hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Saakaşvili Qafqaza nə gətirəcək?

Saakaşvili Qafqaza nə gətirəcək?

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin baş nazir vəzifəsinə namizəd irəli sürülməsi ölkədə siyasi münasibətləri gərib.

Müxalifət partiyalarının birləşdiyi "Güc birlikdədir" bloku oktyabrın 31-də keçiriləcək parlament seçkilərində qalib gələcəyi təqdirdə, M.Saakaşvilini Baş nazir seçəcəyini bəyan edib. Bu qərar dərhal hakimiyyətin sərt reaksiyası ilə qarşılanıb. Gürcüstanın Ədliyyə naziri Tei Tsulukiani Vahid Milli Hərəat Partiyasının lideri M.Saakaşvilini həbs edəcəklərini bildirib:

"Saakaşvili Gürcüstana gələn kimi dərhal həbsxanaya - müstəqil Gürcüstan məhkəməsi tərəfindən cəzalandırıldığı cəzanı çəkmək üçün göndəriləcək".

Baş nazir Georgi Qaxariya isə Saakaşvilinin gəlişinin Gürcüstanda keçiriləcək parlament seçkilərinin keçirilməsinə təsir göstərməyəcəyini deyib. Mixail Saakaşvilinin hazırkı statusu və üzləşdiyi vəziyyət seçkilərdə iştirakını mümkünsüz edir. Ona görə də oktyabrın 31-ə qədər eks-prezidentin Gürcüstana qayıtmaya da bilər. Çünki M.Saakaşvili barəsində cinayət içi açılıb və məhkəmənin qərarı ilə altı il müddətində azadlıqdan məhrum edilməsinə dair qərar çıxarılıb. Yəni onun üzərində məhkumluğun olması seçkilərdə iştirakına imkan vermir. O, yalnız prezident Salome Zurabişvilinin əfv fərmanı ilə cinayət təqibindən azad edilə bilər. Ancaq prezidentin öz sələfini əfv edəcəyi inandırıcı görünmür. Üstəlik, Saakaşvili Ukrayna vətəndaşıdır və Gürcüstan qanunvericiliyinə görə, seçkilərdə namizəd ola bilməz. Nəhayət, M.Saakaşvili son yeddi ildə Gürcüstanda yaşamayıb. Bütün bunlar Saakaşvilinin müxalifət seçkilərdə qələbə qazansa belə, baş nazir postuna çatmaq üçün bir sıra hüquqi prosedurlardan keçməli olduğunu təsdiq edir. O, ilk növbədə məhkumluğun üzərindən götürülməsinə nail olmalı, sonra Gürcüstan vətəndaşlığını qazanmalı və nəhayət, parlamentdə boş qalan yerlərə seçilmək imkanı əldə etməlidir. Bütün bunlar isə "Güc birlikdədir" birliyinin seçkilərdə qalib gəlməsi və yeni hökumət qurması nəticəsində mümkündür. Ancaq Mixail Saakaşvilinin vəd etdiyi kimi Gürcüstana dönə bilməməsi onun siyasi nüfuzuna ciddi zərbə vura bilər. Onun vətənə qayıdacağı ilə bağlı aşıqlamasını əleyhdarları müxalifətin dəstəyini qazanmaq üçün piar-gedişi kimi qiymətləndirir. Eks-prezidentin sözünə əməl edə bilməməsi qeyd edilən arqumenti gücləndirmiş olar. Vahid Milli Hərəkat Partiyasının parlamentdəki fraksiya rəhbəri Roman Qotsiridze Saakaşvilinin Gürcüstana noyabr ayında, yəni seçkilərdən sonra dönəcəyini bildirib. Müxalifətçi deputatın sözlərinə görə, sabiq prezidentin seçkilərdən öncə Gürcüstana dönməsi özünün də dediyi kimi qeyri-sabitlik yarada bilər:

"Mixail Saakaşvilinin ölkəyə qayıdışı hökumətin dəyişməsindən sonra, yəni noyabrda baş verəcək".

Lakin M. Saakaşvilinin seçkidə iştirak etməməsi onun Gürcüstanda gözlənilmədən peyda olmayacağı demək deyil.

"Qızılgül inqilabı" liderinin seçkilərin həlledici mərhələsində Gürcüstana gəlişi müxalifətin revanş götürməsi üçün mühüm rol oynaya bilər.

