hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Rusiyanın Avropadakı yeganə qalası dağıdılır: OLAYLARIN PƏRDƏARXASI

Rusiyanın Avropadakı yeganə qalası dağıdılır: OLAYLARIN PƏRDƏARXASI

Serbiyada prezident Aleksandr Vuçiçin və daxili işlər naziri Stefanoviçin istefası tələbi ilə başlanan kütləvi etirazlar gərgin həddə çatıb. 

Martın 17-də Prezident Aleksandr Vuçiç iqamətgahından gizli yolla qaçıb. Gecə saatlarında minlərə aksiyaçı prezident iqamətgahına daxil olub. Prezident Aleksandr Vuçiç iqamətgahı tərk edib. Onun getdiyini görən aksiyaçılar prezidenti fitlə yola salıblar. Serb liderinin arxasınca qışqıran aksiyaçılar "yalançı", "oğru" deyə qışqırıblar. Onlara cavab olaraq Vuçiç aksiyaçılara xoş günlər arzulayıb. Daha sonra brifinq keçirən prezident aksiyaçıların əsas problemi kimi saylarının getdikcə azaldığını göstərib.

Mətbuat konfransındakı çıxışından sonra prezident öz çıxışını sosial şəbəkələrdə də paylaşıb. O, DİN rəhbəri Stefanoviçlə şahmat oynadığı yerdə fotosunu yayaraq qısa video da əlavə edib. Bildirib ki, müasir Serbiya uğrunda mübarizədən imtina etməyəcək. Aksiyaçılara rəhbərlik edən, “Serbiya uğrunda ittifaq”ın rəhbəri Boşko Obradoviç polis idarəsinə yürüş təklif edib. O, prezidentin yeraltı yolla qaçdığına və aksiyaçıları ələ saldığına diqqəti çəkib: "Yeraltı yolla qaçmasına baxmayaraq, “İnstagram”a nazirlə şahmat oynadığı yerdə çəkilən fotosunu qoyur. Biz 29 noyabr küçəsindəki polis idarəsinə gedəcək və saxlanılan yoldaşlarımızın azadlığına nail olacağıq".

Bundan sonra prezident iqamətgahı qarşısına toplaşanlar blokadanı açıb, musiqi və fit səsləri altında polis idarəsinə gediblər. Polis idarəsini mühasirəyə alan aksiyaçılar saxlanılan yoldaşlarının azad edilməsi tələbini səsləndiriblər: "Stefanoviç, saxladığınız uşaqları burax. Qorxaqlar".

Siyasi ekspertlər isə Serbiyada baş verənləri ABŞ başda olmaqla NATO- ilə Rusiya arasında geosiyasi rəqabətin nəticəsi hesab edir. Belə ki, Qərb Rusiyanın Avropa məkanında yeganə müttəfiqi olan Aleksandr Vuçiçin devrilməsində maraqlıdır. 

Vuçiç prezident Vladimir Putinin fevral ayında Belqrada səfəri zamanı ona NATO ilə əməkdaşlıq etməyəcəyinə dair söz verib. Serbiyanın NATO-ya inteqrasiyadan kənarda qalması isə alyansın şərqə doğru genişlənməsi prosesinə ziddir. Balkan ölkələrinin NATO-ya qəbulu prosesinin yekunlaşmaq üzrə olduğu bir vaxtda Rusiyanın yanında yer alan Serbiya Avroatlantik məkanda bir adaya bənzəyir. Rusiya isə tarixi müttəfiqinin ərazisindən NATO-ya və Avropa Birliyinə qarşı kəşfiyyat məqsədi ilə istifadə edib. NATO-nun və ABŞ xüsusi kəşfiyyat orqanlarının məlumatına Avropa məkanında Rusiyanın ən böyük kəşfiyyat mərkəzi məhz Serbiyadakı səfirliyində yerləşir. 

Rusiyanın 2016-cı ilin oktyabr ayında Monteneqroda dövlət çevrilişi etmək və baş nazir Milo Cukanoviçə sui-qəsd təşkil etməklə bu ölkənin NATO-ya daxil olmasının qarşısını almaq planı da məhz Belqraddakı Rusiya səfirliyindən idarə olunub. Lakin sui-qəsdin baş tutmaması Monteneqronun NATO üzvlüyünə qəbul olunması ilə nəticələndi. İndi isə növbə digər keçmiş Yuqoslaviya respublikası olan Makedoniyanındır. Lakin Serbiyanın Rusiya ilə yaxınlığı NATO-ya inteqrasiya baxımından Monteneqro və Şimali Makedoniyaya problem yaradır. Vuçiç hakimiyyəti özünü bitərəf elan etməklə NATO hərbi yüklərinin Serbiya ərazisindən Monteneqroya və Şimali Makedoniyaya daşınmasına mane olur. Bununla bağlı son iki illər aparılan danışıqlar isə müsbət nəticə verməyib. Rusiya bu yolla NATO-nun Balkanlarda və Adriatik dənizi hövzəsində möhkəmlənməsinin qarşısını almağa çalışır. 

