hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Səhnədən birbaşa meydana: Şoumen Ukraynanı gülüşə qərq edə biləcək?

Səhnədən birbaşa meydana: Şoumen Ukraynanı gülüşə qərq edə biləcək?

Ukraynada prezident seçkilərinin birinci turundan sonra ekspertlər Vladimir Zelenskinin siyasi portreti üzərində təhlil aparır.Aprelin 21-də keçiriləcək səsvermənin ikinci turunda V.Zelenski hazırkı prezident Pyotr Poroşenkonun əsas rəqibi olacaq. Xatırladaq ki, seçki bülletenlərinin 99,01 faizinin nəticələrinə görə, “Xalqın Xidmətçisi” Partiyasının namizədi, komediya aktyoru V.Zelenski 30,23 faiz səs qazanıb. Pyotr Poroşenko isə 15,92 faizlik göstərici ilə ikinci yeri tutub.

“Batkivşina” Partiyasının lideri, sabiq baş nazir Yuliya Timoşenko isə 13,39 faiz səs toplayaraq ikinci tura keçə bilməyib. Ona görə də səsvermə prosesinin növbəti mərhələsində rəqabət Zelenski və Poroşenko arasında gedəcək.

Hazırda hər iki namizədin qələbəsini və məğlubiyyətini təmin edəcək müəyyən səbəblər mövcuddur.Yəni analitiklər hesab edir ki, Ukraynanın gələcəyi hər iki siyasətçinin karyerasındakı müsbət göstəricilərdən və çatışmazlıqlardan çox asılıdır.

Martın 31-də keçirilmiş səsvermənin nəticələri Vladimir Zelenskinin qələbə qazanacağını proqnozlaşdırmağa əsas verir.Bütün seçki kampaniyası dövründə reytinqinə görə birinciliyini qoruyub saxlayan Zelenskinin ilk turda da bu uğuru təkrarlaması ona ikinci mərhələni qələbə ilə başa vurmağa kömək edə bilər. O, 2005-ci ildə baş vermiş “narıncı inqilab”ın lideri Vladimir Yuşşenkodan sonra müasir Ukrayna tarixinin ən populyar siyasi obrazı hesab edilir. Zelenski istər siyasi baxışlarına, istərsə də ictimai rəylə işləmək bacarığına görə seçkidəki digər namizədlərdən tamamilə fərqlənir.Seçki kampaniyası dövründə Zelenski ənənəvi təbliğat-təşviqat üsullarından istifadə etməyib. O, seçicilərlə görüşlərində əsasən şou proqramlarla çıxış edir, fasilə zamanı isə ziyalılar, sahibkarlar və diplomatlarla rəsmi görüş keçirirdi. Yəni seçki prosesi Vladimir Zelenskinin bir şoumen kimi siyasi artistizminin də güclü olduğunu üzə çıxartdı.Bu baxımdan, Rusiya rəhbərliyi siyasi portretinə bələd olmadığı tamamilə yeni bir fiqurla qarşılaşmağa kifayət qədər həssas yanaşır.Zelenski prezident seçiləcəyi təqdirdə, Poroşenkodan fərqli siyasi kurs yürüdəcəyi məlumdur.Amma bu dəyişikliyin əsas elementləri Rusiya üçün hələ yetərincə aydın deyil.Ona görə də Poroşenkonun məğlubiyyətinə Kremldə düşməndən xilas olmaq kimi baxmırlar.Hazırkı mərhələdə Rusiya tərəfi daha çox gözləmə mövqeyinə çəkilmiş kimi görünür.Almaniya mediası isə yazır ki, rusdilli mühitdə böyümüş Zelenskinin prezident seçilməsi Rusiya üçün çətinlik törədəcək.Çünki Moskva Ukraynada rusdilli əhalinin əzildiyini təsdiq edə bilməyəcək.Əksinə, ukraynalı oliqarx İqor Kolomoyski ilə əlaqəli olan Zelenskinin “Kvartal 95” prodüser firması offşor şirkətləri vasitəsilə Rusiya ilə biznes qurur.

Qərb isə Ukraynadak seçkilərin nəticələrini istənilən halda qəbul edəcək.Çünki Zelenskinin simasında Ukraynada hakimiyyətə daha fəal demokrat, Poroşenkonun timsalında isə Rusiyanın düşməni gələ bilər.Lakin alman mediası Qərbin müşahidəçi mövqeyini tənqid edir.Qeyd edilir ki, Qərb iqtisadi və hüquqi islahatlar aparmaq, oliqarxiyaya qarşı mübarizədə Ukraynaya qarşı daha çox yardım etməlidir. Şərqi Ukraynanın əhalisi hiss etməlidir ki, Rusiya təsirində olmaqdansa, demokratiya şəraitində yaşamaq daha yaxşıdır.

