hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Serial qəhrəmanından xalq qəhrəmanına: “Zelenskinin filmi” gerçək ola biləcəkmi?

Serial qəhrəmanından xalq qəhrəmanına: “Zelenskinin filmi” gerçək ola biləcəkmi?

Vladimir Zelenskinin prezident seçilməsindən sonra beynəlxalq ictimaiyyətin diqqəti Ukraynaya yönəlib.

Aktyorluqdan siyasətə atılaraq qısa müddətdə prezident kürsüsünə yüksələn V.Zelenski Ukraynada Petro Poroşenkodan sonra tamamilə fərqli bir dönəm başladacağını vəd edir. Ancaq V.Zelenskinin siyasi təcrübəsi az olduğundan bu məqsədlərə necə çatacağı məlum deyil. Bu baxımdan, Zelenskini prezidentliyi dövründə Petro Poroşenkodan miras qalmış xeyli problemlərin həlli gözləyir. 

Oliqarx məmurların hakimiyyətinə son qoyulması, korrupsiyaya qarşı mübarizə, ölkənin gəlirlərinin artması, yoxsulluq səviyəsinin azaldılması və ən əsası, Rusiya ilə münaqişənin aradan qaldırılması kimi indi prezident Zelenskinin qarşısında duran vəzifələrdir. Buna nail olmaq islahat vəd edən prezidentdən yeni yanaşmalar tələb edir.

Eyni zamanda, hakimiyyət dəyişikliyi Ukraynanın xarici siyasətinə də təsirsiz ötüşməyəcək. Ekspertlərin fikrincə, dünyanın iki geostrateji qütbə bölünmüş və Qərblə Rusiya arasında “soyuq müharibə” meydanına çevrilmiş Ukraynada yeni prezidentin seçilməsindən sonra maraqlar toqquşması güclənə bilər. Ona görə də V.Zelenskinin prezident seçilməsi 2014-cü ilin “Maydan hərəkatı”ndan ötən dövrdə ən ciddi siyasi hadisə hesab edilir. Çox güman ki, ABŞ başda olmaqla Qərb V.Zelenskinin prezidentliyi dövründə Ukraynanı son beş ildə olduğu kimi öz təsir dairəsində saxlamağa çalışacaq. Gürcüstanın və Ukraynanın NATO üzvlüyünə qəbul edilməsi, Qara dəniz regionunda alyansın təsir dairəsinin artırılması kimi strateji planlara malik olan ABŞ Ukraynadakı mövqelərini Rusiyaya güzəştə getməməyə çalışacaq. Öz növbəsində, Rusiya da millətçi baxışlara malik Poroşenkodan fərqli olaraq, siyasi təcrübəsi olmayan və loyal mövqeli Zelenskini aldadıcı diplomatik fəndlərlə kompromisə sövq etmək istəyəcək.

Fridrix Nauman Fondunun Ukrayna və Belarus nümayəndəliyinin rəhbəri Bate Apelt hesab edir ki, Poroşenkodan sonra islahatlar yolu ilə ölkəni dəyişmək heç də asan olmayacaq. 

“O, vətəndaşlarla başqa cür ünsiyyət qurmaq istədiyini bəyan edir. Ancaq onun siyasətdə istədiyi dəyişikliklər aydın deyil. Proqnozlaşdırmaq, təhlil etmək üçün nəyəsə əsaslanmaq mümkün deyil. Bir məsələni də unutmaq lazım deyil ki, o, növbəti altı ayda Ali Radanın dəstəyi olmadan ölkəyə başçılıq edəcək. Onun hələlik öz fraksiyası yoxdur. Onun əlləri bağlı olacaq. Bu da təkcə məyusluğa gətirib çıxara bilər. Bəzi skeptiklər ölkə vətəndaşlarının virtual fiquru seçdiyini göstərərək Ukrayna cəmiyətinin infantilliyindən bəhs edir. Onlar kimə səs verdiklərini tanımırlar, onlardan biri olan sadə vətəndaş haqqında düşünürlər. Əslində, Zelenski də sistem insanıdır. İmkanlı şəxsdir. Onun oliqarxlarla, ilk növbədə İqor Kolomoyski ilə əlaqələri var. Bu əlaqələrin birgə biznesdən kənara çıxdığını göstərən çoxlu məqam var. Zelenski serialda çıxış etdiyi kimi xalqın içindən çıxan sadə vətəndaş deyil”.

