t Saleh Məmmədovun Çin maşınları açıqlamasına ekspertdən irad: “Yolların yükgötürmə qabiliyyətini açıqlasa, daha yaxşı olar”
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Saleh Məmmədovun Çin maşınları açıqlamasına ekspertdən irad: “Yolların yükgötürmə qabiliyyətini açıqlasa, daha yaxşı olar”

Saleh Məmmədovun Çin maşınları açıqlamasına ekspertdən irad: “Yolların yükgötürmə qabiliyyətini açıqlasa, daha yaxşı olar”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib ki, 2012-2014-cü illərdə gətirilən və asfaltsız-betonsuz yollar üçün nəzərdə tutulan Çin istehsalı avtomobillər yolların infrastrukturunu tamamilə məhv edib. 

Hazırda isə əsasən 2015-ci il istehsalı olan Çin istehsalı avtomobillərə üstünlük verilir. 

Maraqlıdır, Azərbaycana nə qədər Çin avtomobili gətirilib ki, yollar bərbad vəziyyətə düşüb? Yolların bu hala salınmasında təkcə Çin avtomobillərimi rol oynayıb? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, xüsusilə Azərbaycanda avtomobillərin qiyməti, gömrük rüsumları bahalaşdıqdan sonra Çin avtombillərinə meyl daha çox artdı. Onların yollara vurduğu zərərin sayı-hesabı yoxdur:

“Əvvəllər də alınırdı, amma son vaxtlar proses daha da artıb. Bu, xüsusilə özünü yük avtomobillərində göstərir. Əvvəllər Rusiya istehsalı olan KamAZ  daha çox dəbdə idisə, sonralar Çin istehsalı olan yük avtomobillərinə tələb artdı. Onların yollara vurduğu zərərin sayı-hesabı yoxdur. O avtomobillər təyinatından çox yüklənir, parametrləri normalara uyğun deyil. Mən düşünürəm ki, Saleh Məmmədov haqlı olaraq bu məsələni qaldırıb. O avtomobillərin texniki parametrlərinin qaydalar çərçivəsində olmadığını nəzərə alaraq düşünürəm ki, onların istismarı ilə bağlı müəyyən addımlar atılmalıdır”. 

Ekspert qeyd edib ki, Çin istehsalı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi məhdudlaşdırıla bilməz, çünki insanların buna tələbatı var: 

“Kimin gücü çatır bahalı, daha yaxşı avtomobil alır, kimin gücü çatmırsa, məcbur bunlardan alır. Amma Çin istehsalı olan avtomobillərin heç də hamısı keyfiyyətsiz deyil. Yol infrastrukturu düzgün qurulsa və avtomobillər də düzgün yüklə təmin edilsə, yola heç nə olmaz. Avtomobilin yola vurduğu zərər yolun keyfiyyəti ilə bağlıdır. Yol nə qədər keyfiyyətli olsa, o qədər uzunömürlü olar. Avtomobil yola o halda zərər vurur ki, o, yükdaşıma qaydalarını pozur. Asfaltın qalınlığı normal olmadıqda, ağıryüklü avtomobillər  təbii ki, yola zərər vurur. “Azəravtoyol” yolların yükgötürmə qabiliyyətini açıqlasa, daha yaxşı olar. Hələ də bilmirik ki, bizim yollarımızın neçə ton yükə dözümü var. Yol infrastrukturunu düzgün qurmaq, beynəlxalq təcrübəyə əsaslanıb yolları uzunömürlü çəkmək lazımdır, sürücü qarşısında tələb qoyulmalıdır ki, avtomobilin parametrlərini normalara uyğun qursun”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 1189