hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Səhiyyə Nazirliyi evdə müalicənin detallarını açıqladı

Səhiyyə Nazirliyi evdə müalicənin detallarını açıqladı

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə Covid-19-la mübarizə prosesində yaranan problemlərin aradan qaldırılması üçün poliklinikalara yardım ediləcək.

Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov bu yardımın nədən ibarət olduğu haqqında açıqlama verib.

Cebhe. info xəbər verir ki, Nabil Seyidov bildirib ki, evdə müalicə alan xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi və əhali tərəfindən müraciətlərin artması nəticəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardımın (TTTY) yüklülüyünün azaldılması məqsədilə Bakı şəhəri üzrə bütün rayonlarda simptomsuz və yüngül simptomlu yoluxmuş şəxslərin aşkarlanması, müayinəsi, laborator testlərindən keçirilməsi və davamlı təqibi üçün müvafiq ilkin səhiyyə müəssisələri artıq müəyyənləşdirilib. O, Səhiyyə Nazirliyi tərəfindən simptomsuz və yüngül simptomlu şəxslərin müayinə və müalicəsinə dair xüsusi metodik tövsiyələrin hazırlanıb, poliklinikalara əlavə təlimatların təqdim edildiyini deyib. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan tövsiyələrə uyğun olaraq, vətəndaşlar Covid-19-la bağlı yaşadıqları ünvana uyğun olaraq, müvafiq poliklinikarla əlaqə saxlayacaq. Poliklinikanın mütəxəssisləri tərəfindən vətəndaşın vəziyyəti ilkin olaraq qiymətləndiriləcək və Covid-19-a dəlalət edən şikayət, simptom və ya yoluxma riskini artıran digər faktorlar (məs., təmas) dəyərləndiriləcək. Tibb işçisinin qərarı əsasında yoluxma riski olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə səfər edəcək və testlər üçün nümunələr məhz orada götürüləcək:

“Ümumiyyətlə, Bakı şəhəri üzrə bütün poliklinikalara verilmiş tövsiyə və təlimatlara əsasən simptomsuz pasiyentlərin evdə müşahidəsi, yüngül gedişatlı xəstələrin müalicəsi təmin ediləcək. Pasiyentlərin səhhətlərində baş verən hər hansı pisləşmə və ya mənfi dinamika müəyyən edilən kimi onlar poliklinika həkimi tərəfindən təkrar qiymətləndiriləcək. Obyektiv pisləşmə olduqda həmin an hospitalizasiya olunacaq. Onu da qeyd etmək istəyirəm ki, poliklinikalar Covid-19-un müalicəsi ilə yanaşı öz adi fəaliyyətlərini davam etdirir. Yəni, dispanser qeydiyyatı olan digər xəstəliklərlə pasientlər poliklinikalarla telefonla təmas qura, həkimləri ilə əlaqə saxlaya və tələb olunduqda poliklinikaya gəlib, müayinədən keçə bilərlər” – deyə, Nabil Seyidov bildirib.

Nabil Seyidov hazırda koronavirusa yoluxma riskinin artdığı vəziyyətdə vətəndaşların digər məsələlərlə bağlı poliklinikaya gəlişlərinin məhdudlaşdırılmasını məqsədəuyğun hesab edib. Testlərin yalnız göstərişlərə uyğun olaraq aparılacağını bir daha xatırladan nazirlik rəsmisi vətəndaşların öz poliklinikalarına zəng etməklə Covid-19 infeksiyası və onun profilaktikası, habelə evdə müşahidə və müalicə ilə bağlı müvafiq məlumat və təlimat əldə edə biləcəyini qeyd edib.

O, bütün bu tövsiyələrin yerinə yetirilməsi nəticəsində ilkin səhiyyə xidməti olan poliklinikaların Covid-19 xəstələrinə daha yaxşı tibbi yardım göstərməyə cəlb ediləcəyini, TTTY-nin yüklənməsinin azalacağını və vətəndaşlarımıza Covid-19 pandemiyası dönəmində tələb olunan tibbi xidmətin göstərilməsinin davam etdiriləcəyini əlavə edib.

Alçina Amilqızı
Cebhe. info


Oxunma sayı: 20175