hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Rusiyasayağı sülhməramlı missiya: Məram nəydi, məqsəd nədir?

Rusiyasayağı sülhməramlı missiya: Məram nəydi, məqsəd nədir?

Rusiya sülhməramlı qüvvələrinin statusunun müəyyənləşməməsi kontingentin gələcək fəaliyyəti ilə bağlı şübhələri artırır.

Siyasi müşahidəçilər Rusiyanın uzunmüddətli perspektivdə planlarının Dağlıq Qarabağda hərbi baza yaratmaq olduğunu bildirir. Yəni münaqişə bölgəsində sülühmərmalı qüvvələr yerləşdirən Rusiya regionda hərbi-siyasi mövqelərini daha da gücləndirməyə çalışır.

Politoloq Xaləddin İbrahimli qeyd edib ki, rus ordusu dəvət ilə gəlib yenidən Azərbaycanın ən strateji bölgəsində hərbi baza qurması Ukrayna, Gürcüstan və Moldovaya da zərbə vurub.

Ekspert “Facebook”dakı paylaşımında bu zərbənin nədən ibarət olduğunu izah etməsə də, söhbət Rusiyanın geosiyasi rəqabətdə üstünlüyü ələ almaq cəhdlərindən gedir. Yəni Gürcüstan, Ukrayna və Moldovanın ərazilərində Rusiya qoşunları var.

Gürcüstanda və Moldovada bu hərbi kontingent sülhməramlı status ilə yerləşdirilib. Cənubi Qafqazda mövqelərini gücləndirən Rusiya həmin qoşunların çıxarılmasına dair tələbləri yerinə yetirməkdən imtina edəcək.

Rusiya hər üç ölkənin Avroatlantik məkana inteqrasiyasının qarşısının alınmasında da maraqlıdır.

Xüsusilə də Gürcüstanın NATO üzvlüyünə qəbulunun yaxınlaşdığı bir vaxtda Rusiyanın Dağlıq Qarabağda öz silahlı qüvvələrini yerləşdirməsi bölgədə hərbi balansın dəyişməsinə mane olmaq səylərinin tərkib hissəsi kimi dəyərləndirilə bilər.

Politoloq İlqar Vəlizadə isə Cebhe.info-ya açıqlamasında Rusiya sülhməramlılarının bölgəyə gəlişinin başqa dövlətlər üçün təhlükə yaratması barədə fikirlə razılaşmadığını dedi:

“Sülhməramlı kontingent hərbi baza demək deyil. Onun da statusu müəyyənləşməyib. Üçtərəfli bəyanatda açıq şəkildə göstərilib ki, bu beş il müddətinə yerləşdirilmiş sülhməramlı missiyadır. Onun fəaliyyəti uzadıla bilər. Lakin yenə də ərazidə qalması üçün müddət göstərilib. Sülhməramlı qüvvələrin funksiyası regionda təhlükəsizliyi təmin etməkdir. Bu isə hərbi baza anlamına gəlmir.

Başqa ölkələrdəki hərbi bazaların strukturuna, məqsəd və vəzifələrinə, texniki təhcizatına baxsaq, onlar sülhməramlı qüvvələrə uyğun gəlmir. Əlbəttə, Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində hərbi mövcudluğu var. Ancaq sülhməramlılar xüsusi şərtlərlə əsaslandırılan missiyadır. Nəzərə almaq lazımdır ki, yaxın müddətdə həmin əraziyə Türkiyə hərbçiləri də gələcək və nəzarət missiyasını həyata keçirəcək. Ona görə də bu proseslər regiondakı hərbi-siyasi proseslərə təsir göstərə bilməz”.

İlqar Vəlizadə hesab edir ki, Rusiya Dağlıq Qarabağa sülhməramlılar yerləşdirməklə Gürcüstana, Ukraynaya və ya Moldovaya təsir göstərə bilməz.

“Azərbaycan nə NATO-nun, nə də Avropa İttifaqının üzvüdür. Bu baxımdan, Azərbaycanın strateji dəsti-xətti həmin ölkələrin strateji siyasəti ilə uzlaşmır. Doğrudur, Rusiyanın Azərbaycanı hərbi-siyasi təsir altında saxlamaq istəyi var. Amma reallıqda bu belə deyil. Əgər Rusiya məqsədinə nail olsa idi, Türkiyə, İsrail kimi ölkələrlə hərbi əməkdaşlığa mane olardı. Amma bunu edə bilmir. Azərbaycan gələcəkdə geosiyasi kursunu dəyişsə, Rusiya sülhməramlı qüvvələr vasitəsilə bunun qarşısını ala bilməz. Rusiyalı ekspertlər də deyir ki, sülhməramlılar hər tərəfdən Azərbaycan hərbçiləri ilə əhatə olunub.

Qarşıdan gələn illərdə Azərbaycan həmin ərazilərdə yaxşı təhciz olunmuş hərbi bazalar quracaq. Yəni reallıq fərqlidir. Heç kim imkan verməz ki, Rusiya hərbçiləri Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunsun”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1156