hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Şarl Mişel Bakıya hansı təkliflə gəlib?-Avropa 44 günlük müharibədən sonra özünə mövqe qurur

Şarl Mişel Bakıya hansı təkliflə gəlib?-Avropa 44 günlük müharibədən sonra özünə mövqe qurur

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistana və Azərbaycana səfəri çərçivəsində diqqəti daha çox cəlb edən məqam tərəflər arasında sülhə nail olunması ilə bağlı danışıqlar oldu. Əslində, Ş.Mişelin regiona səfəri bu məsələyə dair Avropa Birliyinin mövqeyini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyırdı.

Şarl Mişelin İrəvanda və sonra isə Bakıda verdiyi açıqlamaları iki kontekstdən dəyərləndirmək olar. Birinci amil rəsmi Brüsselin İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni situasiyaya dair baxışlarını dəyərləndirməkdən ibarətdir. Bu mənada Aİ Şurası Prezidentinin səfərini son zamanlar regionda Qərblə Rusiya arasında artan geosiyasi rəqabət fonunda nəzərdən keçirmək lazımdır.

Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra bu rəqabətin yeni mərhələyə keçdiyini görmək olar. Ermənistanın Azərbaycanla dövlət sərhədində və Qarabağda silahlı təxribatlar törətməsi ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının fəallaşdırılmasını istəyən ABŞ-la Fransanın maraqlarına cavab verir.

Bu, bölgədə hərbi və geosiyasi proseslərə nəzarəti əldə saxlamağa çalışan Rusiya üçün arzuolunmazdır. Ancaq Moskva Qərbin Ermənistanın Baş naziri vəzifəsini icra edən Paşinyanın vasitəsilə bölgədə atdığı addımlara göz yummaqla Azərbaycana özünün bölgədə təhlükəsizliyin yeganə təminatçısı olduğunu göstərməyə çalışır.
Yəni rəsmi Moskva Qərbin təzyiqləri fonunda Azərbaycanı daha çox Rusiyanın geosiyasi orbitinə çəkmək, Türkiyədən uzaqlaşdırmaq və sülhməramlıların Qarabağda daha uzun müddətə qalması üçün arqument yaratmağa çalışır. Lakin ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını davam etdirməsi perspektivdə “Dağlıq Qarabağaın statusu” məsələsini gündəmə gətirə bilər ki, bu məsələdə Rusiyanın maraqları ABŞ və Fransa ilə üst-üstə düşür.

Status məsələsinə də yanaşmalar müxtəlifdir. ABŞ sözügedən məsələyə Tramp dönəmində regionda itirdiyi geosiyasi mövqelərini yenidən bərpa etmək, münaqişənin bərpasına nail olmaqla Rusiya qoşunlarının ərazidən çıxarılmasını tezləşdirmək istəyir. Fransa isə Ermənistanın mövqeyini gücləndirmək, Türkiyənin bölgədəki təsir imkanlarını azaltmaq və öz silahlı qüvvələrini beynəlxalq müşahidəçi adı altında Azərbaycanla sərhəddə yerləşdirmək istəyir. Status mövzusunun gündəmdə qalması Rusiyaya potensial münaqişəni gələcəyə daşımaq, sülhməramlı kontingentin qalma müddətini 5 ildən qeyri-müəyyən tarixə dəyişmək niyyətini gerçəkləşdirmək imkanı verər. Bu da Rusiyaya 44 günlük müharibədən sonra ləğv edilmiş status-kvonu bərpa etmək, bölgədə hərbi-siyasi dominantlığını saxlamaq, nəqliyyat-kommunikasiya dəhlizlərinə nəzarət üçün lazımdır.

