hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

SEÇKİYƏ BAXIŞ: Ermənistan siyasi intiharlar səhnəsinə çevrilir

SEÇKİYƏ BAXIŞ: Ermənistan siyasi intiharlar səhnəsinə çevrilir

Ermənistanda iyunun 7-də başlanan seçki kampaniyası qızğın keçir.

Hakimiyyət uğrunda mübarizədə Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş 26 siyasi qüvvə iştirak edir.

Onların 22-si siyasi partiya, 4-ü isə seçki blokudur.

Qalib gələn tərəf yalnız hakimiyyəti deyil, həm də ötən il Qarabağda müharibəni uduzduqdan sonra ölkənin üzləşdiyi ağır problemlər paketini təhfil alacaq.

Erməni analitiklərin fikrincə, bunların arasında Sünik (Zəngəzur) və Geğarkunik (Göyçə mahalı) vilayətlərinin sərhədyanı məntəqələrində baş verən böhran, “əsirlər”in geri qaytarılması, təhlükəsizliyin təmin edilməsi və Qarabağın statusunun müəyyənləşdirilməsi problemləri var. Ermənistanın müharibədəki məğlubiyyəti ilə əlaqədar yaranmış siyasi böhranın həllinə ümid edilən seçki kampaniyasının başlamasından bir neçə həftə əvvəl ölkədə vəziyyət kəskin şəkildə pisləşib. Dörd həftədən çoxdur ki, Azərbaycan qoşunları Geğarkunik və Sünik vilayətlərinin sərhədində möhkəmlənir və əvvəlki yerlərinə geri çəkilməkdən imtina edir.

Ermənistan sərhədindəki böhranlı vəziyyət Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın yenidən vəzifəsinə seçilmək şansını azaldıb. Onun nüfuzu ötən il müharibədəki məğlubiyyətdən sonra xeyli dərəcədə sarsılıb.

Lakin Paşinyan və komandası seçkilərə özünün legitimliyini təsdiqləyən vasitə kimi baxır. Ölkədəki vəziyyətin mürəkkəbliyinə baxmayaraq, antiböhran meneceri rolunda olan favoritlər arasında praktiki olaraq yeni simalar yoxdur.

Legitimliyinin əhəmiyyətli hissəsini itirən Paşinyana qarşı ölkənin hazırkı liderini xəyanətdə günahlandıran Ermənistanın keçmiş prezidentləri çıxış edir. Onun əsas rəqibi, daha doğrusu Nikol Paşinyanın siyasi düşməni eks-prezident Robert Köçəryandır. Bu yaxınlarda Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan hər iki namizədin planlarını pozmaq üçün onlarla rəqabətə girmək qərarına gəldi.

Ümumiyyətlə, bu seçkilər Ermənistanın bütün keçmiş liderlərinin birbaşa və ya dolayı yolla iştirak etmələri ilə diqqət çəkir. Üçüncü prezident Serj Sarkisyan seçki yarışında şəxsən iştirak etməsə də onun rəhbərlik etdiyi Respublika Partiyası Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın siyasi gücü ilə “Şərəf duyuram” adı altında blok formalaşdırıb. İndi Ermənistanda az adam seçkilərin kəskin daxili siyasi fikir ayrılıqlarının aradan qaldırılmasına kömək edəcəyini düşünür.

Siyasi böhranı həll etmək əvəzinə yüksək daxili gərginlik son zamanlar Qarabağ müharibəsində ağrılı məğlubiyyətə uğrayan ölkədəki vəziyyəti daha da gərginləşdirə bilər. Bəziləri seçkilərdən sonra ölkənin siyasi sahəsinin daha da parçalanacağını proqnozlaşdırır. Seçkidən sonra sabitliyin pozulacağı istisna edilmir. Müharibədəki məğlubiyyətə və bu yaxınlarda baş vermiş Azərbaycanla sərhəd böhranına baxmayaraq, Baş nazirin səlahliyyətlərini icra edən Paşinyan hələ də müəyyən legitimlik ehtiyatına malikdir. Rəqibləri reytinqdə hələ də ondan geri qalırlar.

Həmçinin qeyd edilir ki, vətəndaş müharibəsi yaratmaq istəyən qüvvələr olduğundan daxildə sülh yaratmaq üçün növbədənkənar seçkilərə ehtiyac var.

“Ermənistanın siyasi səhnəsindən Ermənistan Respublikasında vətəndaş müharibəsi törətmək istəyən qüvvələri kənarlaşdırmaq üçün sizdən möhkəm, “polad mandat” almaq üçün səslərin ən azı 60 faizini alacağımızı gözləyirik”,-Paşinyan belə deyib.

Ermənistanın hazırkı lideri əvvəlki elitalardan olan rəqiblərini “bambılı”, “sürü” adlandırmaqdan çəkinmir. Hətta onları İctimai Televiziyada canlı mübahisəyə çağırıb və dərhal rədd cavabı alıb.

Məsələn, Köçəryan bu təklifə öz xarakterik kinayəsi ilə reaksiya verərək Paşinyanı duelə çağırıb.

“Bəlkə də belə bir ənənəmiz yoxdur, amma ruslar buna “duel” deyirlər. Ona görə də duelə hazıram. Qoy o, öz mülahizəsinə görə silah seçsin. Bununla yanaşı, bu adamın (Nikol Paşinyan - red.) kişilikdən danışarkən, kişiliklə bağlı olduğuna çox şübhə edirəm”,-deyə Köçəryan bildirib. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da Paşiyanın təklifinə istehza ilə cavab verib. “Paşinyandan sadəcə yazığım gəldiyindən imtina etdim. Təəssüf edim, çünki bu mübahisələr Nikol üçün intihara çevrilə bilərdi”,-Ter-Petrosyan rəhbərlik etdiyi Erməni Milli Konqres Partiyasının seçki proqramının təqdimatı zamanı belə deyib.

Baş nazir postuna əsas namizədlər arasında mübahisənin baş tutması ehtimalı azdır. Bu arada, siyasi qarşıdurmanın şiddətini nəzərə alsaq, seçkilərdən əvvəl ölkədə daxili gərginliyin sistemli şəkildə böyüməsinə heç kim şübhə etmir. Erməni politoloq Boris Navasardyan hesab edir ki, digər siyasi qüvvələrin legitimliyinin aşağı səviyyədə olduğunu nəzərə alınarsa, bu mübarizə çox şiddətli olacaq.

Navasardyanın fikrincə, görkəmli erməni iş adamı Gagik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası üçüncü qüvvə statusuna iddia edə bilər. “Tsarukyanın bunun üçün kifayət qədər resursu var”,-Navasardyan qeyd edib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 7404