hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Şiə dünyasında nüfuz SAVAŞI: Sistani Xamneyiyə qarşı 

Şiə dünyasında nüfuz SAVAŞI: Sistani Xamneyiyə qarşı 

Şiə müsəlmanlarının iki dini lideri arasında qarşılıqlı ittihamların getdikcə artması müşahidə olunur.

Xüsusilə də son vaxtlar İraqda yaşayan nüfuzlu şiə din xadimi Ayətullah Əli Sistani İranın ali lideri Ayətullah Seyid Əli Xamneyiyə qarşı sərt bəyanatlar səsləndirir. Oktyabr ayından başlayaraq İraqda və sonra İranda baş verən etiraz aksiyaları fonunda Ayətullah Əli Sistani İranın siyasətini və Xamneyini tənqid edən edən fətvalar verir. Bu şiə aləmində iki liderin nüfuz mübarizəsi kimi də başa düşülə bilər. Eyni zamanda Əli Sistaninin açıqlamları bu ziddiyyətin siyasi məzmun daşıdığını göstərir. 

Qeyd edək ki, ayətullah Əli Sistani küçələrdə etirazçı insanları öldürməyi batil adlandırıb.

Əli Sistani bu istiqamətdə İranın ali lideri Əli Xamneyinin ölkədə keçirilmiş etiraz mitinqləri zamanı təhlükəsizlik qüvvələrinə etirazçı xalqı öldürməklə bağlı verdiyi fətvanı da batil və haram adlandırıb.

Ayətullah Sistaninin rəsmi nümayəndəsi Əbdülmehdi Kərbəlayi cümə namazı zamanı Əli Sistaninin küçələrdə etiraza çıxmış insanların və müxaliflərin öldürülməsini haram və batil buyurduğunu, eləcə də hökumətlərin xalqın tələblərini yerinə yetirməyə mükəlləf olduğuna dediyini bəyan edib.

Lakin xalq etirazları zamanı Əli Xamneyi benzinin qiymətinin qaldırılmasına etiraz edən milyonlarla dinc sakini “xuliqan” adlandırmaqla, təhlükəsizlik qüvvələrinə onları öldürməklə bağlı göstəriş vermişdi. Hətta onun nəzarətində olan “Keyhan” qəzeti etirazçıları edamla təhdid etmiş, eləcə də etiraz edənlərin hamısının kökünü kəsəcəklərini bəyan etmişdi. İraqın Nəcəf şəhərində yaşayan ayətullah Seyyid Əli Hüseyni Sistani şiə aləmində ən nüfuzlu mərceyi-təqlid hesab edilir. Hazırda İranın Ayətullah Əli Xamneyi ilə Əli Hüseyni Sistani arasında heç bir əlaqə yoxdur. Hətta, Sistaninin müəllimi olan ayətullah Xoyi ilə İranın sabiq dini lideri Ruhullah Xomeyni arasında da yaxşı münasibət yox idi.

Xoyi Xomeynini İranda “İslam Respublikası” siyasi sistemini təsis etdiyinə görə təbrik etməmişdi. O, həmçinin İran- İraq müharibəsi barədə fikir bildirməmiş, Xomeynidən fərqli olaraq, onu “islamla küfrün müharibəsi” adlandırmamışdı. Onun xələfi, ayətullah Əli Sistani də islam adından öz siyasi məqsədləri üçün istifadə edən və xalqına zülm edən İranı, hətta inqilabın 40 illiyi münasibətilə də təbrik etməmişdi. O, İran vətəndaşlığı olmasına baxmayaraq, 40 il ərzində heç vaxt bu ölkəyə səfər etməyib.

Sistani İran rejiminin və ali dini liderin legitimliyini qəbul etdirmək üçün yaradılmış “vilayəti fəqih” nəzəriyyəsini qəbul etmir və bunu bidət, yəni dində sonradan yaradılmış qanun və ya ənənə kimi qəbul edir. Xatırladaq ki, bu yaxınlarda Əli Sistani bəyanat yayaraq iraqlıların islahatlar üçün başlatdıqları etiraz aksiyalarını milli mübarizə adlandırmış və İranın İraqın daxili işlərinə qarışmaq haqqının olmadığını bildirmişdi. 

