hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Şəffaflığın təmini: İqtisadi inkişafın vacib şərti

Şəffaflığın təmini: İqtisadi inkişafın vacib şərti

Azərbaycanın sosial - iqtisadi inkişafı, bununla da əhalinin rifah səviyyəsinin yüksəlişi ölkədə şəffaflığın təmin olunmasından keçir. 

Hazırda ölkə iqtisadiyyatında əsas prioritet kimi qoyulan qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması da məhz bu amildən asılıdır. Şəffaflığın təmin olunması üçün büdcədən maliyyələşən təşkilatların maliyyə hesabatlarının ictimaiyyətə açıq olması vacib şərtlərdən biridir. 

Məlum olduğu kimi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa görə, dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və konsolidə edilmiş maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim etməlidirlər. 

Bu hesabatların ictimaiyyətə açıq olması üçün onların həmin qurumların internet saytlarında yerləşdirilməsi vacibdir. Amma bu məsələdə ciddi problemlər mövcuddur. Büdcədən maliyyələşən bir sıra qurumlar öz maliyyə hesabatlarını vaxtlı-vaxtında təqdim etsələr də, digər qurumlar var ki, onlar illik maliyyə hesabatlarını gecikdirirlər. Məsələn, 2018-ci ilin sonlarında məlum olur ki, büdcədən maliyyələşən bəzi qurumlar hələ də 2017-ci ilin maliyyə hesabatlarını təqdim etməyiblər. Maliyyə hesabatlarının verilməsi ilə bağlı bəzi xəbərlər isə, ümumiyyətlə, təəccüb doğurur. Məsələn, məlum olur ki, 2006-cı ildə təsis edilən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC bu il ilk dəfə illik hesabatını təqdim edəcək.

Digər tərəfdən isə ekspertlər hesab edirlər ki, büdcədən maliyyələşən təşkilatların maliyyə hesabatlarının yerli auditorlar deyil, beynəlxalq audit şirkətləri tərəfindən hazırlanması daha məqsədəuyğundur. Bu maliyyə hesabatlarının daha yüksək səviyyədə hazırlanması ilə yanaşı, həm də onları daha etibarlı etmiş olar. Mövcud şəraitdə dövlət qurumlarının illik maliyyə hesabatları ilə bağlı digər problem isə hesabatların ətraflı hazırlanmaması, burada yalnız rəqəmlərin yer almasıdır. Bu isə təşkilatın fəaliyyəti və xərcləmələri haqqında tam təəssüratın yaranmasına imkan vermir. Ekspertlər hesab edirlər ki, illik maliyyə hesabatlarının hazırlanması ilə bağlı standartlar hazırlanmalıdır və həmin standartlara uyğun olaraq hesabatlara nəzarət güclənməlidir. 

Maliyyə hesabatlarının şəffaf formada hazırlanmasına inamın yaranması qeyri hökumət təşkilatlarını, eləcə də müstəqil ekspertləri həmin hesabatların monitorinqini aparmağa sövq edə bilər. Bu zaman əgər maliyyə hesabatlarında hansısa uyğunsuzluq varsa, onlar üzə çıxa bilər. Müstəqil ekspertlər bu cür məsələlərlə bağlı ictimai məlumatlandırmanı təşkil edə bilərlər. Eləcə də bir dövlət qurumunun maliyyə hesabatında olan rəqəmlər digərlərinin hesabatlarındakı rəqəmlərlə müqayisə edilə bilər ki, bu da şişirdilmiş rəqəmlərin ictimaiyyətə açıqlanmasına şərait yaradır. 

Xatırladaq ki, bir qədər əvvəl sabiq vergilər, indiki iqtisadiyyat naziri Mikayıl Cabbarov keçmiş Vergilər Nazirliyi ilə Dövlət Statistikası Komitəsinin rəqəmləri arasında yeddi dəfə fərq olduğunu bildirmişdi. Təəssüf ki, bu yeganə fakt deyil. Dövlət qurumlarının açıqladığı rəqəmlər arasında bir sıra hallarda ziddiyyətli məqamlar olur. Bu uyğunsuzluqların əsasında isə dövlət büdcəsindən mənimsəmələr dayanır. 

