hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Saqqal, dikdaban, şortik azadlığı: Bakıda tələbələrə qadağa qoymayan universitetlər də var

Saqqal, dikdaban, şortik azadlığı: Bakıda tələbələrə qadağa qoymayan universitetlər də var

Bəzi universitetlərdə tələbələrə müəyyən qadağalar tətbiq edilir.

Məsələn, Sumqayıt Dövlət Universiteti də tələbələrə qadağa tətbiq edir. Belə ki, bu universitetdə təhsil alan tələbələr saqqal saxlaya bilməz. Odlar Yurdu Universitetinin qadağası isə xanımlaradır, bu universitetdə xanımlara dikdaban ayaqqabı geyinə bilməz.

Cebhe.info yeni tədris ili ərəfəsində digər universitetlərdə tələbələrə tətbiq olunacaq qadağalarla maraqlanıb.

Məsələ ilə bağlı Cebehe.info-ya açıqlama verən Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin müdiri Cavid Zeynallı tələbələrə heç bir qadağa qoyulmadığını qeyd edib:

“Biz bu məsələyə bir neçə dəfə də toxunmuşuq. Bizdə tələbələrə xüsusi qadağalar tətbiq olunmur. Düzdür, bəzi universitetlər geyimlə, dikdaban ayaqqabı və yaxud başqa hər hansı bir şeylə bağlı qadağalar tətbiq edir, lakin bizdə bunlar yoxdur. Nizamnamədə tələbənin ümumi öhdəlikləri əks olunub. Tədris müddətində nələri etməlidirsə, onlar qeyd olunub. Bizdə ümumiyyətlə, tələbələrə qarşı qadağa əvvəldən olmayıb. Sadəcə, nizam-intizam qaydaları var ki, hər kəs ona tabe olmağa borcludur. Bu da təkcə tələbələrə yox, bütün vətəndaşlara aiddir”.

Azərbaycan Dövlət Pedaqoji Universiteti İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Mənsur İbrahimov da Cebhe.info-ya bildirib ki, ADPU-da nə qadağa , nə də inzibati qaydada cəza tətbiqi var:

“Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrə heç bir qadağa tətbiq olunmur. Lakin təbii ki, tələbələrlə tərbiyəvi əhəmiyyət daşıyan müəyyən söhbətlər aparılır. Müəyyən davranış qaydaları var ki, onlar buna əməl etməlidirlər. Hər bir insan kimi tələbələrin də hüquq və azadlıqları var. Biz ilk növbədə gələcəyin müəllimlərini yetişdiririk. Bu baxımdan bizim üzərimizə daha çox iş düşür. Çünki biz müəllimlərimizi mənəvi cəhətdən sağlam ,yüksək səviyyəyə malik olan mütəxəssis kimi yetişdirməliyik. Bu istiqamətdə də kifayət qədər işlər aparılır. Məsələn, müxtəlif mədəni tədbirlər keçiririk ki, tələbələrin müəyyən baxış bucaqları formalaşsın. Onların vətənpərvər ruhda olması üçün keçirilən tədbirlər xüsusilə əhəmiyyətlidir. Bu tədbirlər eyni zamanda onların dünyagörüşünü, sosial fəaliyyətlərini də genişləndirir. Ali təhsil müəssisəsinin öz nizamnaməsi, daxili nizam-intizam qaydaları var ki, burada da sadəcə öhdəliklər qeyd olunub, nə xüsusi qadağa qoyulub, nə də cəza tətbiqi var. Universitetlə qəbul olan tələbə arasında müqavilə imzalanır. Burada hər iki tərəfin qarşılıqlı hüquq və vəzifələri öz əksini tapır. İlk növbədə tələbə nizam-intizamlı olmalı, dərsə vaxtında gəlməli, davamiyyəti olmalı, mühazirə və seminarlarda, imtahanlarda iştirak etməlidir. Bunların hamısı tələbənin öhdəlikləridir. Amma daha biz tələbənin geyiminə müdaxilə edə bilmərik. Bu, təhsil qanunvericiliyi ilə də tənzimlənir. Bizdə inzibati qaydada sərt cəza tətbiqi olmur”.

Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova işdə olmadığı üçün yeni tədris ilində tələbələrə qadağaların tətbiq olunub-olunmaması ilə bağlı məlumat verə bilməyəcəyini bildirib.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 5908