hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Səhnəmizin “Kral Lir”i: Sənət fədaisi Sidqi Ruhulla haqqında dəyərli monoqrafiya

Səhnəmizin “Kral Lir”i: Sənət fədaisi Sidqi Ruhulla haqqında dəyərli monoqrafiya

Sidqi Ruhulla romantik aktyor məktəbinin ən görkəmli simalarından biridir.

Bu gün də adı böyük hörmət və ehtiramla yad edilir. Yaradıcılıq yolu Azərbaycan teatrının ən parlaq sənət məktəbi olaraq öyrənilir, tədqiq edilir. Məlum bir həqiqətdir ki, hər zaman aktyor taleyi müxtəlif olur. Bəziləri çox zaman qısa vaxt kəsiyində erkən parlayır, tanınır, sevilir bəzilərinin isə yaradıcılıq dövrü və onun tanınıb sevilməsi uzun, dolanbac yollardan keçməli olur. Ömrünün 53 ilini Azərbaycan teatr sənətinə həsr edən SSRİ xalq artisti Sidqi Ruhulla isə öz yaradıcılıq istedadını çox gənc yaşlarından nümayiş etdirə bilən sənətkarlardan biri olaraq, ömrünün sonuna qədər müqəddəs səhnəyə sadiq qalıb. O, Ələsgər Ələkbərov, Mərziyə Davudova, Barat Şəkinskaya, Mirzəağa Əliyev, Hökumə Qurbanova, Ülvi Rəcəb, Rza Əfqanlı kimi müqtədir sənətkarlar dəstəsinin parlaq istedadları ilə birlikdə çiyin-çiyinə çalışıb. Əsl adı Ruhulla, soyadı Axundov olsa da, hələ gənc yaşlarında “Vətən” dramında Sidqi rolunu məharətlə ifa etdiyi üçün yoldaşlarının məsləhətilə bu ləqəbi qəbul edib.

1906-cı ildə ilk dəfə Azərbaycan səhnəsində böyük tragik Ərəblinskini Mirzə Fətəli Axundzadənin “Vəziri Xani Lənkəran” komediyasında Teymur ağa obrazında gördükdən sonra onun gələcək taleyi də bəlli olub. Görkəmli sənətkar olan Sidqi Ruhulla hələ uşaqlıqdan aktyor sənətinə böyük həvəs göstərib. Bu minvalla Ərəblinski ilə dostlaşan Sidqi Ruhulla səhnəyə olan həvəsini ona bildirərək, aktyor olmaq istədiyini deyib. Bu müraciətdən sonra Ərəblinski onun səsində, qamətində, mimikasında, jestlərində böyük gələcəyi olan aktyoru əvvəlcədən görə bilib və səhnəyə cəlb edib.

Bu günlərdə isə fəlsəfə doktoru İmran Axundovun qələmə aldığı və ADPU-nun mətbəəsində nəşr olunan “Sidqi Ruhulla” monoqrafiyası ilə tanış oldum. Monoqrafiyanın redaktoru əməkdar mədəniyyət işçisi H. M. Nəbilidir. İlk andaca deyim ki, monoqrafiya nəfis tərtibatı ilə diqqəti cəlb edir. Müəllif görkəmli sənətkar haqqında daha maraqlı və orjinal bir yeni nəşrin yazılıb hazırlanmasına müvəffəq ola bilib.

Monoqrafiya dörd fəsildən ibarətdir. Birinci fəsil 1908-1919-cu illəri əhatə etməklə böyük səhnə ustasının həyatı və ilk səhnə dövrünü oxuculara təqdim edir. Monoqrafiya ilə yaxından tanış olduqca bir daha bəlli olur ki, mənalı, zəngin tarixə malik olan Sidqi Ruhullanın yaradıcılığı ciddi tədqiqata ehtiyacı olan və öz mənbəyini həyatdan almaqla yanaşı, xalqının azadlığına, səadətinə həsr olunan bir sənət fədaisidir.

Müəllif bu fəsildə Sidqi Ruhullanın uşaqlıq və gənclik illərinə də geniş bir formada nəzər salmaqla onun teatra olan marağının və bu marağın nəticəsi olaraq, səhnəyə gəlişini geniş bir formada təhlil edərək, öz konseptual fikirlərini oxucusu ilə bölüşür. Müəllif yazır: “Mütiliyə düşmən olan, azad, müstəqil yaşamaqdan zövq duyan Sidqi doğulub, boya-başa çatdığı Buzovna kəndindən Bakıya gələrkən buradakı coşqun inqilabi mühit içərisində getdikcə yetkinləşir... Coşqun, romantik gənclik arzuları ilə yaşayan Sidqinin qəlbində xalqa, vətənə xidmət etmək səyi getdikcə güclənir”.

