hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Rusiyanın Avropaya yolu açıldı: Ağ Evi qəzəbləndirəcək məktub

Rusiyanın Avropaya yolu açıldı: Ağ Evi qəzəbləndirəcək məktub

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinin Avropada orta və yaxınmənzilli raketlərin yerləşdirilməsinə moratorium qoyulması təklifinə baxmağa hazırdır. 

“Frankfurter Allgemeine”nin yazdığına görə, bu ilin sentyabrında Putin Avropa və Asiyanın əsas ölkələrinə sözügedən raketlərlə bağlı məktub göndərib. NATO təmsilçiləri məktubu aldıqlarını təsdiqləyiblər. Ancaq hesab olunub ki, təklif etibarlı deyil. Almaniya mətbuatı qeyd edir ki, Makron məktuba 23 oktyabrda cavab verib. O, bildirib ki, təklif diqqətlə öyrənilməli və ikitərəfli, eyni zamanda çoxtərəfli qaydada müzakirə olunmalıdır.

Avropanın nüvə təhlükəsizliyi kimi vacib məsələdə NATO-nu hazırkı kursundan imtina etməyə çağıran Emmanuel Makron hesab edir ki, orta mənzilli raketlərin yerləşdirilməsinə moratorium qoyulmasına dair Rusiyanın təklifini təhlil etmək lazımdır. Bu barədə Fransa prezidenti rusiyalı həmkarına göndərdiyi məktubda yazıb. Brüsseldəki diplomatik mənbələrdən əldə edilən məlumata görə Makronun oktyabrın 23-də yazdığı məktubdan da görünür ki, Kremlin təklifi ətraflı araşdırılmağa layiq hesab edilib. Bu məqsədlə prezident rusların təklif etdiyi moratorium barədə sözü olan bütün dövlətlərin iştirakı ilə ikitərəfli və çoxtərəfli müzakirələrin çağırılmasını təklif edir. Eyni zamanda, Fransa prezidenti bildirib ki, Rusiyanın təşəbbüsünü inandırıcı və etibarlı olmasını yoxlamaq üçün qarşılıqlı tədbirlər görülməlidir. Bu günə qədər NATO üzvləri Moskvanın təklifini rədd edib. NATO-nun baş katibi Yens Stoltenberq moratoriumun inandırıcı olmadığını bəyan edib. Onun sözlərinə görə, Moskva bunu bir neçə ildir yerləşdirilmiş sistemlərə münasibətdə tətbiq etməyi təklif edir. NATO-ya daxil olan 29 ölkənin mövqeyinə görə, Rusiya 9M729 yerüstü orta mənzilli raket sistemlərinə malikdir. Bununla da Rusiya yaxın və orta mənzilli raketlərdən istifadənin ləğvinə dair müqaviləni pozur. Bu razılaşmaya əsasən, uçuş məsafəsi 500-5500 kilometr olan ballistik qanadlı raketlərin inkişaf etdirilməsi və sınaqdan keçirilməsi qadağan edilir.

Qərb mütəxəssislərinin fikrincə, Rusiyanın nüvə başlığı daşıya bilən 9M729 raketləri 2200 kilometrə qədər məsafədəki hədəfləri vura bilər. Bu ittihamı inkar edən Rusiya tərəfinin iddiasına görə, həmin raketlərin maksimum uçuş hədəfi 500 kilometr təşkil edir.

Xatırladaq ki, 2019-cu ilin fevral ayında ABŞ Yaxın və Orta Mənzilli Raketlərdən İstifadənin Ləğvinə dair Sazişdən (INF Müqaviləsi) çıxdığını bəyan edib. Fransa və Almaniya Avropada silahlanmanın ixtisarına dair əsas sazişin avqustda qüvvədən düşməsindən təəssüfləndiyini bəyan edib. Makronun fikrincə, bu Avropada nüvə silahı yarışmasının elan edilməsinə rəvac verib. Avqustun ortalarında o, ilk dəfə Rusiyanın Avropa təhlükəsizlik arxitekturasına inteqrasiyası ilə bağlı açıq çıxış etdi. Makron seçki kampaniyasına həsr etdiyi “İnqilab” kitabında, eləcə də 2016-cı ilin noyabrında Rusiyaya münasibətdə Vaşinqtondan asılı olmayan müstəqil Avropa siyasətinin inkişaf etdirilməsini dəstəklədiyini yazırdı.

