hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Rusiya üçün “qorxulu inqilab” ssenarisi: Oliqarxlar Putinə qarşı

Rusiya üçün “qorxulu inqilab” ssenarisi: Oliqarxlar Putinə qarşı

“2021-ci ilin sentyabrında Prezident Vladimir Putini hakimiyyətdən devirməyə cəhd edəcəklər”.

Bunu Rusiyanın tanınmış politoloqu Sergey Markov “Exo Moskvı” radiosuna müsahibəsində deyib.

O bildirib ki, çevriliş cəhdinin təşkilatçıları ABŞ və Böyük Britaniya olacaq:

“Sentyabrda Dövlət Dumasına seçkilər keçiriləcək. Bu seçkilər əvvəlcədən qeyri-legitim və ədalətsiz elan olunacaq. Maydan hazırlığı başlanacaq”.

S.Markovun sözlərinə görə, ABŞ və Böyük Britaniya xüsusi xidməti ilə yanaşı böyük sayda mərkəzlər, fondlar, KİV və siyasi qruplar bu prosesdə iştirak edəcək.

Politoloq vurğulayıb ki, bunun üçün Praqada qərargah qurulacaq: “Belarusda son hadisələr göstərir ki, vahid liderin mövcud olduğu mərkəzləşmiş hakimiyyət, bu iqtidarın ciddi uğurlar qazandığı barədə ekspert rəyləri həddən çox şişirdilib”.

Politoloq deyib ki, bu qüvvələr Rusiyada siyasi rejimin zəif olduğu barədə nəticəyə gələ bilərlər.

Markovun fikrincə, Rusiyada Putinin tərəfdarları cəmlənmiş “Vahid Rusiya” və “Xalq Cəbhəsi” kimi siyasi strukturlar çalışmalıdır.

“Amma o qurumlarda ciddi bürokratiya hökm sürür. Parlaq şəxsiyyətlər oradan uzaqlaşdırılıb”, - deyə ekspert əlavə edib.

Politoloq hesab edir ki, baş verən çoxsaylı siyasi hadisələrin fonunda bu qurumlar praktik olaraq heç bir reaksiya vermir.

“Belə adamlar Belarus televiziyasında da vardı. Onlar Lukaşenkonu satdılar. Rusiya telekanallarında və KİV-lərində kifayət qədər çox sayda adamlar var ki, həlledici məqamda, Maydan başlananda Putini satacaqlar”, - deyə Markov bildirib.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, qeyd edilən məlumat müəyyən qədər həqiqət ola bilər:

“Çünki Rusiyada etiraz aksiyalarının keçirilməsi, Qərbin müxalifət lideri Aleksey Navalnıya dəstək verməsi bu prosesin əlamətləri ola bilər. Görünür, Markov bəri başdan həyəcan təbili çalmaqla Putinə qarşı olan partiyaları və səsləri neytrallaşdırmağa çağırır. O, Rusiyadakı iqtidaryönlü siyasi qüvvələri Putinin müdafiəsi üçün mərkəzləşdirilmiş şəkildə formalaşdırmağa səsləyir. Hesab edirəm ki, Rusiyada bu prosesin Belarusda olduğu qədər gərgin mustəviyə keçəcəyini düşünmürəm. Rusiya böyük əraziyə malik dövlətdir və həlledici aksiyalar bölgələrdə keçirildiyinə görə mərkəzi hakimiyyətə ciddi təsiri olmur. Belarusda müxalifətə ciddi dəstək var. Amma Rusiyada vəziyyət fərqlidir. Putin partiyaları nəzarət altına alıb, Dövlət Dumasında onlara yer verib. Navalnı təzyiqlər yolu ilə siyasi proseslərdən sıxışdırılır və Putin hakimiyyətini qoruyub saxlayır. Dumaya seçkilər məlum olduğu kimi, Rusiya üçün önəmlidir.

Deputatların seçilməsində saxtakarlığa yol verildiyindən etirazların baş verməsi labüddür. Görünür, Rusiya rəhbərliyinin əlində kəşfiyyat məlumatları var. Əyalətlərdən başlayaraq, bu etiraz aksiyaları idarə edilərək Moskvaya qədər gəlib çata bilər. Ona görə də Markov indidən həyəcan təbili çalır. 2021-ci ilin sentyabrında keçiriləcək parlament seçkilərində Rusiyada mümkün etirazların baş qaldıracağını və Putinin bu aksiyaların qarşısını almaq üçün addımlar atacağına işarə edir. Fikrimcə, Rusiyanın hərbi-siyasi elitasında Putinin hakimiyyətdən getməsində maraqlı olan qruplar, oliqarxlar var.

Onlar məqsədə çatmaq üçün ABŞ və Böyük Britaniya kəşfiyyatına ilə əməkdaşlıq edə bilər. Britaniyada Rusiyanın xüsusi xidmət orqanlarından kənarlaşdırılmış əməkdaşları var. Bu prosesdə onlar da rol oynaya bilər. Ona görə də Qərbin parlament seçkilərində Rusiyada etirazların baş qaldırmasında maraqlı olması gözləniləndir. Rusiya üçün Dövlət Dumasına keçiriləcək seçkilər bir sınaq olacaq. Putinin hakimiyyətinin möhkəm və ya zəif olması bu seçkilərdən sonra bilinəcək”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3631

Bizim Telegram səhifəmizi izləyin