hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

SEPAH İrana “tələ qurur”: MÜHARİBƏ ASTANADA

SEPAH İrana “tələ qurur”: MÜHARİBƏ ASTANADA

İran İnqilab Keşikçiləri Korpusu “Sepah” körfəzdə hərəkət edən daha bir xarici neft tankerini saxlayıb.

Bu barədə “Sepah”ın dəniz qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb. “Sepah”ın sürət qayıqları tankeri iyulun 31-i axşam saat 21:30 radələrində saxlasalar da, baş vermiş olayla bağlı xəbər yenicə yayılıb.

Bəyanatda bildirilir ki, İranın Fars adası yaxınlığında hərəkətdə olan, körfəzdəki ərəb ölkələrindən birinə 700 min litr qaçaq yanacaq daşıyan “Hita” adlı tanker “Sepah” qüvvələri tərəfindən saxlanılaraq İran sahillərinə aparılıb. Tankerin xarici ölkə vətəndaşlarından olan 7 ekipaj üzvü həbs edilib, daşınan yanacaq isə tamamilə müsadirə olunub. “Sepah”ın yaydığı bəyanatda neft tankerinin hansı xarici ölkəyə məxsus olması və onun hansı ölkənin bayrağı altında hərəkət etməsi açıqlanmasa da, İranın “İrna” agentliyi avqustun 4-də saxlanılan tankerin İraqa məxsus olması barədə məlumat yayıb. Xatırladaq ki, iyulun 19-da “Sepah”ın körfəzdəki sürət qayıqları Hörmüz boğazında üzən Britaniyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə, saxladığını bəyan edib. İraq tankerinin saxlanılmasından sonra Bəsrə körfəzi regionunda vəziyyətin gərginləşəcəyi gözlənilir. Hörmüz boğazını bağlayacağını dəfələrlə bəyan edən Tehran rejimi bu planı tanker və gəmilərə hücum etməklə həyata keçirməyə başlayıb. Digər tərəfdən, Hörmüz boğazında əsas güc sahibi olduğunu nümayiş etdirməyə çalışan İran sanksiyalara cavab olaraq neftin dünya bazarına çıxışına mane olmağa cəhd edir.

Son hadisələr Fars körfəzi regionunda anti-İran qüvvələrinin sayının artmasına gətirib çıxara bilər. “Sky News” xəbər verir ki, Böyük Britaniya “Stena Impero” gəmisinin saxlanılmasından sonra Bəhreynə əlavə silahlı qüvvələr göndərməyi qərara alıb. Məqsəd Britaniyaya məxsus gəmilərin körfəzdə təhlükəsiz hərəkətini təmin etməkdir. Almaniya da Britaniyanın bu hərəkətinə bəraət qazandıraraq İranın gəmilərə hücumunu pisləyib.

ABŞ isə Hörmüz boğazında patrul keşiyi çəkmək üçün koalisiya formalaşdırmağa çalışır. ABŞ-ın dövlət katibi Mayk Pompeo rəsmi Vaşinqtonun və müttəfiqlərinin ticarət və dəniz yollarının açıq olmasını istədiyni deyib.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə bildirib ki, İran Hörmüz boğazında gəmilərə qarşı hücumlar təşkil etməklə güc nümayiş etdirməyə çalışır. Bu da İrana qarşı beynəlxalq koalisiyanın genişlənməsinə səbəb ola bilər:

“Hörmüz boğazından yalnız ABŞ-ın müttəfiqi deyil, müttəfiqi olmayan ölkələrin də tankerləri keçir. Əgər İran orada təhlükəsizliyə problem yaradarsa, özünə qarşı beynəlxalq aksiyanın başlamasına səbəb ola bilər. Bu da İran üçün daha faciəli ola bilər. Çünki İrana terrorçu, bölgədə sabitliyə problem yaradan bir dövlət imici yaratmış olur və ya həmin ittihamları irəli sürən ABŞ, İsrail kimi ölkələrə ciddi arqument yaradır. İranın adı davamlı surətdə “qara siyahı”ya düşərsə, bu ölkəyə qarşı beynəlxalq sanksiyalar tətbiq oluna bilər. Ona görə də İranın belə bir oyuna gedəcəyinə inanmıram. Bu, İran üçün qurulmuş tələdir- “Hörmüz tələsi”. İran həmin “tələ”dən başqalarına qarşı istifadə etməyə cəhd etsə özü düşəcək. ABŞ və başqa ölkələr neftin daşınması üçün alternativ marşrutlar tapa biləcək. Yaxud İrana qarşı elə sanksiyalar tətbiq edəcəklər ki, Hörmüzü bağlamağa vəsait tapa bilməyəcək. Yəni İran özünün qurduğu bu “tələ”yə düşməyə razı olsun. Sadəcə olaraq, İran güc nümayiş etdirməyə çalışır. Çünki Qərbin aparıcı dövlətlərinə təzyiq etmək üçün İranın aparıcı texnologiyası yoxdur. Son illər baş verən proseslər göstərdi ki, dünya ölkələri İranın nefti olmadan da yaşaya bilər. İranın əsas ixracatı püstə və xalçadan ibarətdir. Qərb ölkələri İranın iqtisadiyyatına elə də bağlı deyil. Məsələn, Hollandiyanın və ya Danimarkanın İrandan heç bir asılılığı yoxdur. Avropa ölkələri İrandan bir neçə tanker neft ala bilər. İran Qərb ölkələrinə texnologiya ixrac etmir. Bu baxımdan, İranın Qərbə təsir vasitələri yoxdur. Bu səbəbdən də İran ABŞ-ın hərbi bazalarını partlatmaq, dağıtmaq və Hörmüz boğazını bağlamaq kimi pozuculuq fəaliyyəti ilə hədələyir. Əgər İran ABŞ-ın hərbi bazalarına hücum təşkil edəcəksə, “terrorçu dövlət” kimi tanınacaq. Əgər Hörmüz boğazını bağlayacaqsa, başqa dövlətlərin sanksiyalarına məruz qalması üçün əsas yaradacaq. Yəni İranın nüvə silahı hazırladığı və bu məqsədlə də Hörmüz boğazını bağladığı qənaəti yaranacaq. Hər iki hal İranın əleyhinə işləyir. İranın yeganə yolu nüvə proqramına dair Əhatəli Fəaliyyət Proqramından çıxmamaq və Qərblə danışıqları davam etdirməkdir. Əgər İran güc tətbiq etsə, özü üçün çox ciddi problem yaradacaq. Qeyd edim ki, İran hökuməti ölkədə denominasiya həyata keçirmək istəyir. 100 rialı 1 dollara bərabər etmək istəyirlər. Ancaq denominasiya məsələni həll etmir. Perspektivdə İran rialı Zimbabvenin dollarından daha pis vəziyyətə düşəcək. Nəticədə, Zimbabvenin Prezidenti Robert Muqabe istefa verməyə məcbur oldu. Yaxud Sudanda Ömər Əl-Bəşirin 30 illik hakimiyyətinə son qoyuldu. Ona görə də İranın başqa yolu yoxdur və aparıcı dünyanın tələblərinə cavab verməlidir. Rəsmi Tehran rejimin qalmasını istəyir.

Bu günlərdə amerikalı senator Rend Pol İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi Ağ Evə danışıqlara dəvət etdi. ABŞ İrandan nüvə proqramının sirlərini istəyir. İran isə bunun hərbi sirr olduğunu iddia edərək açıqlamır. Əslində, rəsmi Tehran yalan deyir. İran hakimiyyəti ABŞ-a lazım olan məlumatları verməyin qarşılığında rejimin qalmasına təminat istəyir. Bu təminatı isə heç kim verə bilməz. Çünki cəmiyyətin inkişaf qanunları var. İran islahat aparmağa məhkumdur. İran islahat aparmasa, inqilab olacaq. Çünki əhalinin İran hakimiyyətinə etibarı da azalıb. İslahat da iqtisadiyyatda, hüquqda, qanunda qanunlardan başlayır”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 4808