hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Səbuhi Rəhimli yazır: Şahmar Ələkbərova niyə heç vaxt inanmadım?

Səbuhi Rəhimli yazır: Şahmar Ələkbərova niyə heç vaxt inanmadım?

1991-ci ilin payızı idi. ADMİU-nun 2-ci kursunda oxuyurdum. 

Ölkədəki vəziyyət çox qarışıq idi. Fasiləsiz mitinqlər artan xətt üzrə davam edirdi. İnsanların arasında ümidlilər ümidsizləri üstələyirdi. Qaranlıq məqamlar, gizli oyunlar sezilsə də, müstəqil və demokratik dövlət ola biləcəyimizə inamımız möhkəm idi. 

Tez-tez mövcud situasiyaları sənət müəllimimiz, xalq artisti Şahmar Ələkbərovla da müzakirə edirdik. Bir dəfə bizə dedi ki, uşaqlar, demokratiya, azadlıq gözəl şeydir, övladlarınız üçün artıq gec olduğu üçün çalışın heç olmasa, nəvələrinizə bu neməti daddırın. Onun bu sözlərini ciddiyə almadıq. Çünki təxminən yarım il sonra demokratik qüvvələr hakimiyyətə gəldi və milli hökumətimizin qurulması Şahmar müəllimin dediklərini səhv çıxardı. Qısa müddətdə az qala hər sahədə köklü islahatlar həyata keçirildi, hərbidə qələbələr əldə olundu, insanların azadlığı, maddi firavanlığı təmin edilməyə başladı. Müəllimimizin sözlərini xatırlayıb bir daha yanlış dediyi qənaətinə gəlirdim. Amma…

İllər keçdi, hətta onillər keçdi, hər şey dəyişdi. Övladlarımız ovaxtkı yaş həddimizə çatdı və heç bir irəli dönüş olmadı. Hər gün geri getdik və gedirik. Müharibə dönəmində doğulmayanlar bu gün şəhid oldular – proses çox uzandı, ağır oldu, üzücü və ümidsiz oldu. 

Məlum “keçid dövrü”nü hələ başa vurmamışıq, yolumuz qeyri-müəyyənliyə doğrudur. İnsanlar ümidlərini itiriblər, mənəvi və fiziki ağrılara mübtəla olublar. Artıq insanların bir-birinə etibarı da azalıb. Bu azmış kimi fərdlərin içində əriyənə oxşamayan kin, hər gün yeni formada doğan nifrət istehsalı düşüncələri zəhərləyib, tərbiyə normaları əndazədən çıxıb. Bir sözlə, haraya vardığımız sirrə qədəm qoyub. Bütün bunlar mübarizliyi, ərlik əzmini sürətlə aşağı salır… 

Təbii ki, belə hallar əbədi davam edə bilməz. Mütləq bir gün tarixin çarxı dönür. Sadəcə, dünyanı da bir canlı orqanizmə bənzətsək, onun da xəstə, zəif, kefikök məqamları olur. Bu gün də dünyanın axmaq dönəmidir. Axmağın isə addımlarını, məntiqini, hədəfini anlamaq çox çətin olur. Gündəmdə axmaqlar olanda elmdə də, ədəbiyyatda da, mediada da, siyasətdə də axmaqlaşma olur – axmaq olmayanlar üzə çıxa bilmir. Yəqin Şahmar müəllim də bunu öncədən duyurmuş.

Bu gün dünyanın aparıcı dövlətlərinə başçılıq edənlərdən o qədər axmaqlıq görürük ki, onlara acı gülüşdən savayı bir reaksiya verə bilmirik. Bir ölkəni viran qoymazdan qabaq oranı qaralayıb, dünya üçün təhlükə olduğunu deyirlər. İş-işdən keçəndən sonra üzr istəyirlər ki, bəs yanlış olub, məlumat səhv imiş. Ara yerdə də minlərlə, onminlərlə məsum qətlə yetirilir. Dünya mediası, elə millimiz də ancaq axmaq, ədəbsiz və söyüşcül xəbərlərlə şöhrət tapır. Qatillər qəhrəman, namuslular məsxərə obyekti olur. Ədəbi janrı janrsız əsərlər əvəz edir. Skandal olmayan tele-layihələrə baxılmır, pul buraxılmır. Şahmar Ələkbərov elə bunu deyirmiş yəqin.

Ötən il dünyamızın “oksigen havadarları” sevincək bir xəbər yaydılar ki, Moğol İmperiyasını yaradan Çingizxan sən demə, bəşəriyyətə əvəzsiz xidmət göstəribmiş. ABŞ-ın Karnegi İnstitutunun Qlobal İqlim fakültəsinin məlumatında belə deyilir: “XIII-XIV əsrlərdə Çingizxan istilası insan əli ilə iqlim dəyişikliyinə yol açan yeganə hadisə olub. Ancaq bunun üçün 40 milyon insanın ölməsi lazım gəlib. Moğol istilası Yer kürəsinin soyumasına səbəb olub və bununla da 700 milyon tona yaxın karbonun atmosferdən təmizlənməsinə yol açıb. Moğol İmperatorluğunun dünyanın 22 faizini fəth etdiyi il yarım müddətində Çingizxanın atlılarının 40 milyon insanı öldürdüyü təxmin edilib ki, bu da geniş bir bölgədə insanların qırılmasına, əkin sahələrinin, şəhərlərin meşələrə çevrilməsinə yol açıb. Yəni, yaranan bu meşələr oksigendən karbonun təmizlənməsinə kömək edib”. 

40 milyon insanın öldürülməsini bəh-bəhlə qeyd edən alimlərin “sürprizləri” bununla bitmir. Bəzi tədqiqatçılar qeyd edir ki, əgər Avropada vəba xəstəliyi yayılmasaydı, bu gün qitə əhalisinin qidalanma problemi idarəolunmaz hala gələrdi. Başqa alimlər qrupu isə deyir ki, Çində tayfalar arasında gedən döyüşlərdə 25 milyondan çox insan ölməsəydi, Minq xanədanlığı süquta yetirilməsəydi, bu gün Çin və Sibir meşələri olmaz, dünya oksigendən əziyyət çəkərdi. Sabah da Hitlerə rəhmət oxuyacaqlar ki, təkcə 6 milyon yəhudi öldürüb, Stalinə, Mao Zedonga, Kim il-Sunga, Səddam Hüseynə və neçə-neçə qaniçənə “bəşəriyyətə xeyir verdiyinə görə” minnətdarlıq edəcəklər. Bu gün də o siyasi-hərbi kurs davam etdirilir. Şahmar Ələkbərov yəqin bunları nəzərdə tuturmuş. Amma...

Xalq artistinin dediklərinə indi də inanmıram, çünki nəvələrimizin də yaxşı dünya görəcəyi bu gedişlə sual altına girəcək.

Səbuhi Rəhimli
Cebhe.info


Oxunma sayı: 1933