hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Rövşən Rzayev onları qəbul etdi

Rövşən Rzayev onları qəbul etdi

İyunun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Britaniya və Avstraliyadan olan nümayəndə heyətini - Ros Corc Evans, Alban Martin Ceyms Nyuman və Pörsiy Mark Edvardanı qəbul edib.

Cebhe.info xəbər verir ki, görüş zamanı komitə sədri Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçılıq, etnik təmizləmə, soyqırımı siyasəti haqqında ətraflı məlumat verib. Ermənilərin müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarına köçürüldükləri, burada yerləşdirildikdən sonra ərazi iddiaları irəli sürərək, vaxtaşırı milli-etnik zəmində iğtişaşlar törətdikləri qeyd edilib. 1988-93-cü illərdə baş vermiş münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının öz yurdunu tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olduğu diqqətə çatdırılıb. Bu humanitar fəlakətin fəsadlarının aradan qalıdırılmasında Azərbaycan dövlətinə beynəlxalq təşkilatların da dəstək göstərdiyi bildirilib.

Komitə sədri 44 günlük Vətən müharibəsində Ermənistanın işğalından azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdışına hazırlıq görülməsi barədə məlumat verib. Qeyd edilib ki, məcburi köçkünlərin mütləq əksəriyyəti tezliklə doğma yurda qayıtmaq arzusundadır. Beynəlxalq normalara uyğun olaraq, qayıdışın könüllülük prinsipi əsasında, təhlükəsiz şəraitdə və ləyaqətlə həyata keçirilməsi üçün Azərbaycan dövləti bütün zəruri tədbirləri görür. Bu sahədə əsas prioritet ərazilərin minalardan və partlayıcı qalıqlardan təmizlənməsidir. Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi bu prosesi ləngidir, azərbaycanlı hərbçilər və mülki şəxslər arasında günbəgün artan tələfata səbəb olur. Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana təzyiq göstərməlidir.

Komitə sədri Böyük Britaniyanın Azərbaycanın azad edilmiş ərazilərinin minadan təmizlənməsi sahəsindəki fəaliyyətinə verdiyi dəstəyi vurğulayıb və buna görə təşəkkür edib.

Həmçinin, qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti haqqında da qonaqlara məlumat verilib. Bildirilib ki, onların sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin verdiyi tapşırıqlar icra olunub. Birinci vitse-prezident xanım Mehriban Əliyeva onların müraciətlərinə daim həssaslıqla yanaşıb. İndiyədək qaçqınlar və məcburi köçkünlər üçün 115 qəsəbə və yaşayış kompleksi salınıb, bu kateqoriyadan olan 300 mindən çox insan yeni mənzillərə köçürülüb. İşğaldan azad edilmiş ərazilərdə də onların layiqli həyat səviyyəsinin təmin edilməsi üçün zəruri tədbirlər görüləcək, “ağıllı kənd", “ağıllı şəhər”lər salınacaq.

Məcburi köçkünlərin qayıdışı ilə bağlı həyata keçirilən işlərə beynəlxalq təşkilatların cəlb edildiyi, onlarla əməkdaşlıq edildiyi də diqqətə çatdırılıb. Eyni zamanda vurğulanıb ki, dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda ermənilərin də vətəndaş hüquq və azadlıqlarından istifadə edərək digər millətlərin nümayəndələri ilə birgə dinc və təhlükəsiz yaşaması üçün şərait vardır.

Qonaqlar bildirib ki, ötən gün Azərbaycana səfər zamanı işğaldan azad edilmiş Ağdam şəhərində olublar. Oradakı mövcud vəziyyəti – dağıdılmış evlərin, kəndlərin, məktəblərin qalıqlarını öz gözləri ilə müşahidə ediblər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Cebhe.info


Oxunma sayı: 815