hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Rusiyada Azərbaycan ədəbiyyatı ilə bağlı yeni kitab nəşr olunub

Rusiyada Azərbaycan ədəbiyyatı ilə bağlı yeni kitab nəşr olunub

Bu günlərdə Rusiyada “Azərbaycan - Turanın incisi” monoqrafiya-antalogiyası işıq üzü görüb.

Cebhe.info xəbər verir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən nəşrə hazırlanan və “Xudojestvennaya literatura” nəşriyyatında çap olunan kitabda Azərbaycan ədəbiyyatının təşəkkül tarixinə, poetik irsimizi əhatə edən araşdırmalara ümumi nəzər yetirilir, bu istiqamətdə töhfələri olan görkəmli ədiblər haqqında biblioqrafik məlumatlar verilir və ayrı-ayrı şairlərin yaradıcılıq xüsusiyyətləri geniş şərhini tapır.

Kitabın “Klassik Azərbaycan poeziyası” bölməsində Rusiyanın tanınmış ədəbiyyat xadimlərinin tərcümələri əsasında Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi və digər söz dühalarının müxtəlif janrlarda olan əsərlərinin, xüsusən də qəzəl və rübailərinin rus dilinə tərcümələri yer alır. “Azərbaycan aşıq poeziyası” bölməsində Dədə Qorqud hikmətlərindən, Aşıq Alı, Aşıq Ələsgər, Sarı Aşıq və digər söz ustadlarının yaradıcılığından söhbət açılaraq nümunələr gətirilir. Antalogiyada Xəlil Rza Ulutürk və Məmməd Arazın poetik yaradıcılığından seçmələr rusdilli oxuculara təqdim edilir, həmçinin Rusiyada yaşayan azərbaycanlı şairlərin yaradıcılığına, folklor sənətimizə dair xalq mücrüsündən xəzinələrə də müraciət olunur.

Qeyd edək ki, indiyə qədər “Literaturnaya qazeta”nın “Azərbaycan – Turanın incisi” adlı əlavələrində Azərbaycan ədəbiyyatı bütün mərhələlər üzrə ardıcıllıqla xarakterizə edilmiş, söz sənətimizin qədimdən bəri keçdiyi yol haqqında ətraflı elmi-nəzəri məqalələr və digər müfəssəl məlumatlar öz əksini tapmışdır. Bununla yanaşı, rusdilli oxucular akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatının yeni dövrləşmə konsepsiyasına uyğun olaraq qəbul olunmuş mərhələlər üzrə söz sənətimiz haqqında qısa xülasələrlə tanış olmaq imkanı əldə ediblər.

Yeni nəşrin layihə rəhbəri AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, məsul redaktoru Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, filologiya elmləri doktoru Abuzər Bağırov, elmi redaktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, redaktoru isə “Literaturnaya qazeta”nın baş redaktorunun müavini Anastasiya Yermakovadır. Kitaba Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar geniş “Ön söz” yazıb.

Cebhe.info


Oxunma sayı: 4841