hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Rusiya və Qərb arasında nə baş verir? - “Moskva Belarusu əldən vermək fikrində deyil”

Rusiya və Qərb arasında nə baş verir? - “Moskva Belarusu əldən vermək fikrində deyil”

Rusiya MDB dövlətlərinin onun təsirindən çıxmasına heç cür razı ola bilmir.

Buna görə də onun təsirindən çıxmağa çalışan və Qərbə meyil edən dövlətlərin ərazilərində separatçı zona yaradır. Bu yolla özü sülhməramlı formasında həmin ərazilərə girib, münaqişələri konservləşdirir. Sonra isə uzunmüddətli və nəticəsiz danışıqların başlanması üçün müəyyən formatlar təşkil edilir.

Bu formatlar illərlə problemin həllini donmuş formada saxlayır. Beləliklə, Rusiya həm o ərazilərdə öz mövqeyini gücləndirmiş olur, həm də həmin dövlətlərin Qərbə inteqrasiyasının qarşısını alır. Bunu Gürcüstanın, Ukraynanın, Moldovanın timsalında görürük. Hətta Belarus da Qərbə meyil etdiyi üçün Lukaşenko cəzalandırıldı. Etiraf etmək lazımdır ki, Rusiya Dağlıq

Qarabağa nə qədər sülhməramlı adı ilə yerləşsə də, eyni zamanda ən böyük məqsədi Qafqazdakı maraqlarını qorumaq və mövqelərini gücləndirməkdir.

Maraqlıdır, Rusiyanın separatçı ocaqlar yaratma təhlükəsi daha hansı dövlətləri gözləyə bilər? Lukaşenkonun hakimiyyətdən kənarlaşdırılacağı təqdirdə Belarusda belə bir separatçı forma yaradıla bilərmi?

Sabiq Prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oktay Qasımov Cebhe.info-ya açıqlamasında deyib ki, əgər Aleksandr Lukaşenkonun vəziyyəti bir az da piləşərsə və Qərbyönümlü qüvvələrin iqtidara gəlmə ehtimalı artarsa, Rusiya da konturlarını işə salıb, buna mane olacaq:

“Keçmiş Sovetlər Birliyi dağılandan sonra Rusiya həmin əraziləri öz nəzarətində saxlamaq üçün orada münaqişə zonaları yaratdı. Bu münaqişə zonalarının əksəriyyəti də etnik zəmində formalaşdırılıb. Bundan başqa, Rusiya 1993-cü ildə Tacikistanda da vətəndaş müharibəsi yaradaraq tərəflərdən birini müdafiə edib, bura sülhməramlı formada daxil oldu. Rusiya burada özünün hərbi bazasını yaratdı. Bundan sonra Moldovada Dnestryanı ərazilərdə yerləşdirilən 14 saylı Rusiya birləşmələri separatçılara kömək etdi və bu ərazilər Moldovanın nəzarətindən çıxdı. İndi burada yerləşdirilmiş Rusiya sülhməramlıları status-kvonu saxlamaqla məşğuldur.

Qaldı Gürcüstan, Ukrayna və Azərbaycan ilə bağlı məsələlərə, 2008-ci ildə Gürcüstan öz ərazi bütövlüyünün bərpasına qalxanda Rusiya sülhməramlıları ilə qarşılaşdı və Kreml az qala Tiflisədək qoşun yeritmişdi. Bundan sonra Rusiya Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstanın nəzarətindən çıxarıb burada separatçı rejim qurub müstəqil dövlət kimi tanıdı. Amma hər kəs bilir ki, bu ərazilər Gürcüstanındır və Rusiya tərəfindən fakitiki işğal olunub. Ukraynada da oxşar vəziyyət yarandı. Ukraynada Yanıkoviç devrildikdən sonra Qərbyönümlü hakimiyyətin formalaşdığını görən Rusiya bu ərazilərdə yerləşdirdiyi separatçı qüvvələrini işə saldı. Gedən proseslər nəticəsində Ukrayna ərazisinin bir qismi Rusiyanın işğalı altına düşdü. Sonradan problemin həlli məqsədi ilə “Normand formatı” yaradılsa da, danışıqlar heç bir nəticə vermədi. Moskva Belarusu da əldən vermək fikrində deyil və buranı da müxtəlif vasitələrlə nəzarətində saxlamağa çalışacaq. Qərb Belarusu Rusiyanın nəzarətindən çıxarmağa çalışır. Məhz buna görə ictimaiyyət tərəfindən elə də tanınmayan və heç bir siyasi qurumu olmayan Svetlana Tixanovskaya seçkilərdə Aleksandr Lukaşenkoya qalib gəldi.

Hətta bəzi mənbələr ABŞ-ın yeni prezidenti olan Co Baydenin andiçmə mərasiminə xanım Tixanovskayanı da dəvət etdiyini yazır. Rusiya isə bunu anladığı üçün Lukaşenkodan xoşu gəlməsə də, onu hakimiyyətdə saxlamağa çalışır. Əgər Lukaşenkonun vəziyyəti bir az da pisləşərsə, Qərbyönümlülərin hakimiyyəti dəyişib iqtidara gəlmə potensialı artarsa, Rusiya da öz konturlarını işə salacaq və bir yolla müdaxilə etməyə çalışacaq.

