hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Rus-türk ittifaqı pozularsa: Dünyanı nə gözləyir? – BİZİM TƏHLİL

Rus-türk ittifaqı pozularsa: Dünyanı nə gözləyir? – BİZİM TƏHLİL

Prezident seçilən Cozef Baydenin inauqurasiyasından sonra ABŞ-ın xarici siyasətində yeni dönəm başlayır.

Bu baxımdan, Bayden administrasiyasının Türkiyə ilə münasibətləri əsas prioritetlərdən birini təşkil edir. Çünki Baydenin Türkiyə siyasəti həm Yaxın və Orta Şərq, həm Cənubi Qafqaz, eyni zamanda Rusiya ilə münasibətlərə ciddi təsir göstərəcək. Cozef Baydenin vitse-prezident olduğu 2008-2016-cı illərdən fərqli olaraq, Türkiyənin regionda geosiyasi rolu və çəkisi xeyli artıb. Ona görə də Ağ Evin yeni rəhbəri özünün yeni xarici siyasətində Türkiyə amili ilə qarşılaşmalı olacaq. Ancaq ABŞ-Türkiyə münasibətlərinin yeni mərhələdə hansı müstəvidə yer alacağı hələ tan müəyyənləşməyib.

Bu prosesin qarşıdurma şəklində davam edəcəyi, yaxud əksinə, tərəflər arasında yaxınlaşmanın baş verəcəyinə dair kifayət qədər əsaslı arqumentlər gətirilir. Çünki iki ölkə arasında həll olunmamış mübahisəli məsələlər var. Eləcə də, Prezident Baydenin elan etdiyi yeni strateji hədəflərə Türkiyə amilini nəzərə almadan çatmaq mümkün deyil. Bu mənda, ilk növbədə Türkiyəyə yanaşma Bayden administrasiyasının Rusiya ilə bağlı siyasətində açar rolunu oynaya bilər. Artıq 46-cı prezidentin başlıca hədəfinin Rusiyanın beynəlxalq siyasi mövqelərini zəiflətməkdən ibarət olacağı məlumdur. Co Baydenin və Konqresin hər iki palatasında çoxluq təşkil edən Demokratlar Partiyasının Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edəcəyi gözlənilir. ABŞ-dan gələn məlumatlar, həmçinin siyasi ekspertlərin proqnozları Baydenin prezidentliyə başlamasından sonra xüsusilə, Ukrayna, Belarus istiqamətində və Yaxın Şərqdə Rusiya ilə “soyuq müharibə”nin artacağından xəbər verir.

Rusiyaya qarşı sanksiyaların tətbiqində insan hüquqlarının pozulması mühüm amillərdən birini təşkil edəcək. Hətta Bayden Rusiyanı beynəlxalq pul köçürmə sistemi olan “SWIFT”dən çıxartmağı təklif edir. Lakin Rusiyanın nə qədər zəiflədilməsi ABŞ-Türkiyə münasibətlərinin gləcək perspektivindən asılı olacaq. Son illər Türkiyənin müstəqil xarici siyasət yürütməsi, həmçinin Qərblə münasibətlərdə yaranmış ziddiyyətlər Rusiya üçün geniş geosiyasi manevr imkanları açdı. Bu, özünü həm ABŞ-la, həm də NATO ilə münasibətlərdə açıq şəkildə göstərdi.

Türkiyənin Suriya böhranı ilə bağlı Astana format çərçivəsində Rusiya ilə taktiki müttəfiqlik qurması Kremlin Yaxın Şərqdə mövqelərinin güclənməsində və həmin münaqişədə qələbə çalmasına səbəb oldu. Eyni zamanda, rəsmi Ankara ilə NATO rəhbərliyi arasında fikir ayrılığının yaranmasından məharətlə istifadə edən Rusiya alyansın ən güclü üzvlərindən birini öz tərəfinə çəkməyi bacardı. Bu isə Rusiyanın “S-400” zenit raket komplekslərinin Türkiyəyə satılması, yəni NATO məkanına daxil olması ilə nəticələndi.

Son aylar isə bu əməkdaşlığı Cənubi Qafqazda-Dağlıq Qarabağ müharibəsi ətrafında görmək mümkündür.

Rusiya ATƏT-in Minsk Qrupundakı həmkarları olan ABŞ və Fransanı prosesdən kənarlaşdıraraq Türkiyənin iştirakı ilə münaqişənin həllində yeni format yaradıb. Bununla da Rusiya ABŞ-da prezident seçkilərində yaranmış aralıq dövrdən istifadə edərək preventiv addımlar atmaqla Cənubi Qafqazda mövqelərini gücləndirib. Bu baxımdan, Türkiyə amili ABŞ-ın təzyiqlərindən yayınmaq üçün Rusiya üçün dayaq rolunu oynayır. Ancaq Ərdoğan hakimiyyətinin dəstəyi hesabına güclənmiş Rusiya artıq Türkiyənin özü üçün problemə çevrilməyə başlayıb.

Ona görə də son zamanlar beynəlxalq müşahidəçilər bu iki ölkəni strateji tərədaşdan daha çox rəqib kimi nəzərdən keçirir. Bu rəqabətin artması özünü Suriyada, Liviyada, Dağlıq Qarabağda, Ukraynada və digər yerlərdə göstərir.

Türkiyə rəhbərliyinin Avropa Birliyi və ABŞ-la yaxınlaşmaq istiqamətində verdiyi mesajlar da məhz Rusiya faktoru ilə bağlıdır. Görünür, Rusiyadan uzaqlaşmağa qərar vermiş Ankara artıq onunla hesablaşmaq istəməyən Kremlə təzyiq vasitələrini işə salmaqla yanaşı, Bayden administrasiyasının da hədəfinə çevrilmək istəmir. Lakin ABŞ-Türkiyə-Rusiya münasibətlərinin gələcək vəziyyəti ilk növbədə, prezident Baydenin məsələyə yanaşmasından asılı olacaq. ABŞ-ın yeni prezidenti Türkiyəyə, əsasən də prezident Ərdoğana rəğbəti olmayan siyasətçi kimi tanınır. Co Bayden Türkiyəyə təzyiqlərin Rusiyanın xeyrinə işləyən və NATO-nu zəiflədən amil olmasının da fərqindədir. Əks halda, o prezident Donald Trampın siyasi səhvlərini təkrarlamış olar. Bayden Rusiyanı geosiayasi güc mərkəzi zəiflətmək üçün Ankara ilə barışığa üstünlük verməlidir.

Bu, Rusiyanın həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda təklənməsinə kömək edə bilər. Türkiyə və Rusiya arasında müşahidə olunan geosiyasi maraqlar toqquşması ABŞ-ın yeni rəhbərliyi üçün əlverişli şərait yaradır. Əgər Bayden Türkiyəyə münasibətdə Barak Obamanın yol verdiyi səhvləri təkrarlasa, Baydenin özünə düşmən hesab etdiyi prezident Putin NATO daxilində yaranmış qarşıdurmadan növbəti dəfə faydalanmağa çalışacaq. ABŞ-ın Türkiyəyə təzyiqləri Moskva ilə yaxınlaşmaq məcburiyyətində qalan Ankara üçün də yaxşı perspektiv vəd etmir.

Güclü siyasi oyunçu olan Putin Türkiyənin Qərbdəki müttəfiqlərini itirməsindən istifadə edərək Ankaraya öz siyasi şərtlərini qəbul etdirmək imkanı qazanacaq. Nəticədə, Rusiyanın mövqelərinin Türkiyəni sıxışdırmasını dünyanın başqa bölgələrində olduğu kimi Dağlıq Qarabağda da görmək olar. Digər tərəfdən, Türkiyə ilə yaxınlaşma Co Baydenə NATO-nu gücləndirmək strategiyasını həyata keçirmək üçün lazımdır. ABŞ-ın xarici siyasətində yeni prioritetlərdən biri Transatlantik inteqrasiyanın sürətləndirilməsindən ibarədir. Təbii ki, Türkiyənin iştirakı olmadan bu mümkün deyil.

Ona görə də Prezident Bayden NATO-nun güclənməsi və şərqə doğru genişlənməsi üçün Ərdoğan hakimiyyəti ilə kompromisə nail olmalıdır. Yəni Bayden subyektiv münasibətləri kənara qoyub praqmatik siyasətə üstünlük verəcəyi təqdirdə, Rusiya ilə bağlı planlarını reallaşdırmaq imkanı qazana bilər. Siyasi ekspertlərin fikrincə, Türkiyə-ABŞ münasibətlərinin normal məcraya düşməsi üç məsələnin həllindən asılıdır.

Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaları aşmaqda günahlandırılan “Halkbank”a qarşı davam edən məhkəmə prosesi bu mövzulardan biridir. Yeni rəhbərliyin ABŞ prezidenti Donald Trampdan fərqli olaraq məhkəmə prosesinə təsir göstərməyə çalışmayacağı gözlənilir. Qeyd edilən səbəbdən, “Halkbank”ın barəsində cəza qərarının çıxarılacağı istisna edilmir.

İkinci vacib problem “S-400-lər”lə bağlıdir. Tramp administrasiyası, Rusiyadan silah aldığına görə, ABŞ-ın Düşmənlərinə Sanksiyalarla Mübarizə Qanunu (CAATSA) çərçivəsində, 2020-ci il dekabrın 14-də Türkiyəyə sanksiya tətbiq edib. Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbər şəxsləri qadağala məruz qalıb. “S-400” problemi gələcəkdə həll edilməsə, Bayden administrasiyası qanundakı digər sanksiya maddələrini də tətbiq etmək səlahiyyətinə malikdir. Sanksiyaalrın aradan qaldırılmasının əsas şərti isə Türkiyənin “S-400” sistemlərini istifadəsindən və ərazisindən çıxartmaqdan ibarətdir.

Bu məsələnin 20 yanvar tarixindən sonra baş tutacaq Ankara-Vaşinqton dialoqunda gündəmə gəlməsi gözlənilir. ABŞ-ın Türkiyəyə güzəştə gedəcəyi inandırıcı görünmür. Ancaq Türkiyə sanksiyaların ləğvinə nail olmaq üçün raketləri xaricdəki hərbi bazalarından birinə yerləşdirə bilər.

Üçüncüsü, 15 İyul çevriliş cəhdinə görə, FETÖ terror təşkilatının lideri, hazırda Pensilvaniya ştatında yaşayan Fəthullah Gülənin ekstradisiyası ilə bağlıdır. Bayden administrasiyasının bu məsələdə Türkiyənin gözləntilərini doğruldacağı gözlənilmir. Regional məsələlərdə ən əhəmiyyətli fikir ayrılığı ABŞ rəhbərliyinin Suriyada YPG terror təşkilatına ə dəstək verməsi ilə bağlı olacaq.

“S-400” mübahisəsini ən vacib ikitərəfli problem kimi görən Vaşinqtondan fərqli olaraq, Ankara ABŞ-ın YPG ilə əməkdaşlığını əsas müzakirə olunmalı mövzu hesab edir. Ankaranın mövqeyinə görə, YPG Obamanın prezidentliyi dövründə İŞİD-lə mübarizədə yerli güc tərəfdaşı kimi yaradılıb. Ona görə də Bayden və komandası bu siyasəti gücləndirəcək. Ancaq Bayden administrasiyasının NATO və bölgə üçün əhəmiyyətli bir ölkə olan Türkiyə ilə münasibətləri pozmayacağı, Ankaranın "Yeni bir səhifə açaq" təklifinə müsbət cavab verəcəyi ehtimalı da stünlük təşkil edir. Göründüyü kimi, Co Baydenin Ağ Evə gəlişindən sonra Türkiyə ilə münasibətlərin qaydaya salınması heç də asan olmayacaq.

Buna baxmayaraq, tərəfləri yaxınlaşdıracaq pozitiv səbəblər də az deyil. Prezident Baydenin dövlət katibi postuna təyin etdiyi Antoni Blinken bu baxımdan, əlaqələrin bərpasında mühüm rol oynaya bilər. Çünki Blinken ABŞ istiblişmentində və ümumiyyətlə demokratların düşərgəsində Türkiyəyə ən isti münasibəti ilə tanınan siyasətçilərdən sayılır.

Blinken ABŞ-da Türkiyəni yaxşı tanıyan şəxslərdən biri olmaqla yanaşı, Obama administrasiyasında çalışarkən, Ankaraya qarşı sanksiyalar təklifinin qatı əleyhinə çıxıb. Məhz belə bir şəxsin ABŞ-ın xarici siyasətinə rəhbərlik etməsi tərəflər arasındakı ziddiyyəti aradan qaldıracaq mühüm amil hesab edilir. Eyni zamanda, prezident Ərdoğanın son günlər Türkiyənin Avropa Birliyinə üzv olması, Gömrük sazişinə yenidən baxılması istiqamətində verdiyi müzakirələrə başlaması ABŞ-ın yeni rəhbərliyi ilə yaxınlaşmağa hesablanmış siyasi gediş kimi dəyərləndirilir. Ancaq bu prosesin reallaşması üçün həm ABŞ-ın, həm də Avropa Birliyinin insan hüquqları ilə bağlı Türkiyədən tələbləri var.

Ona görə də rəsmi Ankaranın anlaşmaya nail olmaq üçün, siyasi məhbusların azadlığa buraxılması kimi müəyyən kompromis addımlar atacağı istisna edilmir. Eləcə də Türkiyə artıq öz istehsalı olan raketdən müdafiə sistemlərinin ilkin sınağını keçirib. Yaxın vaxtlarda “S-400” problemi ilə bağlı da Qərblə anlaşmaya nail ola bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 7338