hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Seçki başladı, İranda azərbaycanlılar yada düşdü: Bəs seçkidən sonra?

Seçki başladı, İranda azərbaycanlılar yada düşdü: Bəs seçkidən sonra?

İranda prezident seçkiləri ərəfəsində təbliğat-təşviqat kampaniyası başlayıb.

Kampaniya çərçivəsində Mərkəzi Bankın keçmiş sədri, prezidentliyə namizəd, azərbaycanlı Əbdünnasir Himməti İranın rəsmi televiziyasına müsahibə verib.

Müsahibə zamanı diqqət çəkən məqam Himmətinin seçicilərə Azərbaycan dilində müraciət etməsi və dəstək istəməsi olub.

Qeyd edək ki, İranda prezident seçkiləri iyunun 18-də keçiriləcək.

Artıq görünür ki, İranda seçkilərdə sayı milyonlarla olan azərbaycanlı seçicilərin səsini qazanmaq uğrunda yarış başlayıb. Cebhe.info-ya açıqlamasında siyasi şərhçi, politoloq Turab Rzayev bildirib ki, həmişə seçkidə hər bir namizəd bütün qruplardan səs almağa çalışır:

"İrandakı seçkilərdə Azərbaycan faktoru həmişə əhəmiyyətli rol oynayıb. Tarixə baxsaq görərik ki, İranda bütün dövlət çevrilişləri, inqilablar, əhəmiyyətli hadisələr həmişə Təbrizdən başlayıb. Klassik olaraq həmişə Təbriz bazarının bağlanması artıq burjuaziyanın, tacirlərin hökumətə etimadının itməsi demək idi. Təbriz bazarı bağlandısa, bu, artıq hakimiyyətin dəyişməsi demək idi. Bundan sonra heç bir qüvvə İranda hakimiyyəti saxlaya bilməyib.

Daha bir məsələ sırf siyasi və ənənəvi olaraq Təbrizin İranda inqilab mərkəzi olmasından başqa, bir də Azərbaycan əsilli əhali İran əhalisinin ən azı 40- 45 faizini təşkil edir. Əlbəttə ki, bu, İrandakı seçicilərin haradasa yarısı deməkdir və bunlara xitab etmək lazımdır".

Turab Rzayev qeyd edib ki, bu səbəbdən bütün siyasətçilər türkdilli əhalinin, Azərbaycan əhalisinin orda rəğbətini qazansınlar, səsini alsın:

"Yəni bu tək siyasətçiləri deyil, daha əvvəl Mahmud Musəvini də gördük. Eyni şəkildə Musəvi də seçkilərdə Azərbaycan dilində çıxış etmişdi. Əhməd Necat, hətta İranın ali dini rəhbəri Ayətulla Xomeneyinin də Azərbaycan dilində çıxışını, şeirlər səsləndirməsini, mərsiyyə, Fizulidən, Şəhriyardan qəzəl deməsini eşitmişik. Bu, əlbəttə, insanların diqqətini cəlb etmək üçündür. Amma bir məsələ var ki, yaddan çıxarmamalıyıq. İrandakı azərbaycanlıları üçün əsas məsələ o olmalıdır ki, bu, müvəqqəti xarakter daşımasın. Yəni sırf seçkidə insanların səsini almaq üçün edilib, daha sonra yaddan çıxarılmasın. O insanların hisləri, səsləri istifadə olunmasın. Bu insanlar seçkidən sonra yaddan çıxarılmasın, seçkidən sonra da İran dövləti, onu idarə edənlər, seçiləcək namizədlər həmin insanların problemlərini unutmasın. Çünki ən azından əhalinin yarısını təşkil edən azərbaycanlıların ana dilində təhsil, öz dillərində universitet, Azərbaycan dilində mətbuat qəzet və sayt, televiziyaların olmaması problemi var. Bu insanlara söz verən, onların rəğbətini qazanmaq istəyən həmin qüvvələr seçkidən sonra da o insanlara xidmət etsinlər. Yəni sırf seçki vaxtı azərbaycanlılardan istifadə olunub seçkidən sonra yaddan çıxarılmasın. Biz buna ümüd edirik”.

Politoloq bildirib ki, azərbaycanlılar da həmişə onlara qarşı diqqətli olacaq namizədə səs verməlidir:

“İran konstitusiyası millətin nümayəndəsi öz ana dilində təhsilinə icazə verir. Amma biz hələ də 40 ildən çox vaxt keçməsinə baxmayaraq azərbaycanlılara bu hüququn verildiyini görmürük. İnşallah, bu dəfə əksinin şahidi olarıq".

Ülviyyə Ayzər qızı
Cebhe.info


Oxunma sayı: 1904