hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Rusiyadan bu azərbaycanlılar deportasiya olunur – SƏBƏB

Rusiyadan bu azərbaycanlılar deportasiya olunur – SƏBƏB

Qeyri-leqal miqrantların Rusiyanı tərk etmək, yaxud öz sənədlərini qaydaya salmaq üçün cəmi 1 gün vaxtları qalır.

Pandemiya ilə əlaqədar olaraq xarici ölkə vətəndaşları üçün ötən ilin aprelindən etibarən tətbiq edilən güzəştlərin müddəti iyunun 15-də başa çatır.

“Xeyr, uzatmaq planlaşdırılmır”, - agentliyin miqrantlar üçün güzəşt müddətinin uzadılıb-uzadılmayacağı barədə sualına cavab olaraq mənbə bildirib. Moskva ətrafındakı Vahid miqrasiya mərkəzindən də miqrantların ölkədə qalması üçün güzəşt müddətinin uzadılması haqda onlara təlimat daxil olmadığını deyiblər.

Xatırladaq ki, ötən ilin aprelində, koronavirus pandemiyasına görə sərhədlərin bağlandığı bir vaxtda Rusiya Prezidenti Vladimir Putin xarici ölkə vətəndaşlarının ölkədə qalmasına imkan verən fərman imzalayıb.

Ötən ilin dekabrında Putin fərmanın müddətini uzadıb və nəticədə sənədləri qaydasında olmayan xarici vətəndaşların Rusiyada bu il iyunun 15-dək qalmasına imkan yaranıb.

Qaydalara əsasən Rusiya ilə hava əlaqələri bərpa olunan ölkələrdən olan miqrantlar hava əlaqələrinin bərpasından etibarən 90 gün ərzində Rusiyada öz vəziyyətlərini leqallaşdırmaq üçün faktiki yaşadıqları yerlərdə miqrasiya orqanlarına əsaslandırılmış ərizə ilə müraciət etməli, habelə Rusiyada qalma müddətinin uzadılmasına dair möhürün vurulması üçün öz miqrasiya kartlarını təqdim etməlidir.

Rusiyanın hava sərhədlərini hələ açmadığı ölkələrin vətəndaşları isə daha 90 gün, yəni sentyabrın 12-dək qala bilərlər. Rusiya Azərbaycanla hava sərhədlərini bu il fevralın 15-də açıb, nəticədə həmin müddətdən etibarən 90 gün ərzində (mayın 15-dək) qeyri-leqal azərbaycanlı miqrantlar ya öz sənədlərini qaydaya salmalı, ya Rusiyanı tərk etməli idi.

Rusiya Daxili İşlər Nazirliyinin statistikasına görə, 2021-ci ilin birinci kvartalının yekunlarına əsasən bu ölkə ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min qeyri-leqal miqrant vardı.

Maraqlıdır, belə olacağı halda Azərbaycana həmyerlilərimizin böyük köçü başlayacaqmı?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Rusiyada qeyri-rəsmi, yəni sənədi olmayan azərbaycanlıların sayı təqribən 120 min nəfərdir:

"Elan ediləndə ki, artıq iyunun 15-dən etibarən sənədsiz miqrantların ölkədən deportasiyasına başlanılacaq, dərhal bir çox insan həmin sənədləri düzəltməyə başladılar. Təbii ki, 10 minlərlə insanın sənədləşdirmə ilə bağlı problemlərinin olacağı gözlənilir. Təqribən 50-60 min insanın Azərbaycana qaytarılması riski də var. Onsuzda ölkədə sosial problemlərlə bağlı vəziyyət gərgin olaraq qalır, işsizlik çox yüksək səviyyədədir".

Ekspert qeyd edib ki, məhz 10 minlərlə insanın Rusiyadan vətənə qayıtması, faktiki olaraq əmək bazarında gərginliyin, sosial problemlərin artmasına səbəb olacaq:

"Rəsmi rəqəmlərə görə, Azərbaycanda işsizlik səviyyəsi 7 faizə yaxınlaşır. Bu da ən yüksək göstəricisidir. Təbii ki, qeyri-rəsmi olaraq ölkəmizdə işsizlərin sayı daha çoxdur. Bu insanların Azərbaycana qayıtması baş verərsə, bu həm işsizlik ordusunu artıra, həm də Rusiyada çalışıb Azərbaycana pul göndərən ailələrin vəziyyətini çətinləşdirə bilər. Bu isə sosial problemlərin artımına səbəb ola bilər".

Ülviyyə
Cebhe.info


Oxunma sayı: 1057