hava haqqinda Bakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.9181
  • NEFT - $ 66.75
  • clouds-weather

Rusiya daha bir savaşa hazırlaşır: BU DƏFƏ XƏZƏRDƏ

Rusiya daha bir savaşa hazırlaşır: BU DƏFƏ XƏZƏRDƏ

Rusiya Müdafiə Nazirliyi Xəzər dənizi yaxınlığında “Kaspiy” radiolokasiya bölüyü yerləşdirib. 

“İzvestiya” qəzetinin Rusiya Müdafiə Nazirliyinə istinadən yazdığına görə, “Kaspiy” bölüyü P-18RT radarları ilə komplektləşdirilib. Bu cür radarlar istənilən hündürlükdə hədəfləri aşkar edə, real vaxt rejimində təyyarələri və Hava Hücumundan Müdafiə sistemlərini hədəflərə yönləndirə bilir. Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, yeni texnika imkanlarına görə uzaq radiolokasiya axtarışı təyyarələrindən geri qalmır.

Bildirilir ki, “Kaspiy” bölüyü Dağıstan Respublikasının Kaspiysk şəhərində yerləşir və Rusiyanın Xəzər donanmasının infrastrukturunun, habelə Hava Hücumundan Müdafiə və gəmilərin Raket Hücumundan Müdafiənin əsas elementi sayılır.

Rusiyanın Xəzərdə hərbi fəallığını artırması sahilyanı ölkələrin təhlükəsizliyi üçün problem yarada bilər. Bu isə, Xəzər dənizinin hüquqi statusuna dair Aktau Konvensiyasının pozulması anlamına gəlir. Halbuki, beş sahilyanı dövlətin razılaşdırdığı konvensiyada Xəzər dənizinin sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, güc işlətməmək və güc işlətməklə hədələməmək, hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimad tədbirlərinə öngörənlik və şəffaflıq ruhuna riayət edilməsi prinsipləri öz əksini tapıb. Həmin sənəd kənar dövlətin Xəzər dənizində hərbi fəaliyyətini qadağan edir. 

Yəni, bu sənədlə ABŞ, NATO, Türkiyə silahlı qüvvələrinin Xəzərin hövzəsində iştirakının qarşısının alınması bölgədə Rusiya və İranla mümkün qarşıdurma təhlükəsini aradan qaldırır. Lakin Rusiyanın son addımları əvvəlcədən proqnozlaşdırıldığı kimi Xəzər dənizində hərbi üstünlüyünü artırmaq cəhdlərindən xəbər verir. Xüsusilə də, Azərbaycanın və Qazaxıstanın ABŞ-la, o cümlədən NATO ilə hərbi əməkdaşlığının artması, yaxud Türkmənistanın təbii qaz ehtiyatlarını Avropa bazarlarına çıxartmaq istəyi Xəzər dənizində Rusiyanın ciddi hərbi müqaviməti ilə rastlaşa bilər.

Politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, Rusiyanın Xəzər sahilində radiolakasiya sistemləri yerləşdirməsi ilk baxışdan müdafiə xarakterli addım sayılır. Bu səbəbdən Rusiyanın həmin qərarına irad bildirmək mümkün deyil. Lakin Rusiyanın son illər dənizlər uğrunda hərbi-siyasi mübarizəni gücləndirməsi Xəzər dənizi regionunda da müşahidə olunur: 

“Rusiya 300 ildir ki, Xəzər dənizində donanma saxlayır. I Pyotrun dövründən bəri Rusiya Xəzər dənizində özünün hərbi-siyasi strategiyasını həyata keçirir. Kaspiyskdə radiolakasiya sistemlərinin yerləşdirilməsi müdafiə xarakteri daşıyır və Rusiya yalnız Xəzər dənizini deyil, digər regionları müşahidə altında saxlamaq imkanı əldə edir. Xəzəryanı dörd dövlətin ərazisi on illərlə Rusiyanın nəzarətində olub. Amma indi yeni mərhələ başlayıb. Radiolakasiya qurğularının Azərbaycana və ya hər hansı Xəzəryanı ölkəyə qarşı yerləşdirildiyini düşünmürəm. Azərbaycan, Qazaxıstan və Türkmənistanın ABŞ-la yaxınlaşması Rusiyanın ciddi narazılığına səbəb ola bilər. Hətta ABŞ-ın sahilyanı ölkələrə Xəzər dənizində iki patrul kateri verməsi belə Rusiyanı çox narahat edir. Əslində, Rusiya özü Xəzər dənizində təhdid yaradır. Xatırladaq ki, Suriyada hərbi əməliyyat keçirilən zaman Rusiya Xəzər dənizində “Dağıstan” gəmisindən iki qanadlı raket atmışdı. Rusiya yalnız Xəzər dənizini deyil, onun ətrafında olan dövlətləri də təhlükəsizlik strategiyasına daxil edir. Son illər Rusiya dənizlərdə fəallığını artırıb. Bura Baltik dənizi, Qara dəniz, Azov dənizi, Xəzər daxildir. Rusiya hesab edir ki, onun təhlükəsizliyinə ən böyük təhlükə dənizlərdən gəlir. Baltikyanı ölkələr həm Avropa Birliyinin, həm NATO-nun üzvüdür. Baltik dənizi artıq NATO-nun nəzarətinə keçib. NATO Baltik dənizində özünün ən böyük hərbi təlimlərini keçirdi. Ötən ilin noyabr ayında Azov dənizində Rusiya Ukrayna gəmilərinə hücum etdi. Buna cavab olaraq, ABŞ Qara dənizə öz hərbi gəmilərini göndərmək istədi. NATO və ABŞ Ukrayna vasitəsilə Rusiyaya təzyiq göstərir. Ukrayna NATO-ya üzv olduqdan sonra alyansın donanması Azov və Qara dənizlərə daxil olacaq. Hazırda Qara dəniz uğrunda mübarizə gedir. Yəni, Baltik dənizi NATO-nun nəzarətinə keçib, Qara dəniz uğrunda mübarizə gedir, Xəzər dənizinin də nəzarətə keçmək ehtimalı var. Rusiya bu prosesin qarşısını almaq üçün Xəzər dənizində radiolakasiya sistemləri yerləşdirir və hərbi fəallığını artırır”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2670