hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Rusiya və Fransanın yeni "Qarabağ oyunu": "Sənin mənim torpağım haqqında hökm verməyə nə haqqın var? - RƏY

Rusiya və Fransanın yeni "Qarabağ oyunu": "Sənin mənim torpağım haqqında hökm verməyə nə haqqın var? - RƏY

Rusiya Prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Emmanuel Makron tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər.

Belə bir iddia ilə Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində çıxış edib.

Qeyd edək ki, bundan əvvəl Makronla Putin arasında telefon danışığı baş tutmuşdu və onlar Qarabağ probleminin həlli ilə bağlı müzakirə aparmışdı.

Ekspertlər isə hesab edir ki, Fransanın əsas məqsədi ATƏT-in Minsk qrupunun fəaliyyətini yenidən bərpa etməkdir.

Conatan Lakot da müsahibəsində bu məsələyə toxunub və vurğulayıb ki, Minsk qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir.

Məlumdur ki, Azərbaycan 44 günlük savaşla 30 illik erməni işğalına son qoydu və torpaqlarını azad etdi. Qalan məsələlərin həlli üçün isə ortada 10 noyabr (2020) və 11 yanvar (2021) razılaşmaları var ki, bu sənədlər tərəflərin üzərinə öhdəlik qoyub.

Belə bir məqamda Fransa və Rusiyanın bu məsələdə israrlı fəaliyyəti nə dərəcədə maraqlara uyğundur?

Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında deyib ki, həm Rusiya, həm də Fransa imperialist dövlətlər kimi hərəkət edirlər:

“Yəni dünyanın yenidən bölüşdürülməsi eşqinə düşüblər. Sənin mənim torpağım haqqında hökm verməyə nə haqqın var? Onların bir dərdi var ki, Qarabağda ikinci müstəqil erməni dövləti yaratsınlar və yaxud Qarabağı Ermənistana birləşdirsinlər. Bu cür sarsaq ideanın eşqinə düşüblər. Bu baş tutacaq sevda deyil. Bu proses bölgədə yeni müharibəyə səbəb olacaq.

Putin və Makron başa düşməlidir ki, Azərbaycan öz torpağının bir qarışından da imtina etməyəcək. Makron da, Putin də başıboş adamdır. Onlar bilmir ki, ermənilər bu torpaqlara gəlmədir, Qarabağ Azərbaycanın torpağıdır? Onlar nəyi danışacaqlar? Onlara bu haqqı kim verib? Adını da qoyurlar ki, guya sülhyaratma prosesi aparırlar.

Bu baxımdan, ATƏT-in Minsk qrupu, status məsələləri artıq keçmişdə qalıb. Azərbaycana nə Makronun, nə də Putinin xidməti lazım deyil. Ordumuz lazım olan məsələlərin hamısını edib. Xırda bir hissə qalıb, onu da ordumuz qısa zamanda antiterror əməliyatları ilə həll edəcək”.

Politoloq əlavə edib ki, xristian təəssübkeşliyi çəkən, müsəlman ölkələri arasında xristian anklabı yaratmaq istəyən Fransa və Rusiya bu məqsədlərinə nail ola bilməyəcək:

“Əgər bu məsələni davam etsələr, bu proses bölgədə müharibəyə gətirib çıxaracaq. Bu da erməni dövlətinin tamamilə süqutuna gətirəcək. Vaxtı ilə bu bölgədə nə erməni olub, nə də Fransa, Rusiya proseslərdə iştirak edib. Rusiya Krımın ətrafında kiçik bir əraziyə sahib idi, indi dünyanın üçdə birinə sahibdir, heç onu da idarə edə bilmir. Rusiya və Fransa gedib öz torpaqlarında öz problemləri ilə məşğul olsunlar. Biz onları vasitəçi olaraq da istəmirik”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1332