hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Sabitliyin yeni modeli- “Qafqaz evi”: “Bölgənin gələcəyini Rusiyasız qurmalıyıq”-TƏHLİL

Sabitliyin yeni modeli- “Qafqaz evi”: “Bölgənin gələcəyini Rusiyasız qurmalıyıq”-TƏHLİL

“Bir neçə gündür, Rusiya televiziyaları terror dövləti olan Ermənistanın Azərbaycan mülki əhalisinə qarşı terroruna haqq verir, dəstəkləyici çıxışlar sərgiləyır, Bakını bombalamaqdan danışır. Rusiyanın bizə münasibəti bəllidir, bu barədə kiməsə nəyisə isbat eləməyə gərək yoxdur. Uzun illərdir, bu barədə yazırıq, danışırıq, amma vaxtilə Rusiyanın “R” hərfini dilə gətirməyi meteorit hadisəsi kimi görənlər indi rahat şəkildə rusiyaşünas olublar.

Olsunlar, gec də olsa, ehtiyatla da olsa, Prezidentin ağzın güdməklə də olsa, olsunlar. Bu gün bizim əsas işimiz ölkəmizdə Rusiya sevdalılığını söküb atmaq, Rusiyanın bizə qarşı şovinist və birtərəfli münasibətinə qarşı cəmiyyətdə milli mənafeyə xidmət edən ictimai fikri formalaşdırmaqdır”.

Cebhe.info xəbər verir ki, bunu siyasi təhlilçi Anar Əsədli deyib. O qeyd edib ki, Qarabağ məsələsində Rusiyanın marağı maddiyyatdan üstündür: “Təbii ki, yenə də hamını bir klassik sual düşündürür: Axı niyə Rusiya və ya ruslar bizə düşmən münasibət bəsləyir? Niyə Ermənistanı durmadan silahlandırır? Niyə bizə qarşı nifrət doludurlar? Qarabağın yaxın tarixinə baxsaq, xatırlatmaq yerinə düşər ki, öncə Dağlıq Qarabağ ərazisində nümayişlər şəklində başlanan bu erməni fitnəsi sonradan bütünlüklə Qarabağ və ətraf rayonlara yayılan qanlı savaşa çevrildi. Hətta möhkəmlənməmiş, yeni qurulan dövlət olduğumuz vaxtlarda belə, heç kimə sirr deyil ki, savaşın ana planı Rusiyada cızılır, yaxın qonşu, müsəlman olmasına baxmayaraq, yumşaq desək, heç vaxt dost olmayan İran tərəfindən təqdir edilir. Rusiya nəhəng dərəcədə silahlanmış dövlətdir.

Ən böyük istehsalatı silahdır, bundan dolayı dünyanın istənilən yerində tökülən qan Rusiya üçün gəlir mənbəyidir. Ancaq Qarabağ məsələsində Rusiyanın maraqları maddiyyatdan daha üstündür - Qafqazda daim qan ocaqları yaradıb, şantaj mövqeyi tutmaq, savaşan tərəfləri bir-birinə qanlı düşmən etmək, bu məqsədlə soyqırımları törətmək və s. məsələləri hədəf alır. Qafqaz kimi regiondan Rusiyanın xoşluqla çıxmayacağını, yeri gələrsə, konfliktə müdaxilə etmək istəyəcəyini Azərbaycan rəhbərliyi daha yaxşı bilir. Bu səbəbdən də “Türkiyənin “F 16”sı burada dayanıb, xarici aqressiya zamanı istifadə ediləcək” kimi mesajlar verildi. Bu mesajdan Moskva dərhal öz payını götürdü.

28 oktyabr tarixində Rusiya informasiya agentliklərində hərbi analitiklər Aleksandr Perenciyev, Aleksandr Qolts, Pavel Felqeauer Prezident İlham Əliyevin bu mesajının Moskvaya ünvanlandığını söylədilər. Bu yerdə yaxşı deyiblər: “Sözü atarsan, yiyəsi götürər”. Azərbaycan Prezidenti açıq-aşkar Ermənistana edilən hərbi yardımların hesabatını tələb edir və Rusiyaya sual verir ki, beş minlik rus ordusunun Azərbaycan sərhədində nə işi var? Tovuz hadisələrindən dərhal sonra da İlham Əliyev Putinlə telefon danışıqları zamanı Rusiyadan Ermənistana transfer edilən 400 tonluq yardımla bağlı narazılığını bildirdi. Rusiya o zaman məsələni taxta-şalbana bağladı. Lakin biz doğruların nə olduğunu yaxşı bilirdik”.