Beləliklə, Kreml həm Azərbaycana, həm də Ermənistana təzyiq vasitələrini əlində saxlamağı planlaşdırır. Bu mənada, Avropa İttifaqının məsələyə münasibəti ABŞ və Fransa ilə yanaşı, Ermənistan hakimiyyətinin də mövqeyinə ciddi təsir göstərə bilər. Şarl Mişelin İrəvanda və Bakıda verdiyi açıqlamalar Avropa İttifaqının öz maraqlarını postkonflikt dövründə yaranmış reallıqlara uyğunlaşdırmaq cəhdi kimi başa düşülə bilər. İlk növbədə, Şarl Mişelin İrəvandan fərqli olaraq, Bakıdakı brifinqdə çıxışı zamanı status terminini işlətməməsi diqqəti cəlb edir. Bu, bir tərəfdən Aİ rəhbərinin bölgədə yaranmış yeni vəziyyətə praqmatik yanaşdığından xəbər verir. Yəni cənab Mişel Azərbaycanın mövqeyini qəbul etdiyindən, Minsk qrupunun vasitəçiliyi və status barədə danışmamağa üstünlük verdi. Prezident İlham Əliyevin və Şarl Mişelin açıqlamaları tərəflər arasında regional əməkdaşlıq, enerji təhlükəsizliyi və nəqliyyat-tranzit layihələrinin reallaşmasına dair müzakirələrə daha çox üstünlük verdiyini göstərir. Bu da gələcəkdə Minsk Qrupunu dirçəltmək və status məsələsini gündəmə gətirmək səylərinin qarşısını ala bilər.

Şarl Mişelin açıqlamalarının ikinci istiqaməti Azərbaycan və Ermənistan arasında mübahisəli qalan problemlərin həllində Avropa İttifaqının vasitəçilik missiyasını təqdim etmək niyyətindən xəbər verir. Cənab Mişel artıq Aİ-nın bölgə ilə bağlı planlarını da bəyan edib. Bu, tərəflər arasında vasitəçilikdən və bölgədəki regional layihələrdə iştirakdan ibarədir. Şarl Mişelin açıqlamasından aydın olur ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında erməni diversant məhbusların minalanmış ərazilərin xəritələrinə dəyişdirilməsi prosesini davam etdirməkdə vasitəçi olmaq niyyətindədir. Digər məqam sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində mütəxəssis və texnoloji yardımın göstərilməsi ilə bağlıdır.

Avropa İttifaqı bu məqsədlə tərəflərə yüksək texnologiyalı peyk vasitəsilə “Google map” sistemi əsasında sərhədlərin müəyyənləşməsində yardım təklif edir. Ancaq rəsmi Brüsselin bu mövqeyinin Rusiya tərəfindən isti qarşılanacağı inandırıcı görünmür. Çünki Rusiya hesab edir ki, sərhədlərin delimitasiya və demarkasiyası vaxtilə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının hazırladığı topoqrafik xəritələr əsasında həyata keçirilməlidir. Ona görə də bu prosesdə yeganə vasitəçi kimi Rusiya iştirak edə bilər. Ona görə də Şarl Mişelin sərhədə yaxın yerləşdirilmiş silahlı qüvvələr məsələsini müzakirə etməyin vacibliyindən söz açması təsadüfi hesab edilə bilməz. Aİ rəhbəri bununla Zəngəzur və Kəlbəcər istiqamətində yerləşdirilmiş Rusiya qoşunlarının geri çəkilməsinin vacibliyinə işarə edib. Çünki Rusiya hərbçilərinin sərhəddə olması Avropanın bölgədə monitorinq aparmaq və demarkasiya prosesində iştirakına ciddi maneədir.

Bununla yanaşı, Mişelin sözləri həm də Azərbaycana ünvanlanmış mesajdır. Çox güman ki, Aİ Şurasının Prezidenti Bakıya qoşunları sərhəddən hər iki istiqamətdə 1 kilometr geri çəkmək və Azərbaycanla Ermənistan arasında beynəlxalq müşahidəçiləri yerləşdirmək təklifini gətirib. Avropanın sərhəddə monitorinq aparmaq niyyəti barədə Mişelin söylədiyi fikirlər də həm də bunu ehtiva edir. Rəsmi Bakının bu təklifə hansı cavab verdiyi və yaxud verəcəyi hələ məlum deyil. Ancaq Azərbaycanın 44 günlük müharibədən sonra Zəngilan-Kəlbəcər istiqamətində qoşunlarını geri çəkməsi və Ermənistanın təklif etdiyi kimi neytral zonanın yaradılması həmin istiqamətdə bərpa edilmiş dövlət sərhədindən faktiki olaraq imtina edilməsi demək olar. Bu halda Azərbaycan Zəngilan istiqamətindəki yüksəklikləri, Qubadlı-Gorus sərhədinə, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsinə, Şurnux və Vorotan kəndlərindəki mövqelərinə, Şəqri Zəngəzura, Qara Gölə, Qızılcaq, Böyük İşıqlı və Kiçik İşıqlı yüksəkliklərinə nəzarəti itirə bilər. Üstəlik bu sərhədlərin yenidən Azərbaycana veriləcəyinə təminat yoxdur.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 5534