hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Seyid Əzim Şirvaninin doğum tarixindən 184 il ötür

Seyid Əzim Şirvaninin doğum tarixindən 184 il ötür

Klassik Azərbaycan şairi Seyid Əzim Şirvaninin doğum tarixindən 184 il ötür.

Cebhe.info-nun məlumatına görə, Seyid Əzim Şirvani 1835-ci ildə Şamaxıda ruhani ailəsində anadan olub. Kiçik yaşlarında atası Seyid Məhəmməd vəfat edib və o, ana babası molla Hüseynin himayəsi altında yaşayıb.

Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim Şamaxıda mədrəsədə oxuyaraq orta ruhani təhsilini tamamlayıb. 21 yaşında əvvəl Nəcəf və Bağdada (İraq), sonra isə Suriyanın Şam şəhərinə gedib. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə burada yeni üsul üzrə məktəb açıb və ömrünün axırına qədər müəllimlik edib. Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxuyublar.

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Şairin orijinal qəzəllərində həyat sevgisi, nikbin əhvali-ruhiyyə, dini etiqad xüsusi yer tutur.

Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olub. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırıb, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayıb, onu bilikli müəllim və xeyirxah bir insan kimi qiymətləndirib. Seyidin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur.

Zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr yazmış Seyid Əzim 1888-ci il iyunun 1-də Şamaxıda vəfat edib.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 452