hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Rusiyada siyasi təlatüm: Kreml Ağ Evi nişan verdi

Rusiyada siyasi təlatüm: Kreml Ağ Evi nişan verdi

ABŞ-ın Yaxın və Orta Mənzilli Raketlərin İstifadəsinin Ləğvinə dair Müqavilədən çıxması Rusiya ilə münasibətləri daha da gərginləşdirib.

Artıq Moskva Vaşinqtona cavab addımları atacağı haqda xəbərdarlıq edib. “ABŞ-ın məqsədi dünyanın hər yerində hakimiyyəti ələ keçirməkdir”- Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev belə deyib.

"Biz heç bir yerdə raket yerləşdirən ilk tərəf olmayacağıq. ABŞ Rusiyanın milli təhlükəsizliyini təhdid edəcək silahlar yerləşdirməyə başlasa, bu silahların harada və nə qədər yerləşdirildiyindən asılı olaraq müvafiq cavab veriləcək. ABŞ-ın nüvə müqaviləsini tərk etməsi, dünyanın hər yerində hakimiyyəti ələ keçirmək niyyətində olduğunu göstərir" - deyə, N.Patruşev qeyd edib. Patruşev bildirib ki, ABŞ-ın 1987-ci ildə imzalanmış sazişdən çıxması dünyada xaosa gətirib çıxaracaq.

Xatırladaq ki, Prezident Vladimir Putin iyul ayının 3-də Rusiyanın Yaxın və Orta Mənzilli Raketlərin İstifadəsinin Ləğvinə dair Müqavilədən çıxmaq haqqında qanunu imzalayıb. Vladimir Putin Rusiyanın yeni növ raketlərin yaradılması istiqamətində elmi tədqiqatlara başlanılacağını bəyan edib. Avqustun 5-də Prezident Putin Müdafiə Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Xarici Kəşfiyyat Xidmətinə ABŞ-ın orta və qısa mənzilli raketlərin hazırlanması, istehsalı və yerləşdirilməsində növbəti addımlarını diqqətlə izləməyi tapşırıb.

Ekspertlərin fikrincə, sazişin qüvvədən düşməsi əsasən dörd ağır nəticə doğura bilər:

1. Yenidən böyük miqyaslı silah yarışı başlayacaq. Bu da Rusiya və ABŞ üçün əlavə maliyyə xərclərinə gətirib çıxaracaq;
2. ABŞ Avropada, məsələn, Şərqi Avropada raket yerləşdirsə, siyasi gərginlik artacaq;
3. OYMR çərçivəsində təftiş halları Rusiya və ABŞ arasında inamın yox olmasına səbəb olacaq. Bu da əlavə qeyri-müəyyənlik yaradacaq;
4. Silaha nəzarət sistemi bütünlükdə məhv ola bilər. Bu da digər mühüm sənədin - “SHS-3” sazişinin qüvvədən düşməsinə gətirib çıxara bilər. ABŞ artıq yer bazalı yeni raketlərin istehsalına hazırlıq işlərinə başlayıb.

Hələ 2017-ci ilin sonundan texnologiyalar araşdırılıb. Dəniz bazalı “Tomahawk” raket kompleksinin yer bazalı variantının testləri artıq avqust ayında həyata keçiriləcək.

Fevralda Vladimir Putin qanadlı “Kalibr” raketinin yer bazalı variantının və yeni orta mənzilli hipersəsli raketin yaradılması üzrə planı təsdiqləyib. Artıq birinci silahla bağlı, nəinki elmi araşdırma, eyni zamanda təcrübə-konstruktor işləri planlaşdırılıb.

Mövcud situasiyanı şərh edən politoloq Nəzakət Məmmədova hesab edir ki, müqavilənin pozulması dünya düzəninin dəyişməsinə səbəb ola bilər. Ancaq SSRİ-dən fərqli olaraq, Rusiya silah yarışmasında ABŞ-a alternativ güc balansı yaratmaq iqtidarında deyil:

“Məlum olduğu kimi, raket məsələsi 1960-cı illərdən başlayaraq, ABŞ və SSRİ arasında ən ziddiyyətli məqamlardan biri olub. SSRİ Kubada nüvə başlıqlı raketlər yerləşdirmişdi və bu 1962-ci ildə Karib böhranına gətirib çıxartdı. Bu gün də raket məsələsi ABŞ-la Rusiya arasında mübahisə predmeti olaraq qalır. Lakin Amerikanın 1987-ci ildə imzalanmış müqavilədən çıxması Vaşinqtonun “soyuq müharibə” dövrünün reallıqlarından imtina etdiyini göstərir. ABŞ-ın nəzərində Rusiya SSRİ deyil. SSRİ fövqəldövlət idi və dünyanın yarısına nəzarət edirdi. ABŞ da supergüc olaraq SSRİ ilə hesablaşırdı və müəyyən məsələlərdə tarazlığı qorumaq üçün anlaşırdı. Amma Rusiya SSRİ-nin gücündə olmadığı üçün Amerika onunla hesablaşmaq istəmir. Bütün bunların əsasında ABŞ-ın yeni dünya nizamı yaratmaq istəyi dayanır. ABŞ İkinci Dünya Müharibəsindən sonra formalaşmış “soyuq müharibə” dövrünün reallıqlarını, beynəlxalq münasibətlər sistemini qəbul etmir. Yetmiş il müddətində dünya çox dəyişib. Vaxtilə məğlub və zəif durumda olan Almaniya, Yaponiya kimi ölkələr indi “Böyük yeddilər”in üzvüdür. Ona görə də, Amerika dünya nizamının dəyişməsinə çalışır. Rusiya isə əvvəlki kimi ABŞ-la bağlanmış müqavilələrin qüvvədə qalmasını istəyir. Artıq “soyuq müharibə” dövründəki beynəlxalq münasibətlər sisteminin çökməsi baş verir. Vaxtilə SSRİ-nin nəzarətində olan Mərkəzi və Şərqi Avropa ölkələri indi ABŞ-ın təsir dairəsinə keçib. Belə bir şəraitdə ABŞ öz raketlərini Varşava Müqaviləsi İttifaqının keçmiş üzvləri olan Avropa ölkələrinin ərazisində yerləşdirə bilər. Söhbət Polşa, Çexiya, Macarıstan kimi ölkələrdən gedir. Bununla ABŞ həm də Avropaya göstərmək istəyir ki, sizi Rusiyanın raket hücumundan mən qoruya bilərəm. Bu prosesin təsiri daha çox Mərkəzi və Şərqi Avropa ölkələrində müşahidə olunacaq. Eyni zamanda, Yaxın Şərqdə və və Latın Amerikasında da bunun əks-sədası hiss olunacaq. Lakin Rusiya ABŞ-a qarşı adekvat güc nümayiş etdirmək imkanına sahib deyil. Rusiyanın hərbi potensialı böyük olsa da, ABŞ-ın səviyyəsinə çata bilmir. Digər tərəfdən, ABŞ-dan fərqli olaraq, Rusiyanın təsir dairəsi kiçikdir və raketləri yerləşdirmək üçün kifayət qədər geosiyasi məkana malik deyil. Şərqi Avropa, Ukrayna bu gün ABŞ-ın nəzarətindədir. Ona görə də, Rusiyanın elə potensialı yoxdur”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 6183