hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Şəhid və qaziləri təhqir edənləri kim cəzalandırsın? - Cəmiyyət, yoxsa qanun? - FİKİRLƏR HAÇALANIR

Şəhid və qaziləri təhqir edənləri kim cəzalandırsın? - Cəmiyyət, yoxsa qanun? - FİKİRLƏR HAÇALANIR

Sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin bir qrup şəxs tərəfindən döyülməsi gündəm olub.

F.Rəsulzadənin döyülməsinə səbəb bir müddət əvvəl onun şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım göstərilir. Həmin paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etirazla qarşılanıb.

Şəhid və qazilərin ünvanına lağlağı, təhqiramiz ifadələrin işlədilməsinə qarşı cəza qanunvericilikdə necə tənzimlənir?

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Cebhe.info-ya açıqlamasında bildirib ki, cəmiyyətin şəhid və qazi ailələrinə olan münasibət birmənalıdır:

“Cəmiyyətimiz şəhid və qazi ailələrini baş tacı sayır, onlarla fəxr edir və onlara qarşı artıq söz, ifadə işlədənlərin cəzasını da özü verir. Vətəndaşlarımız şəhid və qazilərin ünvanına lazımsız ifadə işlədənləri doğulduğuna belə peşman edir. Qanunvericilikdə kifayət qədər bəndlər var ki, kimisə təhqirə, aşağılamaya görə cəzalandırmaq mümkündür. Bu baxımdan, bununla bağlı qanunda dəyişikliyə lüzum görmürəm. Qanunda onsuz da bunlar var. Şəhid və qaziyə qarşı əxlaqsız ifadə işlədən insanlar təkdir, həyatda özünü tapmamış, bəlkə də bədbəxt insanlardırlar ki, şəhidləri təhqir edirlər. O insanların azərbaycanlı adı daşımaq, bizim ölkəmizdə yaşamaq haqqı yoxdur. Çünki bu torpaqları şəhidlərimiz, qazilərimiz qanı, canı ilə azad ediblər. Onların azad etdiyi bu torpaqlarda, cəmiyyətdə onları təhqir etmək istəyənlərin yaşamaq haqqı yoxdur. Bu insanlara qarşı vətəndaşlarımız birlik olmalıdır. Onları sosial şəbəkələrdə biabr etmək, mənəvi əzab çəkməyə vadar etmək lazımdır ki, bu cür hərəkətlərə bir də yol verməsinlər. Kim “sülh göyərçini” olmaq istəyirsə, gedib başqa ölkədə olsun. Azərbaycan Qarabağ münaqişəsini həll edib, amma ermənilər bu gün özlərini yaxşı aparmırlar. Biz onlarla dinc yaşamaq istəsək də, onlar istəmir. Ermənilərə tərəf çıxan, “sülh göyərçini” olmaq istəyənlər gedib başqa ölkədə yaşasınlar”.

Vəkil Əsabəli Mustafayev isə bildirib ki, istər Cinayət Məcəlləsində, istərsə də İnzibati Xətalar Məcəlləsində şəhidlərin, onlara bərabər tutulan insanların, tarixi şəxsiyyətlərin təhqir olunması, lağa qoyulmasına görə məsuliyyəti nəzərdə tutulmayıb:

“Bəzi ölkələrdə belə bir məsuliyyət var, lakin bizdə - Azərbaycanda yoxdur. Bu, o demək deyil ki, şəhidlərin, onlara bərabər tutulan şəxslərin ünvanına bu cür ifadələr işlədənlər heç bir hüquqi təzyiqə məcbur qala bilməzlər. Məhkəməyə yaxınları, ya da istənilən insan şəhidin təhqir olunması ilə bağlı xüsusi ittiham qaydasında müraciət edə bilər. Bizdə belə bir fakt olmuşdu. Mübariz İbrahimovu sosial şəbəkədə təhqir edən qadın haqqında adi insanlar tərəfindən məhkəmədə iddia qaldırılmışdı. O insanlar Mübariz İbrahimovu Azərbaycanın dəyərli insanı, şəxsiyyəti hesab etdiklərinə görə düşünmüşdülər ki, bu təhqir yolverilməzdir. Ona görə də məhkəmədə iddia qaldırıldı və nəticə də olundu. Bu məhkəmə praktikasından istifadə edərək belə bir iddianı qaldırmaq olar”.

Fuad Rəsulzadənin bir qrup şəxs tərəfindən döyülməsi məsələsinə də toxunan vəkil qeyd edib ki, məsələyə hüquqi müstəvidə yanaşsaq, şəxsin belə cəzalandırılması yolverilməzdir:

“Şəxsin döyülməsinə gəldikdə, mən insanların hislərini başa düşürəm. Şəhidlərə sevgi, məhəbbət hamımızda var və belə bir hərəkət - şəhidin lağa qoyulması, xüsusi ilə də xalqın daha böyük sevgisini qazanmış şəhid barəsində olan bu hərəkət dözülməzdir. Mən həmin şəxsi döymüş insanların da hissiyatını başa düşürəm. Lakin məsələyə hüquqi müstəvidə yanaşsaq, əlbəttə, bu, düzgün deyil. Bu özü həmin şəxsə dəymiş zərərin dərəcəsindən asılı olaraq məsuliyyət yarada bilər. Belə cəza metodlarından əl çəkmək və hüquqi müstəvidə həll etmək lazımdır. Çünki bu, belə cəza metodlarının daha geniş yayılmasına səbəb ola bilər. Hesab edirəm ki, sözügedən məsələni hüquqi müstəvidə qaldırmaq lazımdır. Ayrıca qanun normasını qəbul etmək lazımdır. İnsanlar əvvəlcədən bilsinlər ki, əgər belə bir hərəkət etsələr, məsuliyyətə cəlb olunacaqlar. Məhkəmə, hüquq-mühafizə orqanları olan bir ölkədə belə cəza düzgün metod deyil. Fuad Rəsulzadəyə qarşı olan ictimai qınaq da cəzanın bir növüdür. Lakin həmin şəxs hüquqi müstəvidə də məsuliyyətə cəlb olunmalıdır ki, belə hadisələrə gələcəkdə bir də yol verilməsin”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 9142