hava haqqindaBakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0223
  • EURO - 1.9506
  • NEFT - 79.24
  • clouds-weather

Sərnişindaşıma ilə bağlı qərar: Avtobuslarda gediş haqqı dəyişir?

Sərnişindaşıma ilə bağlı qərar: Avtobuslarda gediş haqqı dəyişir?

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası”nı təsdiq edib.

Qərara əsasən, dizel yanacağının qiymət artımının sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin minimallaşdırılması, ictimai nəqliyyatda tarif dəyişikliyinin aparılmaması və sərnişindaşımada nağdsız ödənişlərin stimullaşdırılması üçün ölkə daxilində (şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), şəhərətrafı və o cümlədən (şəhərətrafı və qəsəbələrarası) sərnişindaşıma xidmətləri göstərən daşıyıcılara subsidiya veriləcək.

Qaydalarda göstərilir ki, sərnişinn daşıyıcılarına ödənilən subsidiyanın məbləği təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25%-i qədər hesablanır.

Ödənişin məbləği isə müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7%-i qədər; müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3%-i qədər; müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5%-i qədər olmalıdır.

Subsidiya “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 4 yanvar 2021-ci il tarixli qərarı qüvvəyə mindiyi tarixdən “İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 30 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş tariflərin qüvvədə olduğu müddəti əhatə edən dövr üzrə verilir.

Qeyd edək ki, son vaxtlar ölkədə sərnişindaşıma ilə bağlı qiymətlərdə dəyişikliyin olacağı ilə müxtəlif fikirlər səslənir. Ancaq hələ ki, bu istiqamətdə səslənən fikirlər öz təsdiqini tapmasa da dünən Nazirlər Kabineti tərəfindən sərnişindaşımaya subsidiyanın ayrılacağı ilə bağlı qərar təsdiqlənib.

Bəs yeni qərar ölkədə sərnişindaşımanın qiymətlərində hansı dəyişikliklərə gətirib çıxaracaq?

İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bununla bağlı bildirdi ki, subsidiyanın ayrılması adətən qiymətlərin bahalaşmamasına şərait yaradır:

"Bu il ərzində nəqliyyatla bağlı yanacağın, elektrik enerjisinin də qiymətlərində bahalaşma baş vermişdi. Ancaq nəqliyyatda hazırda qiymət artımına gedilməyib.

Şübhəsiz ki, infrastrukturu idarə edən qurumlar tərəfindən Tarif Şurasına qiymətlərin artırılması ilə bağlı müraciətlər daxil olur. Belə olduğu halda hökumət müdaxilə edir. Bu, subsidiyalardan istifadə etməklə tarifləri mövcud vəziyyətdə saxlamaq qərarıdır. Yəni bu qərar onunla bağlıdır ki, qiymət artımına gedilməsin. Eyni qəbildən olan, məsələn, qida məhsullarından un və taxılla bağlı da belə qərar var. Ölkəyə idxal olunan unda, istehsalçılara da müəyyən subsidiyalar verilir ki, bahalaşma baş verməsin. Bu da o qəbildən olan bir qərardır".

Qiymətlərdə ucuzlaşmaya gəldikdə isə ekspert deyir ki, bu gözlənilmir:

"İndiki vəziyyətdə bəzi hallarda bu baş verə bilər ki, onun adı artıq dotasiyadır. Hökumət əlavə vəsait ayırır ki, onun hesabına müəyyən tariflər aşağı düşür. Ancaq hazırki qərar o qəbildən olan bir qərar deyil, heç vəziyyət də o vəziyyət deyil".

Nigar Abdullayeva
Cebhe.info


Oxunma sayı: 5413