hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Sahibə Qafarova Macarıstan səfiri ilə görüşüb

Sahibə Qafarova Macarıstan səfiri ilə görüşüb

Oktyabrın 16-da Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Viktor Szederkenyi ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlimata görə, qonağı salamlayan Milli Məclisin Sədri ölkələrimiz arasında münasibətlərin zəngin tarixə malik olduğunu vurğulayıb, hazırda da iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O, Azərbaycan və Macarıstan arasında münasibətlərin inkişafında iki ölkə rəhbərliyi arasında əlaqələrin mühüm rolunu xüsusi qeyd edib.

Parlamentlərarası əlaqələrə də toxunan spiker hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının münasibətlərimizin inkişafına töhfə verdiyini bildirib. Hazırda qlobal pandemiya ilə əlaqədar olaraq, qarşılıqlı səfərlərin təxirə salındığını söyləyən MM Sədri pandemiya sonrasında bu istiqamətdə fəaliyyətin genişləndirilməsi ilə parlament diplomatiyasının münasibətlərin inkişafında rolunun daha da artacağına ümidvar olduğunu qeyd edib.

Bu günlərdə Macarıstan parlamentinin Sədri Laslo Köverin son zamanlar cəbhə xəttində baş verənlərlə bağlı, xüsusilə mülki insanların ölümü ilə nəticələnən hadisələrdən ciddi narahatlığını ifadə edən məktubunu aldığını xatırladan spiker macarıstanlı həmkarlarının bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyəcəklərinə ümidvar olduğunu bildirib.

Sahibə Qafarova görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında səfirə geniş məlumat verib.

O, həmçinin sentyabrın 27-dən başlayaraq, Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar, Azərbaycanın şəhər və rayonlarının işğalçı ölkənin silahlı qüvvələri tərəfindən artilleriya və raket atəşinə tutulması, mülki vətəndaşların və mülki obyektlərin hədəfə alınması barədə danışaraq qeyd edib ki, bütün bunlar Ermənistandakı hərbi-siyasi rejimin cinayətkar mahiyyətini əks etdirir. Son olaraq, bu gün Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket zərbəsi endirilməsini səfirin diqqətinə çatdıran Sahibə Qafarova deyib ki, bu, bir daha göstərir ki, Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi miqyasını genişləndirməyə çalışır. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Ermənistanı hərbi və müharibə cinayətlərinə görə sərt şəkildə qınamalı, bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.

Səmimi görüşə və ətraflı məlumatlara görə minnətdarlığını bildirən Macarıstanın Azərbaycandakı Səfiri Viktor Szederkenyi də ölkələrimiz arasında yüksək münasibətlərin məmnunluq doğurduğunu bildirib. O, Azərbaycan və Macarıstanın bir çox məsələlərdə bir-birini dəstəklədiyini xatırladaraq, ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyinə hər zaman öz dəstəyini ifadə etdiyini xüsusi qeyd edib. Səfir terrorizmə, ekstremizmə qarşı beynəlxalq mübarizənin gücləndirilməsi ilə bağlı da ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü bildirib.

Görüşdə iki ölkə arasında mədəniyyət, təhsil, elm sahəsində münasibətlərin genişləndirilməsi, qarşılıqlı tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində addımların atılması ilə bağlı da müzakirələr aparılıb.

Cebhe.info


Oxunma sayı: 6634

Bizim Telegram səhifəmizi izləyin