hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Seçki Gürcüstanı dəyişə bilər: Saakaşvili iqtidara qayıdır?

Seçki Gürcüstanı dəyişə bilər: Saakaşvili iqtidara qayıdır?

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili oktyabr ayında keçiriləcək parlament seçkilərində qələbə qazanmaq və baş nazir olmaq iddiasındadır.

Mixeil Saakaşvilinin partiyasının "Milli Hərəkat" seçki kampaniyasına rəhbərlik edəcəyi və qarşıdakı seçkilərdə mütləq qələbə qazanacağı barədə açıqlaması Gürcüstanda qızğın müzakirələrə səbəb olub. "Mtavari TV"-yə verdiyi müsahibədə üçüncü prezident, ölkənin gələcək baş naziri vəzifəsinə iddia edən “Yeni Gürcüstan”ın lideri Georgi Vaşadzeni tənqid edib.

"Fakt budur ki, o, qaranlıq, yanlış tərəfə keçdi" - Mixeil Saakaşvili keçmiş həmkarı Georgi Vaşadzenin haqqında belə deyib.

Qeyd edək ki, Vaşadzenin rəhbərlik etdiyi Yeni Gürcüstan Partiyası iyulun 27-də Vahid Milli Hərəkat Partiyasının da daxil olduğu müxalifətin "Güc birlikdədir" koalisiyasını tərk edib.

“Kim İvanişvilinin kuklası olmaq istəyir? İvanişvilinin oyununu oynamaq bir gəncin xəyalıdırsa- onu oynaya bilməyəcək. Nə o, nə də başqa birisi. Çünki mən bu kampaniyada iştirak etdiyim üçün İvanişvilini gürcü xalqı ilə birlikdə məğlub etmək niyyətindəyəm.

"Milli Hərəkat" elə bir qüvvədir ki, İvanişvili üzərində qələbə çalacaq. Mən buna şübhə etmirəm. "Milli Hərəkat" yenidən Gürcüstanı canlandırmağa başlayacaq qüvvədir ",-deyə Saakaşvili bəyan edib.

Bu müsahibə zamanı Saakaşvili fəal iştirakı ilə keçmiş hakim partiyanın 150 yerdən 76 deputat mandatını alacağını, müvafiq hökumət qura biləcəyinə inandığını bildirib.

Mixail Saakaşvilinin baş nazir postuna iddiasını ortaya qoymaq və Gürcüstanda yenidən hakimiyyətə qayıtmaq iddiası qarşıdan gələn seçkilərin gərgin siyasi mühitdə keçəcəyini deməyə əsas verir. Bu həm də Qərb və Rusiyayönlü qüvvələr arasında rəqabətin dərinləşməsi deməkdir. Ona görə də sözügedın parlament seçkiləri ABŞ başda olmaqla Qərb və Rusiyanın geosiyasi maraqlarının Gürcüstanda yenidən toqquşmasıı ilə müşahidə olunacaq.

Politoloq Nəzakət Məmmədova Cebhe.info-ya açıqlamasında bildirdi ki, Gürcüstandakı seçki prosesinin inkişafında xarici qüvvələrin rolu olacaq. Bu da seçkilərin nəticəsinə təsir göstərəcək.

"Gürcüstan üzərində marağı olan əsas dövlətlər ABŞ, Rusiya və Fransadır. Gürcüstanın hazırkı elitası Rusiyanın və Fransanın qarşılıqlı razılığı əsasında formalaşıb. Prezident Zurabişvili Fransa vətəndaşıdır və Rusiyanın razılığı əsasında prezident seçilib. Salome Zurabişvilinin prezidentliyə namizədliyini Rusiyanın razılığı ilə hakim “Gürcü Arzusu” Partiyasının sədri İvanişvili də dəstəkləyib. İvanişvilinin Rusiyanın nəzarətində olan bir oliqarx olduğu və Saakaşviliyə düşmən münasibət bəslədiyi məlumdur. Deməli, Gürcüstanın hazırkı hakimiyyətinin ABŞ-la heç bir bağlılığı yoxdur. Prezident və parlament Rusiya və Fransa tərəfindən formalaşdırılmış siyasi düşərgədir. Lakin 2020-ci ilin payızında Gürcüstanda vəziyyət dəyişə bilər. Belə ki, ABŞ-da həmin dövrdə növbəti prezident seçkiləri keçiriləcək. Rəsmi Vaşinqtonun xarici siyasətinin prioritetləri necə olacaqsa, bunun da Gürcüstan üzərində təsiri olacaq. 2018-ci ildə Gürcüstanda keçirilən prezident seçkilərində ABŞ-a yaxınlığı ilə seçilən Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzenin qalib gəlməsinə mane olundu. Əvəzində Rusiya və Fransanın dəstəklədiyi Zurabişvili prezident kürsüsünə gətirildi. Lakin 2020-ci ildə vəziyyət dəyişə bilər. Kimin qalib gələcəyini bəri başdan söyləmək çətindir. Mübarizənin gərgin keçəcəyi məlumdur. ABŞ, Rusiya və Fransa Gürcüstan uğrunda kəskin mübarizə aparacaqlar. Fransa Gürcüstana hava hücumundan müdafiə sistemləri satıb və Zurabişvilini Rusiyanın razılığı ilə hakimiyyətə gətirib. Paris və Moskva Gürcüstan üzərində hakimiyyətini saxlamağa çalışacaq. Gürcüstanın NATO-ya üzvlüyü də yeni parlament seçkilərinin nəticəsindən asılıdır. Çünki Gürcüstan parlamentli respublikadır. ABŞ müdaxilə etməsə, Rusiya və Fransa yenə qalib gələcək. Bu da bütün regiona təsir edəcək. Yəni Gürcüstanın Qərbə inteqrasiyasının davam etməsi, NATO-ya üzvlüyü, Rusiya-Gürcüstan münasibətləri, ABŞ-ın bölgədə möhkəmlənməsi, Qara dəniz regionunun Rusiyanın, yoxsa ABŞ-ın nəzarətində olması, Azərbaycanın Qərblə enerji layihələrinin təhlükəsizliyi kimi mühüm strateji proseslər həmin seçkilərin nəticəsindən asılı olacaq".

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 25070