hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Rus dilində təhsil: Modası keçməyən ənənə, yoxsa gələcək vəzifə hərisliyi?

Rus dilində təhsil: Modası keçməyən ənənə, yoxsa gələcək vəzifə hərisliyi?

Azərbaycanda müstəqillik dövründən bəri rusdilli məktəblər, dövlət hesabına tədrisin rus dilində olması müzakirə mövzusu olub.

Müəyyən dövrdə ölkəmizdə rus dilinə maraq və tələb azalsa da, övladlarının rus dilində təhsil almasını istəyən valideynlər indi də kifayət qədərdir. Xüsusilə son illər rus dilində tədrisə maraq bu dili ümumiyyətlə bilməyən valideynlər arasında da artır.

Azərbaycanda rus dilində təhsilə marağın artmasının səbəbi nədir? Niyə bir ölkədə dövlət hesabına rusdilli məktəblər olmalıdır? Bu, tələbdir, yoxsa dəb?

Bu mövzunun müzakirəsində cəmiyyət iki qrupa bölünür, bəziləri rusdilli təhsilin milli məfkurəmizə ziyan vurmayacağını, bəziləri isə rus dilində təhsil alanların “Anamın Kitabı”ndakı Rüstəm obrazına dönüşəcəyini düşünürlər. Elə bu mövzuda fikirlərini öyrəndiyimiz ekspertlər də fərqli fikirlər səsləndiriblər.

Cebhe.info-ya danışan təhsil eksperti Elşən Qafarov bunun bir neçə səbəbinin olduğunu deyib:

“Sovetlər dönəmindən bu yana Azərbaycanda rus bölməsi həmişə olub. Əslində, hazırda rus bölməsində təhsil alan şagirdlərin sayı ölkədə təhsil alan ümumi şagirdlərin, yəni 1 milyon 600 min şagirdin 15 faizini keçmir. Rus dilində təhsil almağa meyilin çoxalmasına gəldikdə isə, özüm məktəb direktoru olduğum dönəmdə hər iki bölmədə tədris var idi. Təcrübə yaşayan biri kimi deyə bilərəm ki, burada həm dəb, həm də ehtiyac var. Dəbi bilirik.

Reallıq budur ki, bizim dövlət məktəbləri ümumtəhsilin dövlət standartlarını həyata keçirə bilmir. Yəni insanlarda elə bir fikir yaranmasın ki, rus bölməsində hər şey yaxşıdır, təhsil keyfiyyətlidir, ona görə valideynlər belə seçim edirlər. Ancaq valideynlər bilirlər ki, övladları burada ən azı bir xarici dili öyrənmiş olur. İnsanların rus dilində tədrisə mənfi hücumunun heç bir əsası yoxdur. Rus dilini bilmək və rus dilində təhsil almaq bizdə qorxu yaratmamalıdır”.

Ekspert hesab edir ki, rusdilli təhsilin dövlət hesabına olmasında da heç bir problem yoxdur:

“Qaldı ki, həmin təhsilin dövlət hesabına olmasına, xarici dildə təhsil almaq imkanı yaradılan yeganə rus bölmələridir. Nəyə görə kasıb, ödənişli təhsil almaq imkanı olmayan şəxslər xarici dildə təhsil almaq imkanından məhrum edilməlidir? Əgər düşünürlərsə ki, rus bölməsində oxuyanlar elə rusca fikirləşirlər, bu, çox yanlışdır. Rusiya dövləti ayrı şeydir, rus dili ayrı. Rusiya mətbuatı tamamailə ermənilərin, erməni əsilli adamların əlindədir.

Çünki rus dilində təhsil alıblar və buna görə də irəliyə gedə biliblər. Mənim övladımı ingilis dili kursuna qoymağa imkanım yoxdur, onda mənim uşağım oxumamalıdır? Belə çıxır ki, sosial təbəqələşmə çox sürətlə gedir və millilik pərdəsi altında sosial təbəqə bir az da güclənir. Əgər ingilis dilində bölmə açılsa, rus dilinə də çox axın olmayacaq. Valideynlər ona görə rusdilli məktəblərə axın edirlər ki, övladları dil öyrənsinlər. Düşünmürəm ki, bu gün ümumtəhsildə rus bölməsinin olması milli məfkurəmizə ziyandır, bu, yalançı milliyətçilikdir”.

