hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Sabiq nazir: “Fransa öz qarşısında tək Azərbaycanı yox, Azərbaycan-Türkiyə birliyini görəcək”

Sabiq nazir: “Fransa öz qarşısında tək Azərbaycanı yox, Azərbaycan-Türkiyə birliyini görəcək”

“Azərbaycan Fransa ilə əlaqələri minimum səviyyəyə endirməlidir”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib.

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanın dövlət başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubunu şərh edən T.Zülfüqarov bildirib ki, iki gün öncə Parisdə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edərkən Azərbaycanın ünvanına sərt ittihamlar səsləndirən E.Makron ardınca Prezident İlham Əliyevə göndərdiyi məktubda iqtisadi əməkdaşlıqdan, dostluqdan və sülhün təmin olunmasında Fransanın vasitəçilik etməyə hazır olmasından bəhs edib. Ancaq həmin ifadələrə diqqət yetirdikdə Emmanuel Makronun yenə də Ermənistanın mövqeyindən çıxış etdiyini görmək olar:

“Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatdan altı ay sonra yerlərdə davamlı sülhə şərait yaratmaq üçün dərin işləri davam etdirmək lazımdır. Bu, xüsusilə Ermənistan və Azərbaycan arasındakı sərhədin sülh yolu ilə delimitasiyasını və hərbi əsirlərin öz yaxınlarına qovuşa bilmələrini nəzərdə tutur. Bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunması da vacibdir. Bu baxımdan, UNESCO-nun təklif etdiyi missiyanın təşkilini asanlaşdırmağınızı tövsiyə edirəm”.

Bununla da Fransa Prezidenti Ermənistan tərəfinin iddia etdiyi kimi, sərhəddə gərginliyi Azərbaycanın yaratdığına işarə edir və rəsmi Bakını güc yolu ilə deyil, danışıqlar vasitəsilə həll etməyə çağırır. Əslində, Makron Paşinyanla görüşü zamanı söylədiyi “Azərbaycan ordusu Ermənistan ərazisini tərk etməlidir” fikrini diplomatik tərzdə məktubda davam etdirir. Yəni Makron sərhəddə yaranmış gərginliyə görə məsuliyyəti Azərbaycanın üzərinə atmaqla dolayısı ilə Ermənistanın maraqlarını müdafiə edir. Fransa Prezidenti terrorçuları hərbi əsirlər adlandırır və onları azadlığa buraxmağı təklif etməklə rəsmi olaraq Ermənistana dəstək verir. Makron bölgənin irsinin müxtəlifliyinin qorunması məsələsini gündəmə gətirməklə Azərbaycanın guya dini abidələri münasibətdə diskriminasiyaya yol verməsi barədə ermənilərin iddilarına bəraət qazandırmağa çalışır.

Göründüyü kimi, Azərbaycana qarşı qərəzli münasibəti ilə seçilən Prezident Makronun məktubunun arxasında xoş niyyət deyil, daha gizli planlar dayanır. Bunu məktubun sonunda yazılan fikirlərdən də görmək olar: “Sonda Sizi əmin edirəm ki, Fransa himayəsi altında yüksək səviyyəli bir dialoq qurmaq üçün Minsk qrupunun həmsədri kimi bütün öhdəliklərini davam etdirəcək və ölkənizlə Ermənistan arasında ədalətli, davamlı sülh və ortaq rifah mənbəyi əldə edilə bilər”.

Əslində, Makron bununla ATƏT-in Minsk Qrupunun fəaliyyətinin vacibliyinə Azərbaycanı inandırmaq istəyir. Son zamanlar Cənubi Qafqazda geosiyasi mövqeyini gücləndirməyə çalışan rəsmi Paris həmsədrlik mandatına öz məqsədinə çatmaq vasitəsi kimi baxır.

