hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Sabirabadda qarayara narahatlığı: Ailələr karantinə alındı - SON DURUM

Sabirabadda qarayara narahatlığı: Ailələr karantinə alındı - SON DURUM

Azərbaycanda daha 2 nəfər qarayara xəstələyinə tutulub. 

Bu barədə dünən Səhiyyə Nazirliyindən bildirilib. 

Belə ki, 2 Sabirabad sakini, 34 və 26 yaşlarında kişi Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. 

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb. 

Bildirək ki, bu artıq Sabirabadda aşkarlanan ikinci qarayara faktıdır. Bundan əvvəl isə iyulun 25-də müraciət edilib, iyulun 29-da isə xəstələrdən biri 60 yaşında dünyasını dəyişib. 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Baş məsləhətçisi Yolçu Xanvəliyev bildirib ki, heyvanlarda bu xəstəlik aşkarlanmayıb, insanların bu xəstəliyə necə yoluxmasını araşdırmaq  isə digər qurumların səlahiyyətindədir:

“Tək Sabirabadda deyil, bütün respublikada hal-hazırda 3 aylıq həm xırdabuynuzlu, həm iribuynuzlu heyvanlarda peyvəndləmə tədbirlərinə sentyabrın ilk günündən başlanıb. Həmin hadisə ilə bağlı da bildiririk ki, hazırda qarayaraya qarşı lazımi tədbirlər görülür. Həm yerli baytarlıq idarələri, həm də məntəqələr lazımi ləvazimatlarla təmin olunub. Həmin təsərrüfatdan da qan götürülüb və heyvanlarda bu xəstəlik aşkar olunmayıb. Şəxslərin necə yoluxması isə müvafiq qurumların səlahiyyətinə aid olan məsələdir. Biz ancaq profilaktik tədbirləri həyata keçiririk”. 

Xəstələrlə bağlı Cebhe.info-ya danışan Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev onların vəziyyətinin qənaətbəxş olduğunu və müalicənin davam etdiyini diqqətə çatdırıb:

“Hazırda qarayara xəstəliyi ilə bağlı iki xəstə yerləşdirilib və ikisinin də vəziyyəti qənaətbəxşdir, müalicələri davam edir. Həmçinin şəxslərin bütün ailə üzvlərini də yoxlamışıq, onlarda bu xəstəlik aşkarlanmayıb. Şəxslər Qaragüney və Həşimxanlı kəndlərindədir”. 

Həşimxanlı bələdiyyəsinin sədri Fikrət Əmrahov isə ailənin karantinə götürüldüyünü bildirib: 

“Bizim kəndimizdən həmin xəstəliyə tutulan şəxs İskəndərov Rəvan Ülvi oğludur. Sözsüz ki, xəstəxanaya müraciət ediblərsə, həmin ərazi karantinə alınıb. Ailənin özü elə karantinə götürülüb”. 

Sabirabad rayonu İcra Hakimiyyəti başçısının Qaragüney kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanmusa Həsənov isə bildirib ki,  digər xəstə Muradov Yunis Məhəbbət oğlu hazırda xəstəxanada müalicə alır: 

“Kənddə başqa şəxslərdə bu xəstəlik aşkarlanmayıb. Dünəndən ərazi karantinə alınıb. Dünən ailə üzvləri də yoxlanılıb, onlarda bu xəstəlik aşkarlanmayıb”. 

Xatırladaq ki, qarayara xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir. Bu xəstəlik 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 9 nəfərdə qeydə alınıb. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 3664