hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Rusiyanın Qarabağda status oyunu: Erməniləri sakitləşdirmək cəhdi, yoxsa gizli məqsəd?

Rusiyanın Qarabağda status oyunu: Erməniləri sakitləşdirmək cəhdi, yoxsa gizli məqsəd?

Rusiya statusu yenidən gündəmə gətirib.

Xəbər verildiyi kimi, Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib ki, ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin tənzimlənməsinə dair fəaliyyəti davam etməlidir.

“Gələcək addımların atılmasında, o cümlədən status məsələsində faydalı ola bilər. Ancaq ehtiyatla, tələsmədən, zamanı gələndə”,- Rudenko belə deyib.

Qeyd edək ki, Rusiya rəsmiləri 10 noyabr bəyanatından sonra ilk dəfə deyil ki, status məsələsini gündəmə gətirir. Bundan öncə Rusiya Prezidenti Vladimir Putin də status məsələsini gündəmə gətirib.

Status məsələsinin qalıcı olması həm də Rusiyanın bölgədə öz təsirini uzunmüddətli saxlaması üçün şərait yaratması deməkdir.

Amma Azərbaycan hakimiyyəti bu mövzuda öz mövqeyini kifayət qədər açıq və qəti bildirib ki, heç bir statusdan söhbət gedə bilməz.

Rusiyanın status məsələsini tez- tez gündəmə gətirməsində daha hansı maraqları ola bilər?

Məsələni Cebhe.info-ya şərh edən mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, “Elçibəy İnstitutu” İctimai Birliyinin rəhbəri, politoloq Oqtay Qasımov hesab edir ki, status məsələsinə Azərbaycanın öz yanaşması olmalı və bəzi məsələlərə aydınlıq gətirilməlidir:

“10 noyabr bəyannaməsindən sonra Rusiya Prezidenti Vladimir Putindən tutmuş, Andrey Rudenkoya qədər status məsələsinə toxunub. Hətta Rusiyanın sabiq prezidenti Dimitri Medvedev də bu məsələyə toxunaraq bildirib ki, status gələcəkdə müzakirə oluna bilər. İlk gündən də hesab olunurdu ki, Rusiya sülhməramlı adı ilə bölgəyə yerləşəndən sonra status adı altında Minsk qrupunu da məsələyə cəlb edəcək və biz həm Moskva ilə, həm də Minsk qrupuyla bu məsələləri müzakirə etməli olacağıq.

O baxımdan, Rudenkanın qeyd etdikləri də yeni fikir deyil. Lakin bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Ölkə başçısı da bildirib ki, heç bir statusdan söhbət gedə bilməz. Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarını qəbul edib, ona tabe olacaqlarsa, bizim vətəndaşlarımız sayılacaq və onların bütün məsələlərdə təhlükəsizliyinə zəmanət veririk.

Rusiyadan verilən açıqlama bizim üçün yeni deyir və bundan sonra da olacaq. Lakin bütün bunlardan asılı olmayaraq, əsas olan bizim mövqeyimizdir. Əlbəttə status məsələsi olmalıdır, lakin bu məsələyə bizim öz baxışımız formalaşmalıdır. Hesab edirəm ki, bu məsələ müzakirə olunmalı, Qarabağdakı ermənilərin statusu müəyyən olunmalıdır.

Onlar üçün ən önəmli olan Azərbaycan vətəndaşı pasportunu daşımalarıdır. Yəni status bu prizmadan müəyyənləşməlidir. Müəyyən olunmalıdır ki, onlar Azərbaycanın vətəndaşlarıdır, ya yox. Biz məsələyə bu prizmadan yanaşmalıyıq. Əgər orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib, qanunlarına tabe olurlarsa, onlara Azərbaycan pasportu və bununla da vətəndaşlıq statusu verilməlidir. Bizim üçün stausun anlamı budur. Gələcəkdə həmin ərazilərdə alqı-satqı prosesləri gedəcək.

Həmin priseslər zamanı notarial qaydalar hansı dövlətin qanunları əsasında tətbiq olunmalıdır? Bu tipli məsələlər həllini tapmalı və təbii ki, qaydalar Azərbaycam qanunlarına əsasən həyata keçirilməlidir. Rusiyadan verilən açıqlamalar diqqətə alınmalı və siyasətimizdə diqqətdə saxlanılmalıdır. Vətəndaşlıq, notariat məsələləri, eyni zamanda avtomobillərin dövlət nömrə nişanlarının Azərbaycana aid olması kimi məsələlər həll olunmalıdır. Status inzibati bölgü yox, qeyd etdiyimiz formada olmalıdır.

Bunlar hamısı statusa aid olan məsələlərdir və həlli vacibdir. Məsələyə hər kəs öz maraqları prizmasından baxır, bu da bizim prizmamızdır. Bütün bu məsələlər Azərbaycanın süverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Politoloq qeyd edib ki, Rusiyanın status məsələsini tez- tez gündəmə gətirməsində iki məqsədi ola bilər:

“Birincisi, hazırkı durumda erməni əhalisini sakitləşdirməkdir. İkincisi, status məsələsini dirçəldib, həllini uzatmaqla bölgədə daha uzun müddətə qalmaqdır. Rusiya anlaşmada qeyd olunan kimi beş il sonra getmək istəmir. Münaqişənin adının hər hansı bir formada qalması Rusiyanın bölgədə mövcudluğu deməkdir. Əslində Ermənistan müxalifətinin nümayəndəsi Manukyan açıq şəkildə bildirdi ki, Rusiya ilə bizim münasibətlərimizin ən həssas həlqəsi Qarabağ məsələsidir.

Əgər Qarabağ yoxdursa, bölgədə Rusiya da yoxdur. Yəni bu baxımdan Rusiya bölgədə qalmaq üçün bu tipli tezisləri ortaya atacaq. Bu, həm də söz oyunlarıdır. Rusiya Qarabağda erməni əhalisindən daha çox özünün maraqlarını düşünür və bu tipli açıqlamalar edilir. Biz isə məsələnin beynəlxalq hüquq çərçivəsində həllini istiyirik. Ermənilərin təhlükəsizliyini də təmin edəcəyimizi üzərimizə götürmüşük. Yalnız Azərbaycana qarşı cinayətlər işləmiş şəxslər istisnadır. Çünki onlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Məsələn, onlardan biri də Vitali Balasandır ki, Birinci Qarabağ Savaşında Azərbaycan xalqına qarşı cinayətlər işləyib.

Eləcə də ll Qarabağ Savaşında Azərbaycan xalqına qarşı cinayətlər işləyən, mülki əhalinin vurulmasına dair əmr verən şəxslər cəzalandırılacaq. Lakin cinayətkar olmayan və Azərbaycanın vətəndaşlığını qəbul etmiş sivil ermənilərə mərhəmət üzümüzü göstərməliyik, göstərəcəyik də”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 9538