Səsvermənin birinci turunun nəticələri Ukraynada demokratik seçki sisteminin formalaşdırdığını göstərdi.Pyotr Poroşenkonun seçkilərin demokratik və ATƏT standartlarına uyğun olduğunu söyləməsi dövlət başçısının birinci turun nəticələrini qəbul etməsi kimi başa düşülə bilər.

Qeyd edək ki, Ukraynada demokratik seçki institutlarının formalaşması sabiq dövlət başçısı Viktor Yuşşenkonun adı ilə bağlıdır.Əgər Poroşenko ikinci turda da bu ənənəyə qalarsa, V.Zelenskinin qələbə çalacağı şübhə doğurmur.Poroşenko ilə Zelenskinin topladığı səslər arasında fərqin iki dəfə artıq olduğunu nəzərə alsaq, hazırkı prezidentin seçkini saxtalaşdırmaq cəhdləri ciddi nəticə verə bilməz.

Lakin V.Zelenskinin əsas nöqsanı onun əvvəllər siyasi fəaliyyətlə məşğul olmaması ilə bağlıdır. O, siyasi meydana yalnız “Xalqın nökəri” filmində prezident obrazını yaratdıqdan sonra atılıb. Zelenskinin digər çatışmazlığı siyasi komandaya malik olmamasıdır.Zelenskini “Ukrayna xalqının istəyini başa düşən namizəd” adlandırırlar.Ancaq onun gücü fəaliyyətdən və təcrübədən daha çox populyarlığındandır.Ukraynalılar isə hesab edir ki, Zelenski ictimai rəylə manipulyasiya edən Poroşenkodan və Timoşenkodan fərqli olaraq daha praqmatikdir.Ancaq onun vədlərini həyata keçirməsi ilk növbədə, hakimiyyətini qoruyub saxlamasından asılıdır.

Ali Radanın deputatı Vadim Rabinoviçin sözlərinə görə, V.Zelenski prezident seçilərsə, parlamentin mövqeyi onun hakimiyyətinin möhkəmlənməsində mühüm rol oynaya bilər.İlkin mərhələdə prezident kimi yalnız xarici işlər, müdafiə nazirlərini, baş prokuroru və Milli Təhlükəsizlik Şurasının katibini təyin etmək səlahiyyətlərinə malik olacaq.Vadim Rabinoviç hesab edir ki, Zelenski prezident seçilərsə, dəyişən yalnız siyasi elita olacaq.Yeni prezident heç nəyi həll etməyəcək.Zelenski koalisiya formalaşdıra bilməz.Çünki onun parlamentdə heç nəyi yoxdur. Rabinoviç bildirib ki, “Xalqın Xidmətçisi” Partiyası 2019-cu ilin oktyabr ayının 27-də keçiriləcək parlament seçkilərində qalib gələcəyi təqdirdə, V. Zelenski güclü hakimiyyətə sahib ola bilər.

Vladimir Zelenski isə parlament seçkilərinə qızğın hazırlaşdığını bəyan edib.Son rəy sorğuları “Xalqın Xidmətçisi” Partiyasının 23 faizlik göstərici ilə reytinq cədvəlinə başçılıq edəcəyini göstərir. Əgər Zelenski seçkilərdə qələbə qazanarsa, “Xalqın Xidmətçisi”nin reytinqi və hakim partiyaya çevrilmək şansları arta bilər.

Diplomat Boqdan Yaremenkonun fikrincə, V. Zelenskinin neytral mövqeyi Ukrayna üçün siyasi divedentlər vəd edir.

"Mənə görə, Vladimir Zelenskinin ehtimal olunan qələbəsi Ukrayna üçün müəyyən imkanlar yarada bilər.Zelenski nə Şərqlə, nə Qərblə bağlı olmayan şəxsdir.Bu isə danışıqlar aparmaq üçün Ukraynanın əllərini açır.Bu, Minsk müqavilələrinə, ölkəmizin kredit şərtlərinə, həm Rusiya Federasiyası ilə münasibətlərimizə, həm Rusiya ilə müharibə probleminin həllinə və digərlərinə aiddir”.

Həmçinin diplomat hesab edir ki, Zelenski bu imkanlardan istifadə edəcək.Amma Yaremenko hesab edir ki, Zelenskinin indiyə qədər öz komandasını təqdim etməməsi narahatlıq doğurur.Diplomat bildirib ki, Zelenski bir məsələyə aydınlıq gətirməlidir- Ukraynanın mövqeyi genişlənəcək, yoxsa, hazırkı səviyyədə qalacaqəYaremenko təşvişə düşmək və mənfi proqnozlar vermək üçün əsas görmədiyini deyib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 10502