Zelenskinin prezidentlik dövründə ölkənin xarici siyasət kursunda baş verə biləcək dəyişikliklərə toxunan ekspert ciddi dəyişiklik gözləmədiyini deyib: “Zelenski seçkiqabağı kampaniyada özünü avropayönlü siyasətçi kimi təqdim edib. O, Avropa Birliyinə və NATO-ya qoşulmaq kursunda heç bir dəyişiklik olmadığını bəyan edib, hərçənd bu məsələlərlə bağlı referendumun keçirilməsi lazım gəldiyini bildirib. 

Prezident Poroşenko Zelenskini rusiyayönlü siyasətçi, deyərdim ki, Ukraynadakı məqsədlərinə nail olmaq üçün Putinin istifadə edə biləcəyi zəif həlqə kimi göstərməyə çalışıb. Zelenski rusdilli ukraynalılardan olsa da, əslində rusyönlü siyasətçi deyil. Amma yeni rus təcavüzü halında, bunu da istisna etmək olmaz, həmçinin “normand formatı” danışıqlarında Zelenski açıq-aşkar Poroşenkodan daha zəif fiqurdur. Ən azından ona görə ki, onun siyasi təcrübəsi yoxdur”.

Ekspert qeyd edib ki, hələlik Zelenskinin ölkəni geri döndərməyi, keçirilən islahatları ləğv etməyi planlaşdırdığını söyləməyə əsas yoxdur: 

“Yeganə istisna hal səhiyyə islahatıdır. Bu ağrılı islahat çoxlarının xoşuna gəlmir. Ancaq Avropa baxımından son dərəcə zəruri tədbirdir. Zelenskinin bəzi bəyanatları göstərir ki, o, sırf populist fikirlərdən dolayı, sadəcə əksəriyyətin bu islahatdan narazı olduğu üçün onu dayandıra bilər. Bu, acınacaqlı şəkil ala bilər.

Eyni zamanda, Zelenskinin korrupsiya ilə mübarizə məsələsində müəyyənləşən yolu, yaradılan institutları, özəlliklə antikorrupsiya məhkəməsini dəstəkləməsi vacib mesajdır. Əsas islahat budur. Prezident antikorrupsiya orqanlarına müstəqil şəkildə fəaliyyət göstərməyə imkan versə, yüksək vəzifəli məmurlar rüşvətxorluğa görə cəzalandırıla bilər. Bu da irəliyə doğru böyük addım olar. Lakin Vladimir Zelenskinin İqor Kolomoyski ilə əlaqələrini nəzərə alsaq, “dövlətin qəsbi” adlandırılan oliqarxların parlamentdə ayrı-ayrı qruplara rəhbərlik etdiyi bir halda onun bu yola nə qədər sadiq qalacağı şübhə doğurur. Bundan sərvət toplayan oliqarx kulisdə ipləri çəkirsə, buna son qoyulacağını təsəvvür etmək mənə çox çətindir”.

“The New York Times” qəzeti isə yazır ki, Zelenski qiymətlərin artması və həyat səviyəsinin aşağı düşməsi ilə bağlı yaranmış narazılıq fonunda korrupsiyanın kökünü kəsməyə və Donbasda müharibəni bitirməyə söz verib. Lakin o, bütün bunlara necə nail olacağına dair planlarını açıqlamır. İnvestorlar isə ondan zəruri olan kapitalın cəlb edilməsi, Beynəlxalq Valyuta Fondunun proqramının yerinə yetirilməsi və qorunması üçün islahatları canlandırmağa təminat istəyir. 

“Prezident olacaq şəxsin iqtisadi siyasəti ilə əlaqədar tam qeyri-müəyənlik olduğundan, biz nə baş verəcəyini bilmirik. Bu isə maliyə ictimaiyyətini narahat edir” - “Dragon Capital” investisiya bankından Sergey Fursa belə deyib.

ABŞ-ın “The Wall Street Journal” qəzeti isə yazır ki, bizneslə Zelenskinin dostları, texnokratlarla islahatçılar, siyasətin veteranları, köhnə qvardiyanın iş adamları arasında dava düşəcək. “Birincilər bir neçə ay Zelenskini hətta Ukrayna standartlarına çağıracaqlar. Ukraynanın “noviçok”u BVF ilə danışıqları aparmalı olacaq. Çünki Yanukoviçin vaxtından qalmış borcları ödəmək vaxtıdır. Vladimir Putin onu yoxlayır, Ukraynanın Şərqindəki öz marionetlərin üzərində nəzarəti saxlamaq üçün onun zəifliyini axtarır”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 4199