Qeyd edək ki, belə bir təcrübə 2018-ci ildə keçirilən prezident seçkiləri zamanı da yaşanmışdı. Saakaşvilinin videomüraciət edərək xalqı küçələrə çıxmağa, polisi və ordunu dinc aksiyaçıların tərəfinə keçməyə çağırması ölkədə inqilabi situasiya yaratmışdı. Bu baxımdan, Saakaşvilinin bu və ya digər şəkildə seçkilərə müdaxilə edəcəyi istisna olunmur. Ekspertlərin fikrincə, Saakaşvilinin qayıdışı məsələsi Cənubi Qafqazda və Qaradəniz regionunda gedən geosiyasi proseslərlə bağlıdır. Sabiq prezidentin baş nazir postuna gəlişi Gürcüstanın NATO-ya daxil olmasını sürətləndirə bilər. Bu isə ABŞ-ın maraqlarına cavab verir. Ona görə də parlament seçkilərinin geosiyasi maraqlaqr toqquşması fonunda keçməsi Gürcüstanda güclü siyasi qarşıdurma ilə müşayiət olunacaq. Bu baxımdan, Saakaşvilinin liderliyi ilə yeni bir inqilabın baş verəcəyi ehtimal olunur. Politoloq Fərrux Məmmədovun sözlərinə görə, Saakaşvilinin qayıdışını yalnız İvanişvili hakimiyyəti deyil, Rusiya da istəmir.

"Rusiya anlayır ki, Saakaşvilinin gəlişi Gürcüstanın NATO-ya qəbulu prosesini sürətləndirəcək. Hətta bu qəbulun gözlənilmədən, bir növ gizli qəbul olunacağına dair məlumatlar var. Yəni çalışacaqlar ki, Rusiya xüsusi xidmət orqanları məlumat əldə etmədən bu qərar çıxarılsın. Hətta bir gündə və ya bir gecədə NATO ölkələri toplanıb Gürcüstanın alyansa qəbul edəcəklər. Pandemiyadan da istifadə edib bu tədbiri keçirə bilərlər. NATO silahlı qüvvələrinin ABŞ bayrağı altında Gürcüstana daxil olması qlobal bir hadisə olacaq. Bunun ən çox təsirini görən ölkələrdən biri də Azərbaycan olacaq. Rusiya Gürcüstanı itirdikdən sonra Ermənistanın da Moskvanın təsir dairəsində olduğunu nəzərə alsaq, Azərbaycan regionda həlledici rola malik olacaq. Rusiya təcavüzkar siyasətindən əl çəkməyəcək. Rusiya Azərbaycanla bağlı çox sərt siyasi mövqe ortaya qoyacaq. Azərbaycan Prezidenti İlham Əliyevin İran səfini qəbul edərkən qətiyyətli, kəskin fikirlər bildirməsi, bundan öncə Rusiya prezidentinə irad tutması həmin ölkələrdən təhlükə gəldiyini təsdiq edir. Son vaxtlar Rusiyaya yaxın mövqeyi ilə seçilən Ramiz Mehdiyevin tənqid hədəfinə çevrilməsi də hesab edirəm ki, bu prosesin tərkib hissəsidir. Görünür hakimiyyətin əlində ciddi məlumatlar var".

Ekspert bildirdi ki, Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlişi onun xalqa verdiyi vədlərdən asılı olacaq. "Saakaşvili müasir Gürcüstann banisidir. Ancaq xalq 2012-ci ildə İvanişvilini, soyuduculara, kondinsionerlərə, televizora görə seçdi. Halbuki Saakaşvili onları yoxsulluğun yaratdığı fəlakətdən çıxartmışdı. Xalq isə onu İvanişvilinin verdiyi bitr soyuducuya satdı. Bəs indi İvanişvildən nəyin müqabilində imtina edəcək? Bu sualın cavabından çox şey asılıdır. Hesab edirəm ki, Gürcüstanda siyasi xaos olmayacaq. Gürcüstanda inqilaba iki dəfə cəhd oldu. Polis isə buna imkan vermədi. Çünki aksiyaların lideri yox idi. Saakaşvili liderdir, ancaq o bu gün Gürcüstana gəlib xalqı arxasınca aparmaq imkanında deyil". Qeyd edək ki, Gürcüstanda NATO-nun "Layiqli Tərəfdaş-2020" proqramı çərçivəsində hərbi təlimləri keçirilir. Yaxın günlərdə isə Rusiya "Qafqaz-2020" hərbi təlimlərinı başlayacaq. Bunun ardınca Ukraynada Rusiyaya cavab olaraq NATO-nun "Birgə səylər-2020" təlimləri başlayacaq. Bu proseslərin Cənubi Qafqazdakı siyasi proseslərə təsir ötüşməyəcəyi proqnozlaşdırılır. Fərrux Məmmədov hesab edir ki, bu təlimlərin mahiyyəti siyasi münaqişələrdən qaynaqlanır. İkinci Dünya Müharibəsindən sonra baş verən büqtün müharibələr siyasi məqsəd daşıyıb. Ona görə də bir sıra münaqişələr illərlə davam edir və nə zaman sona çatacağı məlum deyil. Gürcüstanın gizli şəkildə NATO-ya qəbulu Cənubi Qafqazda geosiyasi və hərbi qarşıdurmanı artıracaq.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 22078