hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Şəkidə ağacların kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Şəkidə ağacların kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Ölkədə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.

Şəki rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, bəzi hallarda ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Belə ki, Şəki rayonu Baş Kəldək bələdiyyəsinin mülkiyyətinə aid, Aşağı Kəldək kəndinin ərazisində yerləşən ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Şəki rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla qeyd edilən kəndin ərazisində 27 ədəd qovaq və 1 ədəd qoz cinsli ağacların məhv edilməsi nəticəsində təbiətə 60 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Cebhe.info


Oxunma sayı: 683