“Biz Rusiyaya münasibətimizi yenidən əsaslandırmalıyıq”, - deyə E.Makron qeyd edib. Yaxın və Orta Mənzilli Raketlərdən İstifadənin Ləğvinə dair Müqavilənin dağılmasından sonra Makron siyasi təşəbbüs göstərməyin vaxtının çatdığını qərara alıb. O, Putini özünün Lazur sahilindəki Breqanson yay iqamətgahına dəvət etdi. Fransa prezidenti bu təşəbbüsünü “Lissabondan Vladivostoka qədər Avropa uğrunda” adlandırmışdı. Lakin prezident Makron Rusiyanın “INF Müqaviləsi”ni pozması ilə bağlı susmağı üstün tutub. 

Makron jurnalistlərə açıqlamasında bu mövqeyini Avropaya nüvə silahı yarışması təhlükəsinin olması ilə izah edib. Onun sözlərinə görə, yeni çərçivə sazişləri müəyyən edilməli və Rusiya bura daxil edilməlidir. Fransa prezidenti hesab edir ki, Avropanın digər güclər arasında qarşıdurma meydanına çevrilməməsi üçün təşəbbüsü öz əlinə almağın vaxtı gəlib. “Rusiyanı Avropaya bağlamalıyıq. Çünki tarixən və coğrafi baxımdan o, bir Avropa gücüdür. Bunu nə qədər tez-tez vurğulasaq, bir o qədər Avropa olar”, - Makron belə deyib. 

Fransanın dövlət başçısı hələ də Rusiya ilə dialoqun genişləndirilməsinə çalışır. Bu yaxınlaşma dekabrın 9-da Parisdə Angela Merkelin rəhbərliyi ilə Ukrayna münaqişəsinə həsr olunmuş daha bir zirvə görüşünün keçirilməsi ilə nəticələnəcək. Bu isə NATO-nun şərq cinahındakı bir çox Avropa Birliyi üzvlərinin xoşuna gəlmir. Buna baxmayaraq, Makron təcrübəli diplomat Pyer Vimonu özünün Rusiya ilə münasibətlər üzrə nümayəndəsi təyin edib. Onun əsas vəzifəsi Avropa Birliyindəki tərəfdaşları inandırmaqdan ibarətdir. 

Macarıstanın Baş naziri Viktor Orbanla uzun söhbət əsnasında Makron “Soyuq Müharibə”nin düşüncə tərzindən yaxa qurtarmağın vacibliyi barədə razılığa gəlib. Onun sözlərinə görə, Orban bu mənada Vişeqrad qrupundakı tərəfdaşlarına, xüsusən Polşaya təsir etməlidir. Lakin Macarıstanın Baş naziri Macarıstan Diasporu Şurasında çıxışı zamanı bu missiyadan imtina edib. 

Şimali Atlantika Alyansı isə Avropada yerləşdirilmiş nüvə başlıqlı orta mənzilli raketlərlə NATO-nun şərq tərəfindəki təhlükəyə cavab verməyəcəyini bildirib. Eyni zamanda nə ABŞ, nə də NATO adi silahların sayının artırılacağını istisna etməyib. ABŞ hazırda müvafiq tapşırıqları yerinə yetirmək üçün hazırlanmış qanadlı raketini sınaqdan keçirir.

Mütəxəssislərin fikrincə, Rusiya ilə yanaşı, INF müqaviləsinin şərtlərinə cavab verməyən iki min ədəd yerüstü orta mənzilli raket Çində də var. Pekin isə “Soyuq müharibə” dövründə ABŞ və SSRİ arasında imzalanmış sazişə heç vaxt qoşulmayıb. Bu isə yalnız Vaşinqtonu deyil, Moskvanı da narahat edir. Ona görə də Vladimir Putin yalnız Qərbə deyil, Çinə də tətbiq olunmasını təklif edir. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 2366