Qeyd etmək lazımdır ki, Sidqi Ruhullanın ifasında Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” faciəsində ifa etdiyi Fəxrəddin obrazı öz fikirlərini yeni elmi nüanslar üzərində qurmağa çalışan, kənddə təhsil ocaqları açmaq arzusu ilə yaşayan, orada baş verən ziddiyyətləri aradan qaldırmağa çalışan bir gənc olaraq təqdim olunub. Fəxrəddin obrazında Sidqi Ruhullanın məharətlə oynadığı və təbliğ etdiyi bu gəncin surəti yenilik, bu inkişafı öz şəxsi arzuları kimi deyil, həyatda baş verən hadisələrin nişanəsi kimi göstərməyə çalışırdı. Məhz onun ifasında Fəxrəddin dövrü, zamanı üçün cahilliyi aradan qaldırmaq, inkişaf, elm, mədəniyyət yolunu tutub, qabaqcıl insanların arzu və istəklərini təbliğ etmək arzusu ilə yaşayırdı. Köhnə cəmiyyətlə mübarizədə məğlub olan Fəxrəddin-Sidqinin məğlubiyyəti köhnəliyin qələbəsi kimi səslənmirdi, əksinə yeniliyi yayan qüvvələrin zəif olduğunu, kifayət qədər yetişmədiyini göstərirdi. Monoqrafiyada müəllif, məhz aktyorun obraz üzərində ifasını təhlil edərkən onun surətlərinin bu kimi mahiyyət etibarı ilə təqdim olunmasına çalışaraq, açılmasına müvəffəq ola bilib. Müəllif yazır: “H.Ərəblinskidən sonra “Nadir şah” tamaşasında ən çox iştirak edən aktyor Sidqi Ruhulla olmuşdur. S.Ruhulla öz müəllimi, səhnə ustası H. Ərəblinski kimi “Nadir şah” əsərini Bakı, Tiflis, İrəvan, Gəncə, Göycay, Şəki, Naxçıvan, Batum Həştərxan və İranın bir çox şəhərlərində yerli həvəskarlarla birlikdə tamaşaya qoymuş, özü Nadir şah, Rzaqulu xan rollarını oynamışdır. “Cümə günü, dekabr ayının 12-də müsəlman dram truppası Tağıyev teatrında tanınmış xalq yazıçısı N. Nərimanovun “Nadir şah” tarixi faciəsini oynadı. Pyes tamaşaçılara qüvvətli təsir bağışladı. Əksəriyyət, demək olar ki, İranın taleyinə acı göz yaşlarını axıtdılar. S. Ruhulla öz rolunu (Rzaqulu xanı) çox yaxşı oynadı”.

Fəlsəfə doktoru İmran Axundov həmcinin monoqrafiyada qeyd edir ki, Sidqi Ruhulla 1910 və 1919-cu illərdə Bakı, Gəncə, Tiflis, Göycay və Daşkənd teatrlarında bir-birindən maraqlı, rəngarəng və bitgin obrazlar yarada bilib. O, yazır: “İlk dəfə 1907-ci il dekabr ayının 3-də Ə. Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsi müəllifin və baş rolu ifa edən H. Ərəblinskinin rejissorluğu ilə tamaşaya qoyulmuş, böyük şöhrət qazanmışdır. 1912-ci il oktyabr ayının 12-də Sidqi Ruhulla Gəncədə Ə. Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsinə quruluş verirmiş və Qacar rolunu özü ifa etmişdir. Əlbəttə, H.Ərəblinskidən sonra Qacarı ifa etmək olduqca çətin və məsulliyətli idi. Lakin Sidqi öz parlaq və böyük istedadının gücü ilə bu çətinliyi başa düşürdü. Sidqinin ifa etdiyi Qacar zahiri və daxili baxımdan düzgün və mənalı bir obraz idi. Aktyor öz ifası ilə tarixdə özünə mövqe tutan Qacarın obrazını yaratmağa müvəffəq olmuşdur”.