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, İran və İraq arasında dini-ideoloji məsələlər arasında mübarizə xeyli müddətdir davam edir: “Dünya müsəlman şiələrin üç dini-ideoloji mərkəzi var. Bunlardan biri İraqın Nəcəf şəhəridir. Tarixən bütün mənbələrdə əsas mərkəz Nəcəf şəhəri sayılıb. Şiələrin birinci imamı Həzrət Əlinin məzarı Nəcəf şəhərindədir. Yəni bura müqəddəs şəhər sayılır. Hətta Məkkəyə bərabər şəhər sayılır. İkincisi, İranın Qum şəhəri, üçüncü Dəməşqdir. İran tarixən mərkəzin Qumda olmasını istəyib. İraqda Səddam Hüseynin hakimiyyəti dövründə bu münasibətlər daha da kəskinləşdi. Məsələn, İran İslam İnqilabının lideri Ruhulla Xomeyninin Nəcəfə mühacirət etməsinin də səbəbi bu şəhərin toxunulmaz statusa malik olması ilə bağlıdır. Ümumiyyətlə, mərkəz məsələsi tarixi savaşdır və bir ideoloji xarakter daşıyır. Digər tərəfdən, şiəlikdə təqlidçilik var. Dünya şiələrinin bir qismi İrandakı Ayətullahlara, müctəhidlərə, Ayıtullah-üzməlara və hətta Ayətullah Xamneyiyə təqlid edir. İrandakı şiələrin bir qismi Ayətullah Əli Sistaniyə təqlid edir. Bu təqlidçiliklə yanaşı, Xamneyi və Sistani arasında bir siyasi yanaşma tərzi də var. Ayətullah Sistani bəyanatlarında və fətvalarında “qırmızı xətt” olaraq, xarici ölkələrin İraqın daxili işlərinə qarışmasına qarşı çıxış edir. Sistani Türkiyəyə, ABŞ-a qarşı da mövqedən çıxış edirdi. İndi də həmin mövqedədir. Son bir ay da İraqda baş verən etiraz aksiyalarının əsasında dayanan başlıca amillərdən biri İranın qüvvələrinin İraqdan çıxarılmasıdır. Bu, eyni zamanda, ABŞ-ın maraqlarına cavab verir.

Ona görə də Ayətullah Sistani etiraz aksiyası iştirakçılarını dəstəkləyib. Sistani İrandakı etiraz aksiyalarına qarşı zorakılığı dini lider kimi pisləyir. Əli Sistani İranda insanların öldürülməsinə etiraz edir. İraqda da Sistaninin hökuməti tənqid etməsi nəticəsində Baş nazir Adil Əbdül Mehdi istefa verdi. Başqa bir ehtimal Ayətullah Əli Sistaninin kürd əsilli olması ilə bağlıdır. Onun şəcərəsinin bir tərəfi kürddür. Onun ərəb olması barədə deyilənlər yalandır. Son zamanlar İraqda mübarizə aparanların böyük hissəsi kürd etnik qrupunun nümayəndələridir. Ehtimal etmək olar ki, Ayətullah Sistani mənsub olduğu etnik qrupun haqlarını müdafiə edir. İranda öldürülənlərin böyük bir hissəsi kürdlərin yaşadığı Kirman əyalətində qətlə yetirilib. Maraqlıdır ki, 2006-cı ildə Təbrizdəki etiraz aksiyasında ölənlərlə bağlı İran hakimiyyətini tənqid etməmişdi. İndi isə bu hadisələri batil adlandırır. Ona görə də burada milli-etnik mənsubiyyət amilinin olduğunu istisna etmirəm. Deməli, burada siyasi motiv var. Yəni Sistani İranın daxili işləri ilə bağlı fikir söyləyir. Halbuki, “Yaşıllar hərəkatı” zamanı Hüseyn Musəvinin tərəfdarlarını müdafiə etməyib. Yaxud 2018-ci ildə baş vermiş aksiyalara Sistani belə reaksiya verməyib. Ancaq indi Kirmanda etirazçıların öldürülməsi Ayətullah Sistaninin tənqidi bəyanatına səbəb olub. Hesab edirəm ki, burada siyasi motiv var və Sistani hadisələrin İran ərazisinə transformasiya edilməsinə çalışır. O, dünya şiələrinin lideri qismində çıxış etmək niyyətinddir. Söhbət sosial tələblərlə etirazlar keçirən şiələrdən gedir. İraqda və İranda etirazlar sosial tələblərlə keçirilir. Ayətullah Sistani də aksiya iştirakçılarını dəstəkləyir. Xamneyi isə etirazlara qarşı çıxır və etirazların yatırılmasını istəyir. Yəni hər iki dini lider bu məsələlərdə fərqli mövqedən çıxış edir”.

Sədrəddin Soltan bildirdi ki, İranın siyasi, hərbi və xüsusi xidmət orqanları İraqda oturuşmuş fəaliyyət göstərir. Ona görə də İranın İraqdan və digər Yaxın Şərq ölkələrindən çıxması məsələsi gündəmə gəlib. Bütün planlar da buna yönəlib: “Bu yaxınlarda Fələstində İranyönlü və inqilabçı qüvvələr arasında qarşıdurmalar baş verdi. Yəni İran amilinin olduğu yerdə orada ona alternativ yaradılır. Yəni İranyönlülərin zəiflədilməsi, ya da ölkədən çıxarılması aparılır. İranın hakimiyyətə, dini sahədə təsir vasitələrinin zəiflədilməsi siyasəti həyata keçirilir”.
Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 6546