hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Sığorta bazarında 9 aylıq nəticə: 2020-ci ilə gözləntilər

Sığorta bazarında 9 aylıq nəticə: 2020-ci ilə gözləntilər

2019-cu il tədricən başa çatmaq üzrədir. 

Azərbaycanın sığorta bazarı ilə bağlı 9 ayı əhatə edən məlumatlara nəzər salsaq, artımların və azalmaların müşahidə olunduğu sahələri görmək olar. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 522.5 milyon manat məbləğində sığorta haqqı toplanıb, 201.7 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib. Könüllü sığorta bazarı üzrə haqlar 351.7 milyon manat, ödənişlər isə 143.4 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 170.7 milyon manat, ödənişlər isə 58.3 milyon manat olub.

Cari ilin analoji dövründə sektor üzrə məcmu sığorta haqlarının 67.3 faizi könüllü, 32.7 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 71.1 faizi könüllü, 28.9 faizi icbari sığorta növləri hesabına formalaşıb.

Qeyri-həyat sığortasının könüllü növlərində 2 faiz və ya 3.7 milyon manat, icbari növlərində isə 7 faiz və ya 9.1 milyon manat olmaqla sığorta haqlarının artımı davam edib. Könüllü növlərdən böyük artım tibbi sığorta üzrə qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz və ya 9 milyon manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 26 faiz və ya 5.3 milyon manat, su nəqliyyat vasitələrinin sığortası 29 faiz və ya 1.7 milyon manat, hava nəqliyyatı vasitələrinin sığortası 6 faiz və ya 0.6 milyon manat) artım qeydə alınıb. Müqayisə üçün bildirək ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə toplanan sığorta haqlarının həcmi 8,1 faiz azalıb, sığorta ödənişlərinin həcmi isə 7,9 faiz artıb. Maliyyə Bazarlarına Nəzarət Palatası sentyabr ayında sığorta şirkətlərinin nə qədər sığorta haqqı topladığını da elan edib. Məlumata görə, sentyabrda 11 sığorta şirkətinin yığımları 1 milyon manatdan çox olub. 5 sığorta şirkətinin yığımları 2-3 milyon manat arasında dəyişib. 11 sığorta şirkətinin yığımları isə 1 milyon manatdan aşağı olub.

Ekspertlərin qənaətincə, 2019-cu ildə sığorta bazarının kiçildiyi müşahidə edilib. Kiçilmənin yığımlarının azalması səbəbindən olduğu deyilir.

“Digər sığorta növləri üzrə artım həyatın yaşam sığortası üzrə azalmanı kompensasiya etmir”

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı “Cümhuriyət” qəzetinə sığorta bazarının 9 aylıq nəticələrini şərh edib. O qeyd edib ki, ötən illə müqayisədə bu ilin birinci rübündə bazarda azalma tendensiyası müşahidə olunub:

“Cari ilin birinci rübündə azalma təxminən 60 milyon manat civarında olub. 2018-ci ilin ilk rübündə bazardakı dinamikanı görəndə hesab edirdik ki, sektorda 1 milyard rəqəmini görəcəyik. Amma təəssüflər olsun ki, həmin artımı görmədik, əksinə bazarda müəyyən azalma oldu. Ötən ilin yanvar-sentyabr ayı ilə müqayisədə car ildə ən ciddi azalma həyatın yaşam sığortası üzrə olub. 2018-ci ilin 9 ayında həyatın yaşam sığortasında 194 milyon manatlıq bir yığım qeydə alınmışdı. Bu, kifayət qədər ciddi bir göstərici idi. 2019-cu ilin analoji dövründə həyatın yaşam sığortası üzrə 126 milyon manat yığım qeydə alınıb. Ümumilikdə 68 milyon manatlıq bir azalma olub. Ötən il həyat sığortasının ümumi yığımları 235 milyon manat olmuşdusa, 2019-cu ildə bu rəqəm 168 milyon manat olub. Burada da 67 milyon manatlıq bir azalma var. Həyatın yaşam sığortası qədər olmasa da, digər bir azalma əmlak sığortasının payına düşüb. Ötən ilin 9 ayında əmlak sığortası üzrə 110 milyon manatlıq yığım olmuşdusa, 2019-cu ilin analoji dövründə bu rəqəm 104 milyon manat olub. Burada da 6 milyon manatlıq azalma var.

Digər sığorta növləri üzrə azalma demək olar ki, yoxdur. Hətta cüzi də olsa, müəyyən artımlar nəzərə çarpır. O cümlədən icbari sığortaların hamısında müəyyən artımlar var. Könüllü sığortaların bir çoxunda, eyni zamanda kənd təsərrüfatında, avtomobillərin sığortasında da çox ciddi artım var. Amma digər sığorta növləri üzrə artım həyatın yaşam sığortası üzrə 68 milyon manatlıq azalmanı kompensasiya etmir.