Monoqrafiyanın ikinci fəsli 1920-1940-cı illəri əhatə etməklə böyük sənətkarın əsas yaradıcılıq dövrünü oxuculara təqdim edir. Bu fəslin girişində müəllif İmran Axundov teatrşünas-tənqidçi Cabir Səfərovun fikirlərini oxucuları ilə bölüşərək yazır: “Həyatının yarım əsrdən çoxunu teatr səhnəsinə həsr etmiş görkəmli sənətkar Sidqi Ruhulla bir aktyor kimi fəaliyyətə başladığı günlərdən öz sənətkar vəzifəsini geniş mənada başa düşmüşdür”.

Bununla yanaşı, müəllif aktyorun xatirələrinə də toxunaraq onun bir sənətkar olaraq səhnə ilə yaşadığını dilə gətirərək, bu sənət məbədindən ilhamlandığını xüsusi olaraq qeyd edir. Məhz bu mənada Sidqi Ruhullanın öz xatirələrindən bir qisminin də monoqrafiyada yazılaraq təqdim olunması maraqla oxunur. Sidqi Ruhulla yazır: “Səhnə fəaliyyətimin birinci dövründə mənim yaradıcılığımda Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun və Üzeyir Hacıbəyovun incəsənət vasitəsilə xalqa xidmət etmək, teatr və aktyorluğun nə demək olduğu haqqında olan söhbətləri, tövsiyələri çox mühüm rol oynamışdır və mənim mənəvi inkişafıma çox gözəl təsir bağışlamışdır. Mən onların yazdığı əsərlərdən ilham almışam və onlarla öz aramda həmişə möhkəm, mənəvi yaxınlıq görmüşəm”.

Müəllif monoqrafiyada, həmçinin Sidqi Ruhullanın rejissoru olduğu tamaşalara çox ciddi yanaşdığından söhbət açır. Onun bu istiqamətdə məsuliyyətinin birə beş artdığını vurğulayır. Müəllif qeyd edir ki, rejissor kimi Sidqi Ruhulla aktyor geyimindən tutaraq kiçik rekvizitə kimi yoxlanılmadan tamaşanın başlanmasına icazə verməzdi. Bu məqamda da müəllif yenə də onun xatirələrinə müraciət edərək yazır: “Mənim ilk müəllimim Haqverdiyev və Ərəblinski olmuşsa, ən böyük müəllimim, mənə ilham verən xalq, el, kütlə olmuşdur. Mən, hər şeyi xalqdan öyrənmişəm və öyrənirəm”.

Bu dövrdə, həmçinin müəllif onun səhnədə yaratdığı obrazların müxtəlifliyinə diqqəti cəlb etməklə Nəcəf bəy (“Dağılan tifaq”), Fərhad (“Bəxtsiz cavan”), Fəxrəddin, Rüstəm bəy (“Müsibəti Fəxrəddin”), Qacar (“Ağa Məhəmməd şah Qacar”) və qeyrilərini misal göstərməklə Sidqi Ruhulla yaradıcılığının müxtəlif çalarlarını oxucularına böyük maraqla təqdim edir. İmran Axundov yazır: “İnqilab... Sidqinin yaradıcılığının qanadlanmasına yardım edir. Yaqo, Frans, Dikoy və qeyri rus, Avropa klassik dramaturgiyasının mühüm rolları Sidqinin ifasında öz yeni və orijinal ifadəsini tapmışdır. Kral Lir onun yaradıcılığının inkişafında mühüm dönüş nöqtələrindəndir”

Monoqrafiyanın üçünçü fəsli “Aktyor yaradıcılığının zirvə dövrü” adlandırılaraq 1941-1959-cu illəri əhatə edir. Müəllif qeyd edir ki, 1941-ci ilin yanvarında Sidqi Ruhullanın səhnə fəaliyyətinin 35 illiyi qeyd olunub. Bu münasibətlə Naxçıvana qonaq gələn görkəmli səhnə ustasını teatr içtimayəti böyük məhəbbətlə qarşılayıb. Onlar öz sənət müəllimlərinə hörmət əlaməti olaraq, yanvar ayının 18-də Səməd Vurğunun “Vaqif” tarixi dramını tamaşaçılara göstəriblər. Bu tamaşada Qacar rolunu Sidqi Ruhulla ifa edib. Müəllif həmin günü qeyd edərək yazır: “Salonda toplaşan tamaşaçılar bu böyük aktyorun ifasından zövq almışlar, onu hərarətlə alqışlamışlar. O, yalnız tamaşa oynamaqla kifayətlənməyib, teatrın yaradıcı heyəti ilə fikir mübadiləsi apararaq, K. S. Stanislavski “sistemi”nin aktyor və rejisorların tərbiyəsində rolu haqqında maraqlı fikirlərini də söyləmişdir. Sidqi Ruhullanın rejisor sənəti, repertuarı müasir əsərlərlə zənginləşdirmək və s. yaradıcılıq məsələləri barədə tövsiyyələri Naxçıvan teatrının inkişafı üçün faydalı olmuşdur”.