Bunun nəticəsi isə ağır ola bilər. Açığı Rusiya düşünür ki, Belarusda Qərbyönümlülər hakimiyyətə gəlsə, bu NATO-nun Rusiya sərhədlərinədək irəliləməsinə səbəb ola bilər. Kreml Belarusda və digər qonşularında anti-Rusiya ovqatlı bir qüvvənin hakimiyyətə gəlişini Rusiya üçün real təhlükə hesab edir”.

Politoloq qeyd edib ki, Qərb Baltikyanı dövlətləri və Belarusu Rusiyanın təsirindən çıxarma planı hazırlayır:

“Buna görə də Rusiya müxtəlif yollarla öz mövqelərini möhkəmləndirməyə çalışacaq. Qərbin isə düşüncəsindəki plan budur ki, Baltik dənizi ilə Qara dəniz arasında zolaq yarada bilsinlər. Bu yolla Baltikyanı ölkələri, o cümlədən Ukraynanı özünə cəlb edə bilsin. Yəni o ərazidə Rusiya ilə məsafəli davranan ölkələri öz tərəfinə çəkməyə çalışır. Bircə Belarus qalır. Burada da Qərbyönümlü hakimiyyət formalaşdırsa və Belarus da Rusiyanın təsir dairəsində uzaqlaşsa, Baltik dənizindən Qara dənizə qədər yaradılmış zolaq Rusiyanın əleyhinə yaradılmış zolaq olacaq. Faktiki bu Şərqi Avropa ilə Rusiya arasında bufer zona rolunu oynayacaq. Qara dənizin əsas sahil dövlətlərindən biri də Gürcüstandır ki, onun da Qərbə meyili bəllidir. Bu isə Rusiya üçün heç də arzuolunan bir mənzərə deyil. Ona görə də Rusiya bunların qarşısını alıb, öz mövqelərini bu ərazilərdə möhkəmləndirməyə çalışacaq. Hər halda proseslərin gedişatında tərəflərin nə qədər israrlı olduğu da görünəcək. Ukraynada artıq hərəkətlilik olduğu barədə xəbərlər eşidirik. Ukrayna beynəlxalq hüquq çərçivəsində öz ərazisi olan Donetski geri qaytarmaq istiyir. Məlum olduğu kimi, Türkiyə ilə də hərbi müqavilələr imzalandı və “Bayraktar TB2” tipli texnikalarla bağlı anlaşmalar oldu. İndi Ukraynada hərəkətlilik başlanıbsa, görünür yaxın zamanda onlar da öz ərazi bütövlüyünü təmin etməyə qalxacaqlar. Biz də hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Çünki bizim apardığımız Vətən müharibəsi dövründə Ukrayna da eyni addımı atdı”.

O.Qasımov hesab edir ki, Rusiya Mərkəzi Asiya ölkələrindən Qazaxıstanda separatçılıq təhlükəsi formalaşdıra bilər:

“Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Milli Təhlükəsizlik Konsepsiyası ilə bağlı açıqlamalar verildi və Putinin çıxışında qonşu dövlətlərə ərazi iddiaları qaldırıldı. Qeyd olunmuşdu ki, guya Sovetlər Birliyi dağılandan sonra buradan ayrılan dövlətlər özlərinı məxsus olmayan Rusiya ərazilərini də mənimsəyiblər. Lakin bu absurd fikirdir. Əgər məsələyə bugünkü beynəlxalq münasibətlər kontekstindən baxılsa, onda Rusiya Moskva və onun ətrafından ibarət olmalıdır. Əslində, Putin bu çıxışı ilə 3 ölkəyə ərazi iddiaları irəli sürürdü. Bunlardan birincisi Qazaxıstan, ikincisi Ukrayna, üçüncüsü isə müəyyən qədər Belarus idi. Bunların içində isə zəif həlqə Qazaxıstan sayılır. Çünki Qazaxıstanda əhalinin etnik tərkibi rəngarəngdir və rusdillilər də çoxsaylıdır. Yəni separatçılığın asanlıqla yaradıla biləcəyi həssas nöqtədir. Qırğızıstanla Tacikistanda Rusiyanın nüfuzu güclüdü. Qeyd etdiyimiz kimi, Tacikistanda Rusiyanın hərbi bazası da var. Rusiya Qırğızıstana kreditlər də verdi. Onun iqtisadi sahəsi də Rusiyanın təsir dairəsindədir. Özbəkistan və Türkmənistana gəldikdə, buralarda separatçılıq yaratmaq çətin ola bilər. Çünki Özbəkistanın dövlətçilik ənənələri və güclü strukturu, Türkmənistanın isə neytrallığı və əhali tərkibinin yekcins olması onları bu proseslərdən kənarda qoyur. Buna görə də əsas hədəf Qazaxıstan ola bilər”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1816

Bizim Telegram səhifəmizi izləyin