2018-ci ilin 9 ayında bazarın bütün yığımları 568 milyon manat olmuşdu. Cari ilin 9 ayında 522 milyon manat olub. Ümumilikdə 46 milyon manatlıq azalma var. Amma bunun müqabilində sığorta ödənişləri artıb. Yəni keçən ilin analoji dövründə sığorta şirkətləri bütün sığorta növləri üzrə 187 milyon manatlıq ödəniş həyata keçirmişdi. Bu il bu rəqəm 15 milyon manat artaraq 201 milyona manata çatıb. Bu, əslində bazar üçün yaxşı olmayan tendensiyadır. Çünki sığorta haqları azalıb və sığorta ödənişləri artıb. Bu da onu göstərir ki, sığorta bazarının ümumi nəticələrinə ciddi təsirini göstərəcək”.

2020-ci ildə sığorta sektorunda gözləntilərə gəlincə, ekspert əmlak sığortası üzrə ciddi artımın olacağına ümid etdiyini deyib: 

“Artım əmlak sığortasının elektronlaşdırılması və ona nəzarətin artırılması sahəsində olacaq. Ümid edirəm ki, aqrar sığortanın tətbiqinə başlanılacaq. Bu sığorta növünün hesabına müəyyən artımın olması gözləniləndir. Hesab edirəm ki, 2020-ci ildə sığorta bazarında artım görəcəyik. Amma bu ilin sonuna qədər sığorta bazarındakı kiçilmə tendensiyası dəyişməyəcək. Güman ki, 2018-ci ilə nisbətən bu ilin sonunda bazarın ümumi həcmində 40 milyon manatlıq kiçilmə müşahidə edəcəyik”.

“İcbari tibbi sığorta qarşısına qoyduğu məqsədlərə çata bilməyəcək”

Xəyal Məmmədxanlı hesab edir ki, 2020-ci ildə tətbiq olunacaq icbari əmlak sığortası sığorta yığımlarında əksini tapsa da, icbari tibbi sığorta üzrə yığımlar öz əksini tapmayacaq: 

“Çünki sığorta şirkətləri icbari tibbi sığorta proqramında iştirak etmir. Buna görə də bu növ sığorta yığımlarını ümumi sığorta şirkətlərinin hesabatlarında əks etdirmək düzgün deyil. Ümumiyyətlə, icbari tibbi sığorta modelinin və mövcud icbari tibbi sığorta mexanizminin yanlış olduğunu düşünürəm və onun uğurla nəticələnəcəyinə inanmıram. Çünki həmin paketdə ciddi səhvlər buraxılıb, model və mexanizm yanlış götürülüb. Görünən odur ki, icbari tibbi sığorta qarşısına qoyduğu məqsədlərə çata bilməyəcək. Ümumiyyətlə, bu proqramda problemlər onlarladır. Dövlət xəstəxanaları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə veriləcək. Hələlik bu birliyin tərkibində yalnız dövlət tibb müəssisələri var. Bu gün dövlət xəstəxanalarındakı vəziyyət, xidmət səviyyəsi hamıya yaxşı məlumdur. İşinin peşəkarı olan bütün həkimlər özəl xəstəxanalarda çalışır.

Burada digər problemli bir məqam hər kəsin ərazi üzrə qeydiyyatda olduğu xəstəxanaya getməsidir. Məlumdur ki, bu gün Azərbaycanda əhalinin yarısı qeydiyyatda olduğu ünvan üzrə yaşamır və yaxud da işləmir. Paketdə müəyyən edilmiş qiymətlər də məqsədəuyğun deyil. Sistem düzgün qurulmayıb. Yəqin, vətəndaş adi bir diş həkiminə getmək üçün iki gün növbə gözləməli olacaq. 

Dəfələrlə bu proqramda yanlışların olduğu barədə aidiyyəti qurumlara müraciətlər etmişəm. Amma çox təəssüf ki, mənim fikirlərimi konstruktiv qəbul edə bilmədilər. Onlar hesab edirlər ki, düz yoldadırlar. Amma faktiki olaraq onlara xəbərdarlıq edirəm ki, ayrılan vəsaitin, görülən işlərin müqabilində heç olmasa, insanlar faydalanmalıdır. İcbari tibbi sığortanın iki məqsədi var: birinci, səhiyyə sisteminin alternativ maliyyələşdirilməsi; ikinci, əhalinin pulsuz tibbi xidmətlərlə təmin olunmasıdır. Mövcud mexanizm bu problemlərin heç birini həll etmir”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1508