hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Rusiyanın ikibaşlı oyunu: Ermənilərə hansısa "status" qazandırmağa cəhd edilir

Rusiyanın ikibaşlı oyunu: Ermənilərə hansısa "status" qazandırmağa cəhd edilir

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yenə Dağlıq Qarabağın statusu məsələsini gündəmə gətirib:

“Mən anlayıram, indi Dağlıq Qarabağın statusunun həll edilməmiş qalması barədə çox danışılır. Bunu son olaraq Minsk qrupu həmsədrləri ilə razılaşdırmaq lazımdır. İndiki dövrdə onlar status məsələsinə yox, etimad mühitinin yaradılması, humanitar problemlərin həllinə diqqəti yönəldiblər. Bu, ona görə lazımdır ki, azərbaycanlılar və ermənilər birlikdə təhlükəsizlik, iqtisadi yüksəliş şəraitində yaşasınlar”.

O bildirib ki, status məsələsininhəllinə ümid edir: "Mən sizi əmin ediərəm ki, məsələn, 3 il sonra belə olarsa, biz bu həyatı təmin etsək, statusla bağlı bütün məsələlər daha asan həll olunacaq".

Nazir qeyd edib ki, indi region paytaxtlarından, münaqişə tərəfi olan ölkələrdən gələn bəyanatlara vurğu etmək istəmir: “Bir çoxlarında emosiya üstünlük təşkil edir, biz bütün tərəfləri təmkinli davranmağa, normal həyatı bərpa etməyə çağırırıq”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Dağlıq Qarabağa siyasi status verilməyəcəyini bəyan edib.

Buna baxmayaraq, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr, o cümlədən Rusiya Dağlıq Qarabağın statusu məsələsini gündəmə gətirir. 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatdan sonra da Rusiya Prezidenti Vladimir Putin bir neçə dəfə Dağlıq Qarabağın statusu məsələsinin sonraya saxlanıldığına dair açıqlama verib.

Lavrovun sözlərini Cebhe.info-ya şərh edən politoloq Əhəd Məmmədli bildirdi ki, Azərbaycan belə bəyanatlara rəsmi şəkildə sərt reaksiya verməlidir:
“Putin də öz çıxışında bildirmişdi ki, status məsələsini gələcək nəsillərə saxlamaq lazımdır. Lavrov da Rusiyada erməni lobbisinin əsas adımıdır. O, bu məsələdə ermənilərin mənafeyini müdafiə etməyə çalışır. Rusiya çılışır ki, gələcəkdə ermənilərə status verilsin. Azərbaycan da bildirir ki, heç bir statusdan söhbət gedə bilməz. Yəni Rusiya ermənilərin mövqeyindən çıxış edir.

Ümumiyyətlə, Lavrovun bütün bəyanatları indiyədək Azərbaycanın maraqlarına zidd olub. Bu da onun erməni əsilli olması ilə bağlıdır. O, Rusiya hakimiyyətində ilk beşliyə daxil olan adamdır. Ona görə də Lavrova Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində cavab verilməlidir. Rəsmi Bakı bildirməlidir ki, status məsələsinin qaldırılması 10 noyabr bəyanatının pozulmasıdır və Azəbaycan bu razılaşmadan çıxacaq.

Onlar status məsələsinin 3 il sonraya qaldığını bəyan etməklə Azərbaycanın başının altına yastıq qoymağa çalışırlar. Bu səbəbdən Azərbaycan Xarici İşlər Nazirliyi belə açıqlamalara qəti cavab verməli, ermənilərə statusun verilməyəcəyini dərhal bəyan etməlidir”.
Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 771