hava haqqindaBakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0223
  • EURO - 1.9506
  • NEFT - 79.24
  • clouds-weather

Sensasion plan masada: Saakaşvilini hansı aqibət gözləyir?

Sensasion plan masada: Saakaşvilini hansı aqibət gözləyir?

Gürcüstanda Mixail Saakaşvilinin məhkəməsi keçirilib.

Gürcüstanın sabiq dövlət başçısı Tiflis Şəhər Məhkəməsindəki çıxışı zamanı gürcü xalqına müraciət edib.

Saakaşvili gürcüləri vətənlərinə görə qürur hissi keçirib-keçirmədikləri və onların inkişaf sürəti üçün darıxıb-darıxmadıqları ilə bağlı sual ünvanlayıb.

O bildirib ki, həbsdən öncə Gürcüstanda bir neçə nəfərlə ünsiyyətdə olub və insanların çox bədbəxt olduğunu görüb. O deyib ki, bu gün ölkədə baş verənlərə birgə son qoyulmalıdır.

Qeyd edək ki, Saakaşvilinin sağlamlıq durumu ona prosesdə sona qədər iştirak etməyə imkan vermədiyi üçün məhkəməni yarımçıq tərk edib. Həmçinin, yüzlərlə gürcü məhkəmə binasının qarşısında etiraz aksiyası keçirərək Saakaşvilinin azadlığa buraxılmasını tələb ediblər.
Etiraz aksiyası nəticəsində polislə qarşıdurma yaşanıb və saxlanılanlar olub.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, etirazçılarla polislər arasında qarşıdurma yaranıb. Nəticədə zorakılığa yol verən və polisin qanuni tələblərini yerinə yetirməyən 15 etirazçı proporsional güc tətbiq olunmaqla saxlanılıblar.

Aksiya zamanı yaranan fiziki qarşıdurma nəticəsində xəsarət alanlar da olub.

Xatırladaq ki, Saakaşvili Gürcüstanın prokurorluğu və məhkəmə sistemini tanımadığını bildirmişdi.

Maraqlıdır, bu etiraz aksiyaları fonunda və Qərbin təzyiqilə Saakaşvili azadlığa buraxıla bilər? Əks təqdirdə onun üçün də Rusiyada Navalninin yaşadığı aqibət gözlənilirmi?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Gürcüstanda baş verən proseslər əvvəlcədən yazılmış ssenarinin tərkib hissəsidir:

“Hazırda Gürcüstanda rusyönümlü Bidzina İvanişvilinin kadrları hakimiyyətdədir. Lakin Qərbin və ABŞ-ın Gürcüstan üzərində böyük təzyiqi var.

Ümumiyyətlə, Gürcüstan Saakaşvilinin dövründən başlayaraq Qərb inteqrasiya prosesini daha da sürətləndirdi. Artıq Qərb Gürcüstanda böyük perspektivli addımlar atmağı bacarıb. Yəni bundan sonrakı mərhələdə rəsmi Tiflis Qərblə münasibətlərdə geri dönüşü olmayan bir yola girib.

Hesab edirəm ki, hazırda yaşanan proseslər Mixail Saakaşvilinin uzun müddət həbsdə qalmasına imkan verməyəcək. Hətta onun qısa vaxt ərzində azadlığa buraxılacağını gözləyirəm. Əlbəttə ki, burada məqsəd təkcə Saakaşvilini həbsxanadan çıxarmaq deyil, onun hakimiyyətə gəlməsini təmin etməkdir. Çünki Saakaşvili Qərb üçün olduqca vacib əhəmiyyətə malik şəxsdir. Onun bütün xarici siyasəti Qərb üzərində qurulub.

Düşünürəm ki, Saakaşvilinin Gürcüstan məhkəməsini tanımadığı ilə bağlı fikirlərin arxasında da, məhz onu dəyişə bilmə inancı dayanır. Nəzərə alaq ki, o, uzun illər hakimiyyətdə olmuş Eduard Şverdnadzeni hakimiyyətdən sala bilmişdi. Hətta o zamanlar Rusiyanın Gürcüstan üzərində təsiri daha çox idi”.

Politoloq deyib ki, Navalni ilə Saakaşviliyə eyni yanaşma sərgilənməyəcək:

“Çünki Navalnidən fərqli olaraq Saakaşvili prezident olmuş şəxsdir. O, 10 ilə yaxın Gürcüstanı ölkəni idarə edib. Navalninin isə dövlət idarə etmək təcrübəsi olmayıb.

Düşünürəm ki, Qərbin dəstəyilə Mixail Saakaşvilinin hakimiyyətə gəlməsi mümkün olacaq. Nəzərə alaq ki, Qərb üçün Gürcüstana təzyiq göstərərək, Saakaşvilini azadlığa buraxdırmaq o qədər də çətin deyil. Sadəcə olaraq, onun bir müddət daha həbsxanada saxlayıb, sonra azadlığa çıxarmaq istəyirlər. Çünki Sakaaşvilinin həbsxanada qaldığı hər gün tərəfdarlarının sayının artmasına səbəb olur.

Bu yaxınlarda,Sakaaşvili ABŞ Prezidenti Co Baydenə də məktub yazmışdı. Fikrimcə, o məktub da cavabsız qalmayacaq. Sakaaşvili yaxın müddətdə həbsxanadan çıxaraq yenidən hakimiyyətə qayıda bilər”.

Elmir
Cebhe.info


Oxunma sayı: 5578