Ona görə də, Qərbin Rusiyanı Serbiyadan sıxışdırıb çıxartmaq planlarını işə salacağı gözlənilən idi. Bunun üçün Qərbə Putinin yaxın dostu Vuçiçin hakimiyyətdən getməsi lazımdır. Serbiya prezidenti hələlik istefa verməsə də öz açıqlamasında ölkəsində baş verənlərin NATO-Rusiya qarşısdurmasının nəticəsi olduğunu etiraf edib. “Serbiyanın NATO-ya qoşulmaq istəməməsi Belqradın şüurlu seçimidir ", - deyə ölkənin prezidenti Aleksandr Vuciç bildirib. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, NATO və ABŞ Serbiyada hakimiyyət dəyişikliyinə nail olmaqla “soyuq müharibə”dən sonra Rusiyanı Avropada yeganə dayağı olan Serbiyadan məhrum etmək məqsədi daşıyır.

“SSRİ-nin dağılmasından sonra Avropa sabitləşmiş siyasi kurs yürüdən ölkələr birliyidir. Avropa ölkələrində hakimiyyət dəyişikliyi yalnız seçkilər yolu ilə mümkündür. Lakin müasir Avropanın tarixində xalqın prezident iqamətgahını dinc yolla tutması və dövlət başçısının qaçmağa məcbur olması ilk hadisədir. Bu hadisələrin iki səbəbi var. Birincisi, Avropa Birliyi və ABŞ açıq şəkildə Rusiyaya mesaj verir ki, “soyuq müharibə”dən sonra NATO bu coğrafiyanın sahibidir, sənin bu məkanda yerin yoxdur. ABŞ isə bu ölkələrin təhlükəsizliyinin təminatçısı və müttəfiqdir. Venesuelada davam edən proseslər eyni qaydada Serbiyada da cərəyan edir. Putinin Belqrada son səfəri və prezident Vuçiçin Qərbə açıq bəyanat verməsi onun getməsini şərtləndirən amilə çevrildi. Ona görə də xalqın etiraz aksiyaları qarşısında Aleksandr Vuçiçin qaçışı gözlənilən idi. Müasir kapitalist dünyasında insanların Rusiyaya rəğbəti yoxdur. Digər tərəfdən ABŞ-ın dünyada ikinci böyük silahı dollardır. ABŞ Venesuelada da eyni siyasəti yürütməklə dünyada demokratiya, insan haqları kimi fundamental dyərlərə üstünlük verəcəyini, xalqların rəyi ilə razılaşacağını bildirir. Rusiya isə xalqın mənafeyini nəzərə almır və sadəcə olaraq, Putinin siyasi ambisiyalarını həyata keçirir. Bu isə yerli xalqlarda narazılıq yaradır. Rusiyanın getdikcə məğlub olması və ABŞ-ın da qalib gəlməsinin səbəblərindən biri də budur”. 

Fərrux Məmmədov bildirdi ki, əvvəlki illərdə Serbiya siyasi elitasında millətçilər və Rusiyaya bağlı qüvvələr üstünlıük təşkil edib. İndi isə serb cəmiyyəti dəyişib. Avropaya inteqrasiya tərəfdarı olan yeni nəsil formalaşıb: 

“Gənc nəsil Serbiyanın inkişafında maraqlıdır. Rusiyada inkişaf yoxdur. Amerikada və Avropa Birliyində isə inkişaf var. Rusiyada gənclər önə çıxa bilmir. Qərbdə isə bu imkanlar var. Serblərin yeni nəsli ölkələrinin inkişafını azadlıqda görür. Rusiya isə bu azadlığı verə bilən tərəf deyil. Ona görə də NATO-nun genişlənmə proqramı 2030-cu ilə qədər ən azı 32-33 ölkəni əhatə edir. Serbiyada baş verən hadisələrə NATO-nun genişlənməsi proqramı təsir göstərir. Lakin konkret olaraq, bu olaylar yalnız NATO ilə bağlı deyil. 

Bu prosesin arxasında Kosovonun müstəqilliyinin tanınması, Albaniya ilə münasibətlər, Şimali Makedoniyanın NATO-ya üzvlüyü və ikitərəfli münasibətlər məsələsi, Sloveniya məsələləri var. ABŞ həmin problemlərin həllini tapmasında maraqlıdır. Hətta əldə olunan məlumatlara görə, Putinin səfəri zamanı Serbiya və Rusiya arasında Aropa Birliyindən kənar əməkdaşlığa dair saziş imzalayıb. Bu razılaşma Rusiya hərbçilərinin Serbiyada yerləşdirilməsini nəzərdə tutur. Qərb SSRİ-nin dağılmasından sonra Rusiya qoşunlarının Avropada olmasını istəmir. Serbiyada baş verənlər də bunun göstəricidir. Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat İdarəsinin Avropadakı mərkəzi Serbiyada yerləşir. Rusiyada burada serb millətçilərindən casus şəbəkəsinin formalaşmasında da istifadə edir. Lakin prezident Vuçiçin istefası tələbi ilə keçirilən aksiyalar Qərbin serb gənclər arasında fəal iş apardığını təsdiq edir. Bu proses yarımçıq dayanmayacaq və davam edəcək. Rusiyanın Avropa Birlyinidəki ən böyük müttəfiqini qaçmağa məcbur edirlərsə, bu Moskvaya böyük zərbədir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2615