Tofiq Zülfüqarovun sözlərinə görə, ATƏT-in Minsk Qrupu artıq mənasını itirib, çünki Ermənistan-Azərbaycan münaqişəsi bitib. Azərbaycan Prezidenti də bunu bəyan edib:

“Azərbaycana qarşı işğal faktı var idi. Artıq bu işğala son qoyulub və Ermənistan ordusu Azərbaycan ərazisini tərk edib. Ona görə də Fransanın münaqişənin həll olunmamasına dair mövqeyi gülməli səslənir. Beynəlxalq hüquqa görə, Fransa vasitəçilik təklif edə bilər. Biz hesab edirik, Minsk Qrupunun çərçivəsində heç bir dövlətin vasitəçiliyinə ehtiyac yoxdur. Azərbaycanın razılığı olmadan nə Fransa, nə də başqa bir ölkə Minsk Qruöu çərçivəsindəki öhdəliklərini yerinə yetirə bilər. Azərbaycan vaxtilə vasitəçilik üçün beynəlxalq təşkilata müraciət etdi. İndi isə bizə vasitəçilik lazım deyil. Əgər biz bunu istəmiriksə, onlar bunu necə edə bilər? Fransa tərəfindən qeyri-ciddi bəyanatlar səslənir. Makron deyir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozmasın və geri çəkilsin. O, bu fikri hansı əsasla söyləyir? Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanımırsa, bizim hərbçilərimiz hara çəkilməlidir? Ona görə də Makron məntiqsiz bəyanatlar verir. Ermənistan 30 ildir ərazi bütövlüyümüzü və sərhədlərimizi pozub. İndi darmadağın olandan sonra iddia edir ki, sərhəd oradan yox, buradan keçməlidir. Makron da buna dəstək verir. Fransaya kim ixtiyar verir ki, bu mövzuya müdaxilə etsin”.

Diplomat onu da qeyd edin ki, “hərbi əsirlər”in qaytarılmasına dair E.Makronun çağırışı da əsassızdır. Çünki Azərbaycanda erməni hərbi əsirlər yoxdur.

Tofiq Zülfüqarov hesab edir ki, Fransa Cənubi Qafqazda fəal siyasət həyata keçirmək imkanına malik deyil:

“Çünki Fransanın Azərbaycan-Türkiyə tandeminə hansısa məsələləri diktə etmək imkanı yoxdur. Artıq Fransa öz qarşısında tək Azərbaycanı deyil, Azərbaycan-Türkiyə birliyini görəcək. Bu baxımdan, Fransanın bu regionda gücü yoxdur. Eyni zamanda, Fransa coğrafi baxımdan Cənubi Qafqaza gəlmək imkanına da malik deyil. Yeganə problem daxili siyasətdədir. Makron Fransanın maraqlarına zidd olaraq, öz seçicilərinin səslərini qazanmaq üçün bu cür bəyanatlar verir. Fransa şirkətləri dəyəri milyonlarla ölçülən müqavilələləri itirib. Azərbaycanın Fransa ilə imzalamağa hazırlaşdığı saziş Avropa ölkələri arasında ən böyük müqavilə idi. Hərbi-texniki sahədə 250 milyon dollardan çox dəyəri olan sazişlər var idi. Amma bu maraqlar kənara qoyulub və Makron ermənilərin səsini qazanmaq üçün bu cür siyasət aparır. Fransanın ziyanına olan belə siyasət müvəqqətidir və uzun müddət davam edə bilməz. Hesab edirəm ki, indiki mərhələdə Azərbaycan Makrona sərt cavab verməlidir”.

Sabiq nazir bildirib ki, 2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində hakimiyyət dəyişikliyi baş verərsə, hansı namizədin seçilməsi Azərbaycan üçün ciddi əhəmiyyət kəsb etmir. Çünki seçim edən tərəf Azərbaycandır:

“Ümumiyyətlə, Fransa ilə əlaqələri azaltmaq lazımdır. Bu proses Fransa parlamenti Azərbaycanın əleyhinə olan qərarı ləğv edənə qədər davam etməlidir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 6975