Müəllif, həmçinin qeyd edir ki, Qərbi Avropa müəlliflərinin içərisində Şekspir Sidqi Ruhullanın ən çox sevdiyi qələm sahiblərindən biri idi. O, bu dahi dramaturqun “Otello”, “Romeo və Cülyetta”, “Maqbet” faciələrində Yaqo, Eskal, Banko obrazlarının orijinal və əvəzsiz ifaçısı olub. Hətta böyük teatr pedaqoqu, görkəmli rejisor Mehdi Məmmədov “Komunist” qəzetinin 23 aprel 1964-cü il sayında yazır: “Kral Lir” əsərində dövlət və hökmdarlıq faciəsi xüsusi bir əzəmətlə çox dərin və qəribə bir ziddiyyətlə təsvir edilib. Kral Lirin faciəsi orasındadır ki, o, hökmdar vəzifəsini bir vəzifə, bir borc deyil, ancaq bir imtiyaz və ixtiyarat kimi qiymətləndirir. Monimental səpgidə tamaşaya qoyulan bu əsərdə qüdrətli aktyor ansamblı çalışırdı. Bu tamaşada Kral Lir rolunu Sidqi Ruhulla və Ələsgər Ələkbərov ifa edirdi. Sidqini rol üzərində necə dərindən işlədiyini mən, xüsusən Şekspirin “Kral Lir” faciəsi hazırlanarkən daha ətraflı və müntəzəm müşahidə edə bildim. Bütün kolektivin iştirakı ilə əsərin oxunuşu və təhlili zamanı müstəsna qulaq asan, əsəri və əsərə aid bəzi ədəbiyyatı evdə bir daha gözdən keçirən Sidqi mənimlə də bu barədə tez-tez söhbət edir, “Kral Lir”in mənasını, əhəmiyyətini, ifadə etdiyi ideallar və ehtiraslarını, səhnə taleyi barədə bildiklərini və düşündüklərini mənimlə bölüşdürürdü”.

Qeyd etmək lazımdır ki, həqiqətən də Sidqi Ruhulla bu inkişafı, psixoloji çarpışmanı, faciəli anları, xüsusən son pərdədəki tragik səhnəni mahir bir sənətkar kimi ifa edə bilib. Sidqi Ruhullanın ifasında Lirin şəxsi faciəsi ictimai bir keyfiyyətə çevrilməklə rejisor traktofkasına uyğun olaraq tamaşaçıya təqdim edilib. Monoqrafiyanın dördüncü fəsli isə 1927-1947-ci illəri əhatə etməklə aktyorun kino fəaliyyətini oxuculara təqdim edir.

Nəticə etibarı ilə qeyd etmək lazımdır ki, Azərbaycan teatrının nəhəng simalarından hesab edilən Sidqi Ruhulla aktyor olaraq hər obrazında bir insan taleyinin zəngin mənzərəsini açaraq, ən kiçik rolda belə, əvəzsiz xarakterlər yarada bilib. Təsadüfi deyil ki, məhz buna görə də ona “ehtiraslı, dərin xarakterlər ustası” da deyirdilər. Hər dəfə də belə rollarla səhnəyə hiss və fikirlərlə dolu böyük bir obrazlar aləmi gətirə bilirdi. Bu minvalla o, 53 illik səhnə fəaliyyəti dövründə səhnəmizdə 300-dən artıq zəngin həyat təcrübəsi, müşahidə, bilik, məharət və bacarıq, gərgin əmək tələbli irili-xırdalı surətlər silsiləsi yaratmağa müvəffəq olurdu. Məhz bütün bu sadalananlarla yanaşı, qeyd etmək lazımdır ki, fəlsəfə doktoru İmran Axundovun qələmə aldığı “Sidqi Ruhulla” monoqrafiyası öz aktuallığı ilə diqqət mərkəzində olmağı bacarır.

Anar Bürcəliyev, teatrşünas
Cebhe.info


Oxunma sayı: 903