Ekspert əlavə edib ki, “Böyük Ermənistan” xülyası Rusiyanın əlində girova çevrilən erməniləri bu qədər vəhşi, uşaq qatili, vandala çevirdi: “Heç təəccüblü deyil ki, yayda Türkiyə hərbi gücləri 11000-lik qoşunla ölkəmizə hərbi təlim keçmək məqsədi ilə gələrkən rus maşaları bizi Rusiyanın başımıza yağdıracağı bombalarla qorxudurdu. Bu gün o bombalar Gəncəni, Bərdəni, Tərtəri vurur. Günahsız azərbaycanlıların qanına əlini bulaşdırmış ermənilər rusların əlində girova çevriliblər.

Şizofren erməni xüsusiyyətləri, “Böyük Ermənistan” xülyası onları bu qədər vəhşi, uşaq qatili, vandala çevirdi. Rusiya bundan yaxşı istifadə etdi. Ermənilər böyük məğlubiyyətləri zamanı da son nəfəslərinədək savaşaraq düşünürlər ki, Moskva gələcək. Bir tək Xankəndi qalsa belə, ruslar gələcək. Buna ümid edirlər. Niyə? Çünki Rusiya bu xalqı qatil edərkən, soyqırımı törətməyə məcbur edərkən onları qoruyacağına söz vermişdi. Ermənilər də qazandıqları müvəqqəti qalibiyyətlərində eyforiyaya qapıldılar. Rusları özlərinə dost bildilər. Bir xüsusu unutdular. Bütün dövlətlər kimi, Rusiyanın dostu-düşməni yox, maraqları var. Maraqlarına uyğun olanda sonuna qədər susacaqlar”.

A.Əsədli onu da vurğulayıb ki, Moskva bu gün 90-cı illərdən fərqli bir oyun oynayır: “Rusiya artıq hadisədə birbaşa iştirak etmir. Xocalıda olduğu kimi, soyqırımı törətmir. Tərəfsizlik nümayiş etdirir kimi görünməyə çalışır. Sülhməramlı kimi iştirakının yalnız Azərbaycanın da razılığı olacağı təqdirdə baş verəcəyini söyləyir. Susurmuş kimi davranır. Putin öz çıxışında “biz daim Ermənistanın yanındayıq, daim baş nazirlə əlaqə saxlayırıq, bağladığımız müqavilələrə sadiqik, amma Azərbaycan ərazisinə girə bilmərik” deyə bildirdi. Lakin bu tərəfdən Rusiyanın xarici işlər naziri Lavrov rahat durmur, sürəkli sülhə (yəni mövcud durumun ermənilərin xeyrinə davam etməsinə) yönəlik çağırışlar edir, vəziyyəti ermənilərin xeyrinə dondurmaq istəyir.

Bu məsələdə Rusiya ikili oynadığını bir daha ortaya qoyur. Birincisi, Rusiya söz verdiyi ermənilərə “əlimdən gələni edirəm, ancaq Azərbaycan məni dinləmir” mesajını verir. İkincisi, zəifləmiş gücünü gizlədə bilməyən Rusiya əsl ayı kimi ətrafı dağıdaraq çökür. Həm iqtisadi, həm siyasi cəhətdən tənəzzül yaşayan Moskva, elə pandemiya dövründə bir daha ekstremal hallara hazırlıqlı olmadığını göstərdi. Qüdrətli bir dövlət kimi davrana bilmədi, əhalisinə heç bir yardım göstərə bilmədi və faktiki ən böyük milyarderləri belə “batan gəmini seyr edirik” kimi etiraflar etdilər.

