hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Sərhəddən çətin keçid: Hökumət və vətəndaş narazıdır

Sərhəddən çətin keçid: Hökumət və vətəndaş narazıdır

Sərhəd-keçid məntəqələrində uzun növbələrin yaranması artıq adi hala çevrilib.

Bu problemlər müxtəlif amillərlə əsaslandırılır. sərhəd-keçid məntəqələrində əsasən iki qurum, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi fəaliyyət göstərir. Uzun növbələrin yaranması isə hər iki qurumun lüzumsuz yoxlamalar aparması və bir-birilə əlaqəsiz işləməsinin nəticəsidir. Doğrudur, qurumlar mövcud problemləri insanların mövsümlə əlaqədar gediş-gəlişinin artması ilə əlaqələndirir.

Amma məlumdur ki, ilin bütün aylarında analoji problem müşahidə olunur və məhz sərhəd-keçid məntəqələrindəki yoxlamalardan şikayətlər azalmaq əvəzinə daha da artır. Vətəndaşların ölkədən çıxması və qayıtması prosesinin sadələşdirilməsi üçün qanunlar və göstərişlər olsa da, problem həllini tapa bilmir.

Problemin aradan qaldırılması üçün isə müxtəlif təkliflər səslənir. Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın koordinatoru Osman Gündüz isə təklif edir ki, sərhəd -buraxılış məntəqəsində DGK və DSX arasındakı münasibətlər yenidən nəzərdən keçirilməli, tənzimlənməlidir:

“Əgər biz istəyiriksə ki biznes mühiti və beynəlxalq reytinqlər üzrə daha yaxşı nəticələr əldə edək onda vacibdir ki, bu iki qurum arasında yoxlamalardakı paralelliklər aradan qaldırılsın. Gömrük Məcəlləsi yenidən işlənməlidir. Gömrük tariflərinə yenidən baxılmalıdır. Komitə Gömrük Məcəlləsinin yenilənməsi ilə bağlı 2 il olardı ki, işlər aparırdı, bir xeyli görüşlər keçirilmiş, təkliflər hazırlanmışdı. Amma bu məsələ hələ də öz həllini tapmayıb. Qonşu ölkələrlə müqayisədə gömrük rüsumlarında, məsələn, avtomobillərə qoyulan və heç bir izahı olmayan rüsumlara yenidən baxılmalıdır”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi həm də elektron növbənin təşkili ilə bağlı proqram hazırlayır. Elektron növbə xidmətinin isə ilin sonuna qədər istifadəyə veriləcəyi gözlənilir. Hələlik bu məsələ tam həll olunmasa da, xidmətin pullu olacağı məlumdur.

Sərhəd-keçid məntəqələrində problemlərin olduğu hökumət səviyyəsində də bilinir. Təsadüfi deyil ki, avqustun 29-da Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin növbəti iclasında bu məsələyə toxunub.

“Cari ilin 6 ayı ərzində Dövlət Gömrük Komitəsi illik büdcə daxilolmaları üzrə proqnoz göstəricilərini tam həcmdə yerinə yetirib və ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə 446 milyon manatdan çox əlavə vəsait köçürüb. Müsbət nəticələrlə yanaşı, gömrük işi sahəsində meydana gələn və həlli vacib olan bir sıra məsələlər də qalmaqdadır. Həmin məsələlərin həlli üçün müvafiq tədbirlər görülməli, bu vacib sahənin daha da inkişafı istiqamətində işlər ardıcıl davam etdirilməli, gömrük prosedurları şəffaf şəraitdə daha da sadələşdirilməli və tranzit keçidi sürətləndirilməlidir. Elektron xidmətlərin sayının artırılması sahibkar-məmur təmaslarının azalmasına, şəffaf və səmərəli olmasına daha da töhfə verəcək”-deyə, N.Məmmədov bildirib.

Nazirlər Kabinetinin iclasından sonra, daha dəqiq desək sentyabrın 4-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinə gedərək mövcud vəziyyətlə tanış olub.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib. Qurum rəhbərləri xidmət səviyyəsinin yüksəldilməsi, sərhəd-keçid məntəqəsində baş verən sıxlıqların gələcəkdə təkrarlanmaması üçün aparılacaq yenidənqurma işlərinin səmərəliliyinin təmin olunması, sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini veriblər.

Sonuncu məlumatdan da açıq şəkildə görünür ki, hələ də sərhədkeçmə prosesində problemlər qalmaqdadır və generallar özü də bunu etiraf edib. Sərhədkeçmə prosesinə qısa nəzər salaq. Ölkədən çıxmaq və gəlmək üçün sərhəd-keçid məntəqələrində Dövlət Sərhəd Xidmətinin əməkdaşları girişdən çıxışa qədər olan qısa məsafədə 4 dəfə sənəd yoxlayır. DSX-nın yoxlama məntəqələri arasında məsafənin qısa olduğunu nəzərə alsaq, bu yoxlamaların lüzumsuz olduğu, növbənin artırılmasına hesablandığını göstərir. Hər sənəd yoxlamasına bir neçə dəqiqə zaman tələb olunduğunu nəzərə alsaq, bunu itirilmiş zaman da adlandırmaq olar. Bura pasport yoxlanışı zamanı “şəkilçəkmə” prosesini də əlavə etsək, bu zaman daha da uzanar.

Dövlət Gömrük Komitəsində isə sadə vətəndaşların (əgər heç bir mal və məhsul gətirmirsənsə və ya aparmırsansa -müəll.) keçidinə maneə törətmir. DGK-dən olan narazılırlar rüsumlar və süründürməçiliklə bağlıdır.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1552