hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Səmt qazı ilə bağlı müəmma: Pulsuz verilir? - “Müqavilədə göstərilir ki...”

Səmt qazı ilə bağlı müəmma: Pulsuz verilir? - “Müqavilədə göstərilir ki...”

Bu günlərdə “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Real TV”də yayımlanan “Bizim barel” verilişində diqqətçəkən açıqlama ilə çıxış edib.

İlham Şaban bildirib ki, Azərbaycan qaz ölkəsi olaraq neft kimi qocaman deyil, hələ ki, gənclik illərini yaşayır və qaz hasilatı artımına doğru gedir:

“Əmtəəlik qaz hasilatı həcmlərini 2010-cu il ilə müqayisə etsək, görərik ki, 10 ildə 10 mlrd. kubmetrdən çox artıma nail olunub. Vətəndaşların bir çoxu hələ də bilmir ki, evlərində yandırdıqları qazın yarıdan çoxu xarici şirkətdən alınan qazdır”.

Ekspert onu da əlavə edib ki, ölkəmizdə hasil edən qazın 82 faizi hazırda “BP-Azerbaijan” şirkətinin payına düşür: “Azərbaycanda istehlak edilən qazın 45 faizi SOCAR-ın balansında olan, 55 faizi isə xarici şirkətlərdən yerli bazar üçün alınan qazdır.

Xatırladaq ki, bu günə qədər səmt qazının Azərbaycana havayı verildiyinə dair iddialar var idi. O zaman kim haqlıdır?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında İlham Şabanın bəzi məsələlərdə haqlı olduğunu deyib, amma satış məsələsində onunla razılaşmadığını deyib:

“Şahdəniz-2” yatağından əlavə “Azəri-Çıraq-Günəşli” yatağından çıxan səmt qazı pulsuz verilir. Bir ildə təqribən 2.5-3 milyard kubmetr səmt qazı pulsuz olaraq Azərbaycana verilir, çünki 90-cı illərdə bağlanan müqavilədə bu nəzərə tutulub.

Buna görə də səmt qazının pulsuz verilməsi bugünə qədər də davam edir. O zaman min kubmetr qazın dəyəri 7-8 dollar idi, yəni əhəmiyyətsiz sayılırdı. Ona görə də Azərbaycan müqavilədə yaxşı şərtlər tələb edərək o güzəşti ala bilmişdi. Azərbaycanda ümumilikdə əhalinin işlətdiyi qazın həcmi 4-4.5 milyard kubmetrə yaxındır. Yerdə qalanı sənayedə, elektrik enerjisi almaq üçün modul stansiyalarda işlədilir. Bunun da təxminən 70 faizə yaxınını səmt qazı təşkil edir. Düzdür, xarici şirkət verir, amma pulsuz verir. Onun daşınması, anbarlarda saxlanılması üçün isə SOCAR-ın o qədər də böyük olmayan əlavə xərcləri var. Digər tərəfdən SOCAR özü də qaz istehsal edir. “Şahdəniz-2” yatağında isə 7 şirkət var, onun 6-sı xarici şirkətlərdi. Onların çıxardığı qaz isə həm ölkə daxilinə, həm də xaricə satılır. Əsasən də Gürcüstan və Türkiyəyə satılır, gələn ildən isə Avropa ölkələrinə TAP vasitəsilə çıxarılacaq. Ona görə də İlham Şabanın dediyində müəyyən həqiqətlər var ki, xaricilər istehsal edir, amma satış məsələsində onunla razı deyiləm. Çünki səmt qazının pulsuz olduğu və bugünə qədər də qüvvədə qaldığı məlum faktdır. SOCAR-ın öz istehsal etdiyi və səmt qazı əhalinin təminatını ödəyir. Amma ola bilər ki, sənayeyə və ya elektrik enerjisinin istehsalı üçün əlavə qaz lazım olur, onun bir hissəsinə xarici şirkətlərinin çıxardığı qaz istiqamətlənə bilər. Amma bu, əhalinin istifadə etdiyi bir məsələ deyil”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2520