Təəssüf ki, biz batan gəmini qansız seyr edə bilmirik. Biz hər gün davamlı qanımızı tökən qansız bir yağı ilə üz-üzəyik. Hazırda Bərdəni, Gəncəni pulsuz-parasız, rusun məqsədli şəkildə verdiyi silahla vuran ermənilər uşaq və sivilləri öldürürlər. Rus silahı ilə əsgərimizi öldürür erməni. Bizə bəzən deyirlər ki, Rusiya ilə bu günə və sabaha görə münasibət saxlamalıyıq tarixi münasibətləri qurdalamayaq. Yaxşı, mən tarixi dünəndə qoydum. “Bu gün bu gündür” deyib, yola çıxsaq, yenə rusu qarşı tərəfdə görürük. Nə qədər istəsək, Rusiyanı yanımızda görə bilmədik. Rus məktəbləri, rus dilinin ölkəmizdə statuslu olması, rus biznesinə son vaxtlar açılan paytaxt, rus musiqiçiləri üçün hazırlanan konsert proqramları Rusiyanı yanımıza gətirmədi. Biz nə zaman boylansaq, qanımıza batmış rus əlini görürük”.

Ekspert qeyd əlavə edib ki, Rusiyada siyasi hakimiyyət dəyişsə də, siyasi yanaşma tərzi dəyişmir: “Mən 1920, 1990-cı il 20 yanvarını, hətta Xocalını, işğal olunmuş torpaqlarımızda rus iştirakını kənara qoyuram. Deyək ki, vəziyyət başqadır, rus rəhbərliyi dəyişib o vaxtdan və Putin o cinayətlərə görə məsuliyyət daşımır. Bəs indi? İndi ki, Rusiya rəhbərliyi fərqlidir. Bu nə Yekaterinadır, nə Lenindir, nə Qorbaçovdur, nə Yeltsindir. Nə Polyaniçkodur, nə Yazov. Onları tarixə gömsək belə, gələn hər rus rəhbəri yeni qan xatirəsi yaşadacaq bizə. Bunu birbaşa etməyəcək, erməninin əli ilə yeni Gəncələr, yeni Bərdələr...

Bu gün qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Putinə təklif edir - gəl, regionda sülhü bərqərar edək, yəni gəl, itini çək - deyir. Amma itini çəkmək rusun işinə yarayırmı, bax, suallar buradan doğur. Rusu regiondan çıxartmasaq, bizə nəfəs yoxdur. Acıdır, amma gerçək budur. İti öldürənə sürüdürlər. Biz SSRİ-ni dağıtmış xalqıq, müstəqilliyimizi dişlə, dırnaqla yazmışıq, qanla həkk etmişik, Qarabağımız uğrunda qanımızı, canımızı fəda demişik, rus qoşununu ölkədən çıxartmışıq, indi isə bir daha toparlanıb öldürücü zərbəni vurmalıyıq, biz erməniləri tam zərərsizləşdirməliyik.

Müstəqilliyimizi qazanandan sonra bizi qalib göstərməmək üçün uzun illər belə təbliğat getdi ki, SSRİ-ni Amerika dağıtdı - biz də göydən düşmə kimi müstəqillik qazandıq. Bəs Amerika burada iş apararkən biz armud toplayırdıq? Milyonlarla insan “Azadlıq” meydanına boşunamı yığışdı? 20 Yanvar Şəhidləri nə uğrunda canlarını verdilər? Biz bu qədər qanımızı nəyin naminə tökdük? Əlbəttə ki, Müstəqilliyimiz uğrunda. SSRİ-nin dağılmasında ən böyük rollardan biri məhz xalqımıza məxsusdur. Bunu unutmamalıyıq və hazırkı güc bu gün daha mütəşəkkil, daha yüksək səviyyədə doğulur. Elə bu xalq gücünün sayəsində Rusiyanın qoşunlarını ölkəmizdən çıxara bildik”.

A.Əsədli Qafqazda yeni layihə təklifi də irəli sürüb: “Bu gün nə bizdə, nə qonşu Gürcüstanda rus qoşunu mövcuddur. Rusun qoşunu olduğu tək region ölkəsi Ermənistandır. Biz bu məsələdə Gürcüstanla birləşməli və Ermənistanı tam zərərsizləşdirməliyik. “Qafqaz evi” yaranmalıdır. Qafqazın gələcək hüzuru və stabilliyi naminə. Russuz, qansız, mehriban yaşayan “Qafqaz evi”. Bu absurd bir ideya deyil, reallıqdır, məcburiyyətdir. Sülhün və demokratiyanın simvolu olan Qafqaz. Türkiyənin, İsrailin, Pakistanın, Ukraynanın, Avropanın dostu olan Qafqaz. Rusiyasız Qafqazın gələcəyini qurmalıyıq və buna hazır olmalıyıq”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 2729

Bizim Telegram səhifəmizi izləyin