” jurnalını çap etdirdi və Azərbaycan mühacirət mətbuatının əsasını qoydu. Eyni zamanda, Müsavat Partiyasının Xarici Əlaqələr Bürosunu yaradıb. Bir ildən sonra Azərbaycan Milli Mərkəzinin yaradılmasında böyük rolu olub, mühacirləri təşkilatlandırıb və Sovet rejiminə qarşı öz mübarizəsini davam etdirib.

- Rəsulzadənin İkinci Dünya Müharibəsində göstərdiyi fəaliyyətlə bağlı müxtəlif iddialar var... 

- Rəsulzadə Türkiyədən sonra Fransada, sonra 1939-cu ilə qədər Polşada yaşayıb. Burada da fəaliyyətini davam etdirib, kitab, bülletenlər çap etdirib, məqamlar yazıb, müxtəlif tədbirlər keçirib. İkinci Dünya Müharibəsi başlanandan sonra o, Rumıniyada, bir müddət sonra Almaniyada yaşayıb. Almaniyaya gəlməyinin əsas səbəbi almanlar tərəfindən əsir götürülən çoxsaylı azərbaycanlını xilas etmək idi. Bəzi mənbələrdə 50, bəzi mənbələrdə isə 70 min azərbaycanlı əsirin yəhudilərlə eyniləşdirilərək güllələnməyə məhkum edildiyi qeyd olunub. 

Məsələn, 1941-ci ilin dekabr ayında bir gündə 1500 azərbaycanlı yəhudilərlə eyniləşdirilib qətlə yetirilmişdi. Ona görə də Rəsulzadə çalışırdı ki, alman hökumət dairələri ilə əlaqə saxlayıb azərbaycanlıları xilas etsin. Bu istiqamətdə Almaniyanın Şərq naziri Alfred Rozenberq, Şərq Nazirliyində Qafqaz şöbəsinin müdiri, professor fon Mende, Türkiyədən gələn generallar Nuru Paşa ilə Hüsni Əmir Ərkilət Paşa ilə birlikdə almanları inandıra bildilər ki, azərbaycanlıları aşağı təbəqəyə malik şəxs kimi qəbul etməsinlər. Çünki Hitlerin ümumu təsnifatına görə, aşağı təbəqəyə aid edilən xalqlar arasında azərbaycanlılar, Asiyadan olan türklər də var idi. Rəsulzadənin II Dünya Müharibəsində əsas fəaliyyət istiqaməti azərbaycanlıları xilas etmək idi, buna da nail oldu. Çoxsaylı azərbaycanlılar xilas edildi.

- Azərbaycanlılardan ibarət legionların yaradılmasında Məhəmməd Əmin Rəsulzadənin rolu var idimi?

- O dövrdə Hitler legionların - könüllü birliklərin yaradılmasında maraqlı deyildi. Amma tədricən onu inandırdılar ki, əsirlərdən ibarət legionlar yaradaraq, onları Sovet hökumətinə qarşı döyüşməsini təmin etmək olar. Həmin vaxt azərbaycanlılardan ibarət legionerlər yaratmağa başladılar. Təbiidir ki, həmin danışıqlarda Rəsulzadənin də iştirakı olmuşdu. Rəsulzadənin legionların yaradılmasında məqsədi o insanların sağ qalmasını təmin etmək idi. 

Bu istiqamətdə Rəsulzadənin dəstəyi ilə yanaşı, əsas işi görən Əbdülrəhman Fətəlibəyli-Dudənginski idi. O, hərbi legionerlərin komandiri sayılırdı. Burada Rəsulzadənin Hitler Almaniyası ilə fikir ayrılığı yarandı. Almanlar bütün legionerləri milliyyətindən asılı olmayaraq, döyüş bölgəsinə göndərirdi. Rəsulzadə isə hesab edirdi ki, azərbaycanlı legionerlər öz azadlıqları uğrunda mübarizə aparan Avropa xalqlarına qarşı döyüşməməlidirlər. Məsələn, yuqaslavlara, çexlərə, bolqarlara, rumınlara qarşı silah işlədilməməlidir. Fikir ayrılıqlarına görə 1943-cü ilin avqust ayında Rəsulzadə Almaniya hökumətində təmsil olunan şəxslərin rəsmi qərarı ilə bu ölkəni tərk etmək məcburiyyətində qaldı. Sonra müharibə bitənədək Rumıniyada yaşadı. Sonra yenidən Almaniyaya getdi. Burada Azərbaycan Demokrat Birliyi yaradıb, müharibədən sonra qalan azərbaycanlıları Sovet hökumətinin qətliamından xilas etmək istiqamətində fəaliyyətini davam etdirdi. İkinci dəfə mühacir təşkilatı yaradaraq onları xilas etdi. Əsasən onları Türkiyəyə, ərəb ölkələrinə göndərirdi ki, onlar Sovet ordusunun əlinə keçməsinlər. Çünki Sovet ordusu onları həbs edən kimi güllələyirdi.

- Rəsulzadənin Hitlerlə şəxsi görüşü olubmu? Bəzən belə iddialar səslənir ki, Rəsulzadə Hitlerlə görüşüb və Azərbaycanın gələcək taleyini müzakirə edib...

- Rəsulzadənin Hitlerlə heç bir görüşü olmayıb. O, bu əlaqələri Şərq naziri Alfred Rozenberq və Nazirlikdə Qafqaz Şöbəsinin müdiri professor fol Mende ilə qurmuşdu. Rəsulzadə bütün danışıqlarda Azərbaycanın müstəqilliyi məsələsini qoyurdu. 1918-1920-ci ilə qədər Azərbaycanın müstəqil dövlət olduğunu bildirirdi və yenidən müstəqilliyinin bərpasını istəyirdi. Danışıqlar bu istiqamətdə aparılırdı.

- Səslənən iddialardan biri də Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin SSRİ dövlət təhlükəsizlik xidməti əməkdaşı olması və Məhəmməd Əmin Rəsulzadəni qətlə yetirməklə bağlı təlimat almasıdır...

- Mənim bu haqda məlumatım yoxdur. 

- Sonda istərdim ki, Rəsulzadənin Türkiyədə dəfn mərasimindən danışasınız. Dəfnin fotoşəkilləri var və həmin fotolarda AXC liderinin təntənəli şəkildə dəfn edildiyi görünür.

- Rəsulzadə 1955-ci ilin mart ayında Ankara şəhərində dünyasını dəyişib. Dəfnin təşkilatçısı onun özünün yaratdığı Azərbaycan Kültür Dərnəyi olub. O dövrdə Ankara rəsmi dairələrinin də iştirakı ilə onu “Əsri” məzarlığında dəfn etdilər. Dəfndə çoxsaylı azərbaycanlılar, Türkiyədə yaşayan digər xalqların nümayəndələri, tanınmış şəxsiyyətlər iştirak edib. Məhəmməd Əmin Rəsulzadənin dəfni böyük təntənə ilə keçirilib. O dövrün bütün mətbuatında Rəsulzadənin vəfatı azadlıq uğrunda mübarizə aparan bütün xalqların itkisi kimi təqdim edilib.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 2916