hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Sahibkarlara kredit əfvi: İqtisadiyyata nə verəcək?

Sahibkarlara kredit əfvi: İqtisadiyyata nə verəcək?

Fiziki şəxslərin 10 min dollara (17 min manata-müəl.) qədər olan kreditlərin dövlət tərəfindən kompensasiya olunması maliyyə bazarında müəyyən aktivlik yaradıb. 

Qeyd edək ki, son rəsmi məlumatlara görə, artıq kompensasiyaların ödənilməsinin 87 faizi təmin edilib. İndi isə 10 min dollardan yuxarı olan kreditlərin də kompensasiya olunması məsələsi gündəmə gəlib. Belə ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib. V.Əhmədov bildirib ki, fiziki şəxslərin problemli kreditlər məsələsi tam yekunlaşdıqdan sonra hüquqi şəxslərin problemli kreditləri məsələsinə baxılacaq. 

Amma bir müddət öncə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov biznes kreditləri üçün güzəştin gündəmdə olmadığını bildirmişdi. “Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərin görə cavabdehdirlər”-deyə, E.Rüstəmov qeyd etmişdi. Amma Vahid Əhmədovun dediklərinə istinad etsək, hazırda hökumətin gündəmində bu məsələ var və yəqin ki, qısa zamanda bununla bağlı müəyyən qərarlar veriləcək.

Maraqlıdır, 10 min dollardan artıq olan məbləğlərə də güzəştin tətbiq edilməsinin hansı müsbət və mənfi tərəfləri ola bilər? Ekspertlər hesab edir ki, bu, daha çox orta və kiçik sahibkarlığın inkişafında müsbət rol oynayacaq. 

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, sözügedən güzəştin tətbiq olunmasının həm müsbət, həm də mənfi xüsusiyyətli olacaq: 

“Belə bir addımın xeyirli tərəfi ondan ibarətdir ki, sahibkarlara dəstək olar. Sahibkarların aktivləşməsinə və bunun da nəticəsində iqtisadiyyatda irəliləyiş müşahidə edilə bilər. Lakin məsələnin başqa bir tərəfi də odur ki, bu tendensiya elə vətəndaşlar üçün nəzərdə tutulan kredit güzəştləri də cəmiyyətdə psixoloji pozğunluq yarada bilər. Hər bir vətəndaşda və sahibkarda belə bir fikir yaranacaq ki, kredit götürüm və məqsədyönlü şəkildə gecikdirim, problem yaransın. Bu tendensiya bir müddətdən sonra kütləviləşəcək və sonra hökumət bağışlayacaq. Bu, iqtisadiyyat deyil. Bu, bir tərəfdən ədalətsizlikdir, digər tərəfdən də vətəndaşda, sahibkarda maliyyə pozğunluğuna meyil yaradır. Əvvəlcədən imkan vermək lazım deyildi ki, vətəndaşlar bu cür ziyana düşsün. Yəni Azərbaycan vətəndaşına yerli bank krediti niyə xarici valyuta ilə-dollarla verirdi? Bu, hökumətin özünün proqramlaşdırdığı məsələdir. Devalvasiyadan əvvəlki dövrdə kredit götürən vətəndaşları banklara çağırıb manatla olan krediti dollara çevirdilər. Vətəndaş da fərqinə varmadan buna getdi. Sonradan devalvasiya baş verdi, vətəndaşlar zərərə düşdü və sonra kreditlərin kompensasiya edilməsi məsələsi gündəmə gəldi, büdcədən milyonlarla vəsait ayrıldı. Yəni yenə də zərbə vətəndaşa dəydi. Büdcə təkcə kredit götürən vətəndaşın deyil. Dövlət büdcəsi bütün Azərbaycan vətəndaşınındır. Hamı o büdcədən mümkün qədər ədalətli şəkildə faydalanmalıdır. Bu siyasəti dövlət, Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankı həyata keçirməlidir. Ona görə də düşünürəm ki, bu, xeyirdən daha çox zərər verən tendensiyalardır”.

Akif Nəsirli əlavə edib ki, kompensasiyaların yalnız dövlət büdcəsindən ödənilməsi doğru deyil. A.Nəsirlinin fikrincə, kompensasiya məbləğinin bir hissəsi banklar tərəfindən ödənilməlidir: 

“Əgər dollarla olan problemli kreditlər kompensasiya olunursa, bu yük ən azından banklarla-dövlət arasında bölünməlidir. Bunu 10 min dollara qədər olan kredilərə kompensasiya verilnəsi ilə bağlı qərar çıxanda etmədilər. Sahibkarlarla bağlı bu məsələni komersiya kreditlərinə tətbiq edəcəklərsə, o, zaman ən azı zərər iki yerə bölünməlidir. Zərərin yarısını banklar, qalanını da dövlət büdcəsi ödəməlidir. Çünki bu problem ölkədə həyata keçirilən maliyyə-kredit siyasətinin nəticəsidir. Problem buradan qaynaqlanır. Bu siyasəti də həyata keçirən dövlət, Azərbaycan Mərkəzi Bankı və komersiya banklarıdır. Ona görə də bu məsuliyyət dövlət və banklar arasında bölünməlidir. Bunun da ən yaxşı variantı zərərin iki yerə bölünməsidir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 573