Sosioloq Əhməd Qəşəmoğlusa deyir ki, əvvəllər rusdilli məktəblərdə təhsil müqayisədə daha yaxşı idi:

“Burada bir neçə amil nəzərə alınır. Birinci, ənənəvi olaraq insanlarda belə bir fikir formalaşıb ki, rus bölməsini qurtaranlar gələcəklərini daha yaxşı qururlar. Qabaqlar rus bölməsində təhsil, tədris mühiti daha yaxşı idi. Bu onunla bağlı idi ki, əvvəla rus bölməsində dərs deyən müəllimlərin öz səviyyəsi də yüksək idi. Çünki bizim məktəblərin bir çoxunda uzun illərdir, 60-cı illərin ortalarından pedaqoji təhsil verən müəssisələrdə rüşvət halları daha çox yayılmışdı. Eyni zamanda, pedaqoji kolleclərdə dəhşətli dərəcədə rüşvət vardı. Bir çox bölgələrdə- Gəncə, Naxçıvan, Şamaxı və digər bölgələrdə pedaqoji kolleclər açıldı və hamı bilirdi ki, həmin kolleclərə nə qədər pul verib daxil olmaq, nə qədər pulla da həmin kolleci bitirmək olar.

Bu, biabırçı rüşvət təhsilimizi korladı və müəllimlərin keyfiyyətini aşağı saldı. Digər tərəfdən, rus bölməsində əvvəllər dərsliklərin keyfiyyəti də yaxşı idi. Bu fikrin formalaşmasında digər təsiredici məsələ isə rus dilində təhsil alanların rusdilli olmaları ilə fəxr etmələri və dil bilməkləri hesablarına mühüm vəzifələrin çoxuna yiyələnmələri idi. O ənənə indi də müəyyən mənada davam edir. İndi də köhnə rusdillilər, yəni rus dilində təhsil alan ata və babalarda belə bir kult qalıb, onlar da öz nəvələrini rus bölməsində tədrisə cəlb edirlər. Bir fakt da odur ki, əhalinin bir hissəsi işləmək üçün Rusiyaya gedir. Rusiyanın hər hansı bölgəsinə getsək, orada azərbaycanlı ilə rastlaşa bilərik. Ona görə də valideynlər də fikirləşirlər ki, mənim uşağım rus dilini yaxşı bilsə, Rusiyada daha yaxşı mövqe tuta bilər. Bu amil də indiki vaxtda buna təsir edir”.

Sosioloq rusdilli məktəblərdə milli ruhun yetərincə aşılanmamasından narahatdır:

“Daha sonra da ölkədəki Rusiyaya meyilli məmurlar da rusdilliləri daha çox önə çəkirlər. İnsanlar hiss edirlər ki, bu bölmədə təhsil alanlar maddi cəhətdən də yaxşı mövqedədirlər. Mən ad günü, nişan və digər məclislərin qeyd olunduğu istirahət mərkəzində müşahidə apardım. Baxdım ki, həmin zalların əksəriyyətində daha çox milli musiqi səslənmir. Bir sosioloq üçün bu, o deməkdir ki, burada milli ruhlu insanlar o qədər də çox deyil . Yəni bu təmtərağı keçirənlər milli musiqiyə əhəmiyyət verənlər deyillər. Bunu görən əhalidə də belə bir fikir formalaşır ki, rus bölməsi uşağımın gələcəyi üçün daha yaxşıdır. Rus dilində tədris verən məktəblərinin sayının artması qorxulu hal deyil. Əgər o rusdilli məktəblərdə təhsil alanları həqiqi Azərbaycan vətəndaşı, vətənpərvər insan kimi yetişdirsək, burada heç bir problem yoxdur. Biz indi rusdilli düşmənlə də üz-üzəyik.

Rus dilində bilən insanlara ehtiyac var. Amma o rus məktəbləri elə təşkil olunub ki, əksinə Azərbaycan bölməsinə həmin şagirdlərin özləri yuxarıdan aşağı baxır. Deməli, biz orada təhsili arzu olunan səviyyədə qurmamışıq, o uşaqlar vətənpərvər yetişmir. Bu da çox təhlükəlidir. Belə çıxır ki, həmin uşaqları gələcəkdə ölkənin əleyhinə işlədə bilərlər. Ən qorxulu cəhət odur. Azərbaycan bölməsində oxumaq daha yaxşıdır. Çünki adam öz ana dilini öyrənəndə onun potensialı daha çox artır. Ona görə də biz təhsil sistemini elə qurmalıyıq ki, uşaqlar xarici dilləri də yaxşı öyrənsinlər, ən başlıcası isə vətənpərvər, milli təhsil konsepsiyamız əsasənda təhsil alsınlar. Mən 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Univeristetində “Milli təhsil Konsepsiyası”nı təqdim etmişəm, amma hələ də onunla heç kim maraqlanmayıb. Baxın, bəla buradadır”.

Günay Şahmar
Cebhe.info


Oxunma sayı: 1728