Bu baxımdan da hesab edirik ki, aparılan iqtisadi-sosial islahatlardan sonra diqqət mərkəzində olacaq başlıca məqam məhz dövlət qurumlarının işinin şəffaf formada təşkili olmalıdır. Dövlət büdcəsinin vəsaitlərinin şəffaf və qənaətli formada xərclənməsi isə ilk növbədə ölkənin sosial təminatı ilə bağlı siyasətinin gücləndirilməsinə xidmət etmiş olar, əmək haqları, müavinətlərin artımını şərtləndirər.

İctimai nəzarətin gücləndirilməsi zəruri olan sahələrdən biri də dövlətin subsidiya ayırdığı sahələrdir. Qeyd olunduğu kimi, qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi siyasətinin başlıca prioritetlərindəndir. Bunun üçün də biznes mühitinin yaxşılaşdırılması vacib amildir. Məlum olduğu kimi, cənab Prezident İlham Əliyev bu məsələyə diqqəti çəkərək bildirib ki,  Azərbaycan iqtisadiyyatı son 15 il ərzində üç dəfədən çox artıb, amma ölkənin iqtisadi artımı daha çox neftin hasilatının artırılması hesabına mümkün olub: 

“Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar. Biz onu da bilirik ki, hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. Biz bunu edirik, etməliyik, infrastruktur layihələrinə, xidmət sektoruna, digər sahələrə. Ancaq ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir”.

Azərbaycan aqrar potensialı yüksək olan ölkə olduğu üçün özəl sektorda kənd təsərrüfatı sahələrinin inkişafı vacibdir. Amma məhz kənd təsərrüfatının inkişafına dövlət tərəfindən qayğı artırılsa, bir sıra sahələrə subsidiyalar ayrılsa da, effektiv nəticələrin əldə edilməsi mümkün olmur. Əksər sahələrdə istehsal yerli tələbatı ödəmir, idxaldan asılılıq ilbə-il artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-iyun aylarında idxalın dəyəri 7015,6 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı 7,0 faiz, təzə meyvə - 2,4 faiz, xam şəkər və şəkər - 2,5 dəfə, bitki yağları - 0,9 faiz, çay - 1,7 faiz, kartof - 13,6 faiz, quş əti və onun əlavə məhsulları - 14,0 faiz, mal əti - 8,8 faiz, təzə tərəvəz - 39,2 faiz artıb. Göründüyü kimi, qeyd olunan əksər məhsulların ölkəmizdə istehsal potensialı mövcuddur. Bunların istehsalının genişəndirilməsi xarici ölkələrə dollar axınının qarşısını almaqla yanaşı, həm də əhalinin iş yerləri ilə təminatının gücləndirilməsidir.  Bu baxımdan da hesab edirik ki, subsidiyaların verilməsi istiqamətində ictimai nəzarətin təşkili vacibdir. Subsidiya alan fermerlər üçün maarifləndirici tədbirlər təşkil olunmalı,  məhsul əkinləri loqistikaya əsaslanmalıdır. Mövcud şəraitdə isə inzibati metodlarla subsidiya alan fermerlərin fəaliyyətinə təsirlər mövcuddur, bu isə işin xeyrinə deyil, zərərinə işləmiş olur. Məsələn, subsidiyanı alan fermer məcbur edilir ki, toxumu tələb olunan şirkətdən daha baha qiymətlərlə alsın. Bir çox hallarda ayrılan subsidiyanın yalnız toxumun xərcini ödədiyi bildirilir ki, bu da fermerlərə müəyyən maddi kömək olsa da, istehsal sahələrinin genişləndirilməsinə imkan vermir. 

Xatırladaq ki, ötən il respublikamızda ümumi iqtisadi artım 1,4 faiz olub, amma ümüdaxili məhsulun böyük faizlə Abşeron iqtisadi rayonunun payına düşmə tendensiyası əvvəlki illərdə olduğu kimi davam edib. Məlumdur ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilib ki, burada regionlarının inkişafı sahəsində görülmüş işlərin davam etdirilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə əhalinin məşğulluğu və rifahını yüksəldilməsi vəzifələri qarşıya qoyulub. Bu cür proqramların uğurlu olaraq həyata keçirilməsi ictimai nəzarətin təşkilindən keçir.  

Bir məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, Azərbaycanda kənd təsərrüfatı sahələrinin, bununla da regionların inkişafı urbanizasiya prosesinin qarşısını ala bilər. Bu isə xüsusilə paytaxt Bakıda günbə-gün artan sıxlıq, tıxac problemlərinin aradan qalxmasına rəvac verər.

Bir sıra ekspertlər hesab edirlər ki, Milli Məclisin müvafiq komitələrində keçirilən dövlət büdcəsi layihəsinin müzakirələrinə qeyri-hökumət təşkilatılarının nümayəndələri də dəvət olunmalıdır. 
Doğrudur, büdcə zərfi mütəxəssislər tərəfindən hazırlanır, amma nəzərə almaq lazımdır ki, ictimai təşkilatlar yerli əhali ilə sıx əlaqədə olurlar. Bu baxımdan da bölgələrdə keçirilən görüşlər, tədbirlər zamanı yerli əhalinin vacib problemləri, maliyyə ayrılması zəruri olan sahələr üzə çıxa bilər. Məsələn, tutaq ki, Siyəzən, Dəvəçi rayonunda üzümçülüyün inkişafı ilə bağlı geniş potensial var və yerli sakinlər də təcrübələrinin olmasını əsas tutaraq,  məhz bu sahədə istehsalın genişləndirilməsini arzulayırlar. Doğrudur, ölkəmizdə üzümçülüyün inkişafı ilə bağlı dövlət proqramı mövcuddur, amma bu sahədə vətəndaşların da istəyi nəzərə alına, müvafiq sahənin inkişafına maliyyə yönələ bilər. 

Məlumdur ki, gələn ildən etibarən ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılır. Amma bunun nə qədər effektiv olacağı ilə bağlı rəylər birmənalı deyil. Bu həm ölkəmizdə ümumiyyətlə sığorta sahəsinə olan inamsızlıq, həm də səhiyyə sahəsində hazırda mövcud olan neqativ hallarla bağlıdır. Hesab edirik ki, dövlət nəzarətinin, eləcə də ictimai nəzarətin gücləndirilməsi vacib olan məsələlərdən biri də məhz budur. İcbari tibbi sığortanın mexanizmləri o qədər möhkəm sütunlar üzərində qurulmalıdır ki, bu indiyədək səhiyyə sahəsində olan neqativ halların da qarşısını almış olsun. Axı milli maraqların önündə dayanan ən vacib məsələ də əhalinin sağlamlığıdır. İctimai sektor icbari tibbi sığortanın tətbiqinə nəzarəti təkcə dövlətin üzərinə atmamalıdır, bununla bağlı müxtəlif layihələr, monitorinqlər həyata keçirilməlidir.

Əhalinin sağlamlığı, milli genefondumuz qorunması baxımından Azərbaycanın qida sektoru üzərində nəzarətin gücləndirilməsi də vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin son illərdə apardığı fəaliyyət nəticəsində gigeyenik və digər normalara cavab verməyən çoxsaylı sexlərin fəaliyyəti üzə çıxıb ki, bu da ötən illər ərzində əhalinin istehlak etdiyi qidaların nə qədər insan orqanizminə ziyanlı olduğunu ortaya qoyub. Nəzərə almaq lazımdır ki, insan orqanizminə ziyan vuran məhsullar yalnız gigeyenik tələblərə cavab verməyən həmin kiçik sexlərdə hazırlanmır, ölkəyə idxal olunan bir sıra ərzaqlar həmin sexlərdə hazırlanan məhsullardan daha zərərlidir. Bu baxımdan da ərzaq sektoruna nəzarət funksiyası həm dövlətin müvafiq qurumlarının, həm də ictimai sektorun üzərinə düşür.  Bu məsələdə ictimai sektor ardıcıl monitorinqləri, tədqiqatları ilə öz töhfələrini verə bilər. Təəssüf ki, Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən təşkilatların sayı azdır. 

Hesab edirik ki, ölkəmizdə ictimai nəzarətin vacib olduğu sahələr yalnız qeyd olunanlar deyil, bunun tətbiqinin əksər sahələrdə həyata keçirilməsi zəruridir. Eləcə də vətəndaşların ölkədə keçirilən seçkilərdə fəal iştirakı vacibdir ki, bu da ictimai iştirakçılığın formalarından biridir. 

Xatirə Nəsirova
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsinə təqdim edilir